Məhkəmə qərarları › İş №3(008)-18/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-18/2024

06.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-18/2024 06.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əziz-zadə Məlikəhməd Mahir oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X1 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 00100/02736 nömrəli «inzibati tənbeh vermə haqqında» qərarından X2 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 00100/02736 nömrəli «inzibati tənbeh vermə haqqında» qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsi tərəfindən X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinə əsasən 01 dekabr 2023-cü il tarixli inzibati xəta barədə qərar qəbul edilərək, əsassız olaraq, 5521,60 manat inzibati cərimə olunmuşdur. Belə ki, inzibati xəta barədə qərar qəbul edilməzdən əvvəl, barəsində inzibati xəta icraatın başlanması barədə qərar, məlumat verilməmiş, mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş inzibati xəta barədə icraatda Sahibə Muradovanın iştirakı təmin edilməmiş, bununla bağlı hər hansı bir yazılı və ya şifahi məlumat verilməmiş, hər hansı bir bildiriş göndərilməmiş, məlumatı olmadan qanunsuz və əsassız olaraq barəsində inzibati xəta barədə icraat aparılmışdır. Bundan əlavə xx.xx.2008-ci il tarixdən hüquqi şəxs yaratmadan fiziki şəxs kimi qeydiyyata alınaraq, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Onun hazırki sahibkarlıq fəaliyyəti kənd təsərrüfatı məhsullarının idxal və ixracından ibarətdir. Hazırki qanunsuz və əsassız olaraq barəsində inzibati xəta barədə qərarın qəbul edilməsinə əsas kartofun idxalı zamanı yaranmışdır. Belə ki, xx.xx.2023-cü il tarixdə Rusiya Federasiyasında qeydiyyata alınmış “X5” MMC şirkəti ilə “ərzaqlıq kartof, toxumluq kartof, soğan” məhsullarının alqı-satqısı ilə bağlı müqavilə bağlanmışdır. Müqavilənin predmeti ərzaqlıq kartof, toxumluq kartof, soğanın tərəfindən alınması olmuşdur. Müqavilənin şərtlərindən də göründüyü kimi, o, müqavilə üzrə qarşı tərəfdən ərzaqlıq kartof və toxumluq kartof almışdır. Aldığı kartofun toxumluq yoxsa ərzaqlıq olması, “X5’’ MMC-nin məhsulları Azərbaycan Respublikasına göndərən zaman, Rusiya Federasiyasının fitosanitar sertifikatını aldıqdan sonra, onun işçilərinə verilmiş məlumat əsasında tərəfindən gömrük bəyannaməsi tərtib edilmişdir. Həmin fitosanitar sertifikat nəticəsində şikayətə qoşma şəklində əlavə edilmiş gömrük bəyannaməsi tərtib edilmişdir. Bəyannamə əsasında müvafiq gömrük rüsumları tərəfindən ödənilmişdir. Bakı şəhəri Baş Gömrük İdarəsi tərəfindən araşdırma zamanı, göndərilmiş kartofun toxumluq deyil, ərzaqlıq kartof olması müəyyən edilmişdir. Bununla əlaqədar olaraq, Bakı şəhəri Baş Gömrük İdarəsinin müvafiq əməkdaşlarının göstərişi ilə, ərzaqlıq kartofa görə ödənilməli olan gömrük rüsumları tam ödənilmişdir. Buna baxmayaraq, gömrük orqanı tərəfindən qanunsuz və əsassız olaraq, inzibati xəta barədə qərar qəbul edilmişdir. Ərzaqlıq kartof kimi ödənilməli olan gömrük rüsumları tam olaraq, ödənildiyindən, tərtib edilmiş bəyannamə müqavilə üzrə qarşı tərəfin təqdim etdiyi, fitosanitar sertifikatı nəticəsində tərtib edildiyindən, onun əməlində inzibati xəta tərkibi yaranmamışdır. Bununla əlaqədar xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsini, başlanmış icraata xitam verilməsi barədə qərar edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən X1 vəkili və nümayəndəsi Vəkil şikayətin məzmununa uyğun izahat verərək şikayətin edilməsini xahiş etdi. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsin vəkilini dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, X2 barəsində xx.xx.2023-cü il tarixli, 00100/02736 nömrəli inzibati xəta haqqında qərar ləğv edilməli və həmin inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan “X5” MMC ilə X2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 07 № saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə əsasında Sahibə Muradova “ərzaqlıq kartof, toxumluq kartof, soğan” malının alınması ilə bağlı öhdəliyi üzərinə götürmüşdür. İş materiallarında Rusiya Federasiyasının Baytarlıq və X3 Xidmətininin xx.xx.2023cü il tarixli **********70923003 nömrəli fitosanitar sertifikatında X1 “X5” MMC-dən 20450 kq toxumluq kartof tədarük etdiyi qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi İD********** saylı idxal karantin icazəsindən görünür ki, X1 “X5” MMC-dən 20450 kq 600 ədəd qablaşdırmada toxumluq kartofun idxalına icazə verilməsi qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 00100/02736 nömrəli inzibati xəta haqqında qərarından görünür ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 5521.50 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsili olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi qanunverici sadalanan hüquq normlarında yalnız İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini, şəxsin təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin mövcudluğunun isə yalnız mötəbərliyi şübhə doğurmayan sübutlar əsasında müəyyən olunmasını, şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə, onun barəsində qanuni qüvvəyə minmiş qərar olmadıqda, onun təqsirsiz sayılmasını, inzibata xəta haqqında iş üzrə icraat zamanı mövcud şübhələrin isə şəxsin xeyrinə həll edilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Məhkəmə verilmiş şikayətə baxılması ilə bağlı toplanmış sübutların məcmusuna müəyyən edilmiş hallara uyğun qiymət verərək belə qənaətə gəlir ki, qərarından şikayət verilmiş Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin məhz 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsində təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olmasını mötəbər sübutlara əsasən müəyyən etməmişdir. Belə ki, X2 tərəfindən “toxumluq kartof” sifariş verilsə də mal gələndən sonra kartofun “ərzaqlıq kartof” olması müəyyən edilmişdir. Odur ki, X2 tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların düzgün bəyan edilməməsində təqsirinin olub-olmaması ətraflı araşdırılmamışdır. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, məhkəmə iş materiallarını, işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, № 00100-03075/23 saylı qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikasının İXM-nin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Bu Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 128-130, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsi ilə təqsirli bilinərək 5521.50 (beş min beş yüz iyirmi bir manat əlli qəpik) manat məbləğində cərimə edilməsinə dair xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərar ləğv edilsin və həmin inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar