Məhkəmə qərarları › İş №3(008)-178/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-178/2023

25.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-178/2023 25.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədova Göyçək Vahid qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxx 1966-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan –Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Bakı Nəqliyyat Publik Hüquqi Şəxsə məxsus, yol vərəqəsi əsasında idarə etdiyi BMC Procity markalı **-JO-*** dövlət qeydiyyat nişanlı M 8 saylı sərnişin avtobusu ilə xx.xx.2022-ci il tarixdə, saat 09 radələrində marşurut xətti üzrə Sabunçu rayonu, Şəhər şossisi ilə üzü şəhər istiqamətində sağ tərəfdən birinci zolaqla təxminən 30-40 km/saat sürətlə hərəkətdə olarkən “MSOİL” YDM-nin yaxınlığında qarşısında hərəkətdə olan avtomobil anidən dayandığına görə kəskin əyləcdən istifadə etməsi nəticəsində avtobusun sərnişini olan Zərərçəkmiş şəxs yüngül bədən xəsarətinin almasına səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, barəsində Sabunçu RPİ DYPŞ-nin YNH üzrə baş inspektoru polis kapitanı X2 tərəfindən AP ******* seriyalı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, Bakı Nəqliyyat Publik Hüquqi Şəxsə məxsus, yol vərəqəsi əsasında idarə etdiyi BMC Procity markalı **-JO-*** dövlət qeydiyyat nişanlı M 8 saylı sərnişin avtobusu ilə xx.xx.2022-ci il tarixdə, saat 09 radələrində marşrut xətti üzrə Sabunçu rayonu, Şəhər şossesi ilə üzü şəhər istiqamətində sağ tərəfdən birinci zolaqla təxminən 30-40 km/saat sürətlə hərəkətdə olarkən “MSOİL” YDM-nin yaxınlığında qarşısında hərəkətdə olan avtomobil anidən dayandığına görə kəskin əyləcdən istifadə edərək avtobusu saxlamışdır. Bundan sonra heç bir yol nəqliyyat hadisəsi baş vermədən hərəkətinə davam etmişdir. Hadisə zamanı avtobusda 80-90 nəfər sərnişin olmuşdur. Yol gedərkən avtobusda olan sərnişinlərdən biri avtobusu idarə etməyinə görə ünvanına nalayiq ifadələr ilə onu təhqir etmişdir. Daha sonra, avtobusu idarə edərək sonuncu dayanacağa getmişdir. Orada adını sonradan bildiyi Zərərçəkmiş şəxs avtobusdan düşüb sonuncu dayanacaqda TTYS-yə müraciət etmişdir. Müraciəti üzrə TTYS avtomaşını gələrək ona tibbi yardım göstərmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə o Maştağa qəsəbəsinə M8 saylı marşrut xəttinin **-JO-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna minmişdir. Həmin avtobus Zabrat istiqamətindən keçdikdə sürücü qəfildən əyləci basmış və avtobusda olan sərnişinlər, o cümlədən o yıxılmışdır. O, bİr neçə dəqiqə yerdə uzanıqlı vəziyyətdə qalmışdır. Ayağa qalxdıqdan sonra sağ ayağının diz nahiyəsində zədə olduğunu hiss etmişdir. Sürücü ilk tibbi yardım üçün maşını saxlamayaraq yoluna davam etmişdir. Avtobus öz yolu istiqamətində irəlilədikdə təcili yardıma zəng vurmuş və həmin avtobusun son dayanacağında təcili tibbi yardım gəlib onu Travmatologiya institutuna aparmışdır. Həmin vaxt avtobusda yıxıldığında “Samsung A52” markalı mobil telefonu da zədələnmiş və ona 950 manat maddi ziyan dəymişdir. Şəxs şikayətçidir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə rəsmi qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbər verilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndə gəlməmiş, eləcə də inzibati işə baxılmasının təxirə salınması barədə məhkəməyə vəsatət göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 62.4 və 64.3cü maddəsinə əsasən inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. İş materillarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 12 oktyabr 2022-ci il tarixli qərarın surətindən görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş, sürücü Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən inzibati tədbirlərin görülməsi üçün toplanmış material Sabunçu RPİ-nin DYPŞ-yə göndərilmişdir. Bundan başqa iş materillarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X3 2298 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ diz oynağında ağrı simptomu və qismən hərəkət məhdudluğu ilə müşayiət olunan sağ baldırın dərialtı hematoması və sağ diz oynağının yumşaq toxumalarının əzilməsi, sağ bazu və sol sağrı nahiyələrinin qançırları müəyyən edilmişdir. Xəsarət bərk-küt əşya təsirindən törənmişdir, yol-nəqliyyat hdisəsi nəticəsində törənə bilər, müddət qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə-iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materilları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-ci maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəməyə təqdim edilmiş inzibati materiallardan görünür ki, Şəxs barəsində 12 oktyabr 2022-ci il tarixdə cinayət işinin başlanması haqqında qərar qəbul edilsə də, bundan 3 ay keçdikdən sonra onun inzibati məsuliyyətə cəlb edilməsi barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi tərtib edilmiş material xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edildiyindən inzibati işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 53, 57, 28, 129-130-ci maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində qeyd edilən inzibati məsuliyyətə cəlbetmə müddəti keçdiyindən inzibati işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi və təqdim edidiyi gündən işə baxan Bakı şəhər Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar