Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1827/2024 06.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızıının sədrliyi, Aytən Eldar qızı Səfərovanın katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, 29 avqust 1978-ci il tarixdə Dəvəçi rayonunda doğulmuş, Azərbaycab Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 06 mart 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, e-2(008)-3861/2023 saylı icra vərəqəsinə əsasən X5 və Şəxs 6128 manat məbləğində pul və 82 manat məbləğində dövlət rüsumunun müştərək qaydada tutularaq X3 verilməsi qət edilmiş, lakin cavabdeh Şəxs məhkəmə qətnaməsinin icrasını üzürlü səbəblər olmadan təmin etməmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X4 izahatında bildirmişdir ki, hazırki icra işi başqa icra məmurunun icraatındadır, sadəcə bu gün o, işdə olmadığından protokolu özü tərtib etmişdir. Onun inzibati xəta haqqında protokol tərtib etməsinə səbəb Şəxs axtarışla gəlməsidir. O, qəbul edir ki, icraatında hazırki icra işi olan icra məmuru hələ zəruri tədbirləri görməmiş, Şəxs işləməsinə baxmayaraq onun əmək haqqında tutulmaları yönəltməmişdir. Bu səbəbdən qanunamüvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, o, məhkəmə qətnaməsinin icrasından yayınmır. Sadəcə hazırda əri əməliyyat olunduğundan və işləmədiyindən ailədə yeganə qazanc gətirən şəxs özü olduğundan və onun əmək haqqı aşağı olduğundan zəruri həyati tələbatlarını ödəyə bilmələrini təmin edə bilməsi üçün zərərçəkmiş şəxsə ödəniş etməmişdir. Gələn aydan əmək haqqı aldıqdan sonra ödənişləri ödəməyə başlayacağına söz verir. Xahiş edir ki, göstərilən hallar nəzərə alınsın. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X6 izahatında bildirmişdir ki, o, borcun ödənilməsini tələb edir və Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, e-2(008)- 3861/2023 saylı icra vərəqəsindən görünür ki, X5 və Şəxs 6128 manat məbləğində pul və 82 manat məbləğində dövlət rüsumunun müştərək qaydada tutularaq X3 verilməsi qət edilmişdir. “İcraata başlama haqqında” 06 noyabr 2023-cü il tarixli qərarın surətindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, e-2(008)-3861/2023 saylı icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmışdır. Şəxs iş materiallarında olan 13 fevral 2024-cü il tarixli izahatından görünür ki, o, həmin izahatında həyat yoldaşının xəstə olduğunu, ailədə yeganə işləyən şəxsin özü olduğunu, maddi imkanı yol vermədiyindən indiyədək ödəniş edə bilmədiyini bildirmişdir. Portaldan çıxarışdan görünür ki, Şəxs "xxxx" MMC-də satıcı-nəzarətçi kimi işləyir və onun aylıq əmək haqqı 386,59 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin və icra məmurunun izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərlə və portaldan çıxarışla müəyyən edilmişdir ki, Şəxs rəsmi qaydada işləyərək aylıq əmək haqqı alır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 63.1.3-cü maddəsinə əsasən tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə yol verilir. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Hazırki işin hallarından görünən odur ki, icra məmuru icra sənədinin icrası istiqamətində zəruri tədbirlər görməmiş, bu günədək cəmi bir dəfə şəxsi icra şöbəsinə dəvət edərək izahatını almaqla kifayətlənmiş, barəsində inzibati qaydada icraat aparılan şəxsin işləməsinə və adına hər hansı əmlakın olmamasına baxmayaraq tələbin icrası üçün əmək haqqında tutulmaların yönəldilməsi istiqamətində heç bir addım atmamış, şəxsin icra şöbəsinə rəsmi qaydada çağırılmasını təsdiq edən heç bir sənəd olmadığı halda formal əsaslarla şəxs barəsində axtarış elan edilməsinə dair qərar qəbul etmiş, şəxs gəldikdə isə digər icra məmuru tələm-tələsik olaraq inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə müraciət etmişdir ki, bu da icra məmurunun məhkəmə aktlarının icrasının təmin edilməsi üçün bütün imkanlar tükənmədən inzibati xəta haqqında protokol tərtib etməsinə dəlalət edir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzürsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamış, onun maddi vəziyyəti ilə əlaqədar icraata başlama haqqında qərarın qəbul edilməsindən ötən qısa müddət ərzində borcu ödəyə bilməməsi, lakin borcu ödəməkdən yayınmaması müəyyən edilmişdir ki, belə olan halda icra məmurunun öz üzərinə düşən vəzifələri icra etmədən “qısa yolla” hərəkət edərək birbaşa inzibati xəta haqqında protokolla məhkəməyə müraciət etməsi şəxsin AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsi üçün əsas ola bilməz. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs yuxarıda göstərilənlərə əsasən icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan və icra məmuru hələ icra vərəqəsinin icrası istiqamətində zəruri tədbirlər görmədiyindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından həmin maddə ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-1827/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1827/2024
06.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver