Məhkəmə qərarları › İş №3(008)-1787/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1787/2025

29.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1787/2025 29.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X2 Rafiq oğlunun sədrliyi, X1 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Sabunçu RPİ-nin X5 Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, protokol Sabunçu RPİ-nin təhqiqatçısı Məhəmmədəli Fətəliyevin rədd materialı əsasında tərtib olunub. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 08 mart 2025-ci il tarixdə saat təxminən 10:40 radələrində idarə etdiyi “Forland” markalı ** NV *** dövlət nömrə nişanlı avtomobil ilə Sabunçu rayonu, Böyükşor-Pirşağı yolunda şəhər istimamətində üç hərəkətli yolda sağdan ikinci hərəkət zolağında hərəkətdə olduğu zaman oruc olduğu üçün vəziyyəti pisləşmiş, gözü qaralmışdır. Bu zaman yolun kənarında dayanmış “Mercedes” markalı ** ME *** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşmamaq üçün sola yönəlsə də, həmin avtomobilin sol arxa hissəsinə dəyib idarəetməni itirərək sağdan üçüncü hərəkət zolağında olan “Toyota” markalı ** YJ *** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol hissəsi ilə toqquşmuşdur. Təqsir onda olmuşdur, əməlindən peşmandır. Barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxsə və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişllər və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İXM-in 62.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxsin və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilir: xx.xx.2025-ci il tarixli raportdan görünür ki, DİN-nin 102 xidmətinə xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs2 tərəfindən baş vermiş yol-nəqliyyat hadidəsi zamanı xəsarət alan olması barədə məlumat daxil olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X4 Sabunçu Rayon Şöbəsinin canlı şəxsin ekspertizası 463 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs2 sol gicgah nahiyəsinin və sifətin sol yarısının kəsilmiş yaraları aşkar edildi. Xəsarətlər kəsici kənara malik əşya təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X4 Sabunçu Rayon Şöbəsinin canlı şəxsin ekspertizası 464 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs1 təpə və sağ dirsək oynağı nahiyələrinin əzilmiş yaraları, hər iki gözyuvasıətrafı və sol dirsək oynağı nahiyələrinin sıyrıqları aşkar edildi. Xəsarətlər bərk küt əşya təsirindən törənmişdir, yolnəqliyyat hadisəsi nəticəsində törənə bilər, müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 17 mart 2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, sürücüsü Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunnması məqsədi ilə toplanmış materialın Sabunçu RPİ-nin DYPŞ-si vasitəsi ilə Sabunçu rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinin tələbinə əsasən, yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası İXM-in 32-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilir. Şəxs əməlində 33-cü maddəsində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar