Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-1809/2025 14.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Qaralov Kənan Dünyamalı oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Bolnisi rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 14 aprel 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(008)-1501/2021 saylı icra sənədinə görə cavabdeh Şəxs xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2009-cu il tarixdə doğulmuş X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 175 manat, 350 manat sabit pul məbləğində aliment tutularaq X4 ödənilməsi qət edilmiş, lakin cavabdeh Şəxs məhkəmə qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək borcun 2 il öncəyə aid olduğunu , 23 noyabr 2022-ci il tarixdən başlayaraq 2025-ci ilin mart ayınadək ödənişlərin mütəmadi olaraq həyata keçirildiyini və son ödənişin mart ayında olduğunu bildirmişdir. Tələbkar borcu tələb etdiyindən hazırda inzibati xəta haqqında protokolla məhkəməyə müraciət etdiyini qeyd etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında göstərmişdir ki, o, 2 il əvvəl səhhəti ilə əlaqədar işləyə bilmədiyindən borcunu ödəyə bilməmişdir. Digər 23 noyabr 2022-ci il tarixdən isə davamlı olaraq aylıq ödənişlərini vaxtında icra edir. Maddi vəziyyəti aşağı olduğu üçün əvvəlki borc məbləğindən ödəniş edə bilmir. Amma davamlı olaraq uşaqlarına xərclik verir. Həmin ödənişlərin qəbzini icra məmuruna təqdim etməmişdir. Hal-hazırda işləmədiyi üçün son ayın ödənişini etməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(008)- 1501/2021 saylı icra sənədinə görə cavabdeh Şəxs xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2009-cu il tarixdə doğulmuş X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 350 manat sabit pul məbləğində aliment tutularaq X4 ödənilməsi qət edilmişdir. "İcraata başlama haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Sabunçu Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(008)-1501/2021-013 saylı icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və tələbin könüllü icrası haqqında bildiriş Şəxs ünvanına gönədərilmişdir. Şəxs tərəfindən verilmiş 17 fevral 2025-ci il tarixli izahatdan görünür ki, o, həmin izahatında icra sənədindən xəbərdar olduğunu, səhhəti ilə əlaqədar icra edə bilmədiyini, 8400 manat borcu isə hissə-hissə ödəyəcəyini bildirmişdir. 17 fevral 2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, Şəxs icra sənədi üzrə öhdəliyini yerinə yetirmədiyi halda qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacağı barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1- ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin məsuliyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1- ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1- ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan Şəxs və icra məmurunun izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərlə Şəxs işləməməsi, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş pul məbləğini 23 noyabr 2022-ci il tarixdən mart 2025-ci il tarixədək davamlı olaraq ödəməsi, borc məbləğinin 2 il öncəyə aid olması öz təsdiqini tapmışdır. Göründüyü kimi, Şəxs icra vərəqəsi üzrə müəyyən edilmiş aliment məbləğinin ödənilməsindən qərəzli olaraq yayınmamış, son ayda xəstəliyi ilə əlaqədar işləyə bilməsə də, icra vərəqəsi üzrə müəyyən edilmiş aliment məbləğindən zərərçəkmiş X4 mütəmadi olaraq ödənişlər etmiş və bu hal həm zərərçəkmiş Şəxs, həm də icra məmuru tərəfindən məhkəmə iclasında təsdiq olunmuşdur. Belə olan halda Şəxs üzrsüz səbəbdən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsindən söhbət gedə bilməz. "İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, Şəxs icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə Şəxs icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda Şəxs həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan Şəxs izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzrsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamış, əksinə onun aliment məbləğindən mütəmadi olaraq maddi imkanın yol verdiyi həddə ödənişlər etməsi öz təsdiqini tapmışdır. Bununla yanaşı, məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs işləmədiyi halda aliment ödənişləri etməsi, o cümlədən bu faktın zərərçəkmiş şəxs tərəfindən təsdiq edilməsi və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xəta tərkibi olmadığından AR İXMnin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətinə işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim Günel Məmmədova
Məhkəmə qərarları › İş №3(008)-1809/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-1809/2025
14.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver