Məhkəmə qərarları › İş №3(008)-1833/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1833/2025

15.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1833/2025 15.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, Qərardan şikayət verən şəxs X2 iştirakı ilə, Bakı şəhər BPİ DYPİ-nin polis polkovniki X9 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: X5 Bakı şəhər BPİ DYPİ-nin polis polkovniki X9 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında əyləşdiyi məclisdə içki qəbul etdiyindən özünə məxsus olan “Kia Cadenza minik” markalı, “**-HK-***” dövlət qeydiyyat nömrəli avtomobilini idarə etməsi üçün “Bolt” tətbiqi vasitəsi ilə ayıq sürücü xidmətindən sürücü sifariş etmişdir. Ayıq sürücü avomobilinə əyləşmiş və onu idarə edərək Baksolda yerləşən Titanik restoranından yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, 2-ci döngədə yerləşən evinə gətirmişdir. Saat təxminən 23:50-də qapıda ayıq sürücü düşüb getdikdən sonra DYPİ avtomobili yaxınlaşmışdır. Bu anda ayıq sürücü də geri qayıtmışdır. Birgə söhbət zamanı DYPİ əməkdaşı onun avtomobili içkili vəziyyətdə idarə etdiyini söyləmişdir. O isə ona etiraz edərək yalan danışdığını, avtomibili ayıq sürücünün idarə etdiyini, bunun küçədə olan kameralarla təsdiq olunduğunu bildirmişdir. Buna baxmayaraq DYPİ əməkdaşı onu təkidlə sərxoşluq vəziyyətinin yoxlanılması üçün tibbi müayinəyə getməyi, avtomobilini isə qapıdan aparıb cərimə meydançasına yerləşdirilməsini tələb etmişdir. Yol boyunca o, DYPİ əməkdaşına izah etməyə çalışmışdır ki, ayıq sürücü onun avtomobilini qapıda saxlayıb getdikdən bir müddət sonra yaxınlaşmışdır və onu avtomobili idarə edərkən aşkar etməmişdir. Bu səbəbdən o, tibbi müayinədən keçməməlidir. Birlikdə onlar həkimin yanına getmişlər və orada müayinədən keçməkdən imtina etmişdir və səbəb olaraq onu göstərmişdir ki, o, avtomobil idarə etmədiyindən tibbi müayinədən keçmək kimi bir vəzifəsi yoxdur. Sonradan isə SMS radar vasitəsi ilə öyrənmişdir ki, barəsində Azərbaycan Respublikası İXM-nin 343.1 -ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin maddə ilə qərar qəbul olunmuşdur. Həmin qərardan Sabunçu Rayon Məhkəməsinə şikayət vermişdir. Sabunçu Rayon Məhkəməsinin qərarı ilə şikayəti qismən təmin edilərək Bakı şəhər DYPİ-nin “TP 6875369” nömrəli, 21.11,2024-cü il tarixli “inzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi və təkrar araşdırmaya göndərilməsi qərara alınmışdır. O, araşdırma aparılması üçün DYPİ- yə yaxınlaşdıqda ona hazırkı qərar çap edilib verilmiş və ona biz burada qərar verdik, get ver məhkəməyə deyərək, qapını üzünə bağlamışlar. Hesab edir ki, DYP-nin bu hərəkəti həm vətəndaş olaraq ona, həm də qərarı yenidən araşdırmaya göndərən məhkəməyə çox böyük hörmətsizlikdir və qanunazidd hərəkətdir. Ona görə də barəsində Bakı şəhər BPİ DYPİ tərəfindən xx.xx.2025-ci il tarixdə qəbul edilmiş TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X5 şikayətin məzmununa uyğun izahata verərək şikayətin təmin edilməsini və barəsində Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə ayıq sürücü xidmətinə daxil olmuş sifariş əsasında X1 uyğun olaraq “Titanik” Hotel ünvanından (Baksoldan) Ramana qəsəbəsində (Şuşa şəhərciyi) yerləşən ünvana aparmışdır. Maşını ünvanın qarşısında saxlayıb sahibinə təhvil vermiş, ödənişi qəbul edib, daha sonra çıxıb getmişdir. Oradan çıxıb gedən zaman polis maşınının dalana girdiyini görmüş və geri qayıtmışdır. Polis əməkdaşları X4 arxa stop işığının yanmamasını bildirmişdir. O, polisə həmin avtomobili ayıq sürücü olaraq idarə edib gətirdiyini bildirmişdir. Polis isə içki ilə bağlı deyil, arxa stop işığının yanmaması ilə bağlı gəldiklərini bildirmişdir. Daha sonra isə, o, oradan çıxıb getmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhər Baş Polis İdarəsinin X13 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhər BPİ-nin DYPİ-nin polis polkovniki X9 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarda qeyd edilmişdir ki, X5 xx.xx.2024-cü il tarixdə saat 00:00 radələrində ünvan 2 ünvanında “KİA CADENZA” minik markalı, 77HK747 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə İXM-nin 343.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 400 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmənin sorğusu əsasında məhkəməyə təqdim olunmuş məlumatdan görünür ki, xx.xx.2024-cü il tarixində Rafiq adlı vəətndaş saat 23:06-da +994 55 *** ** ** nömrəsi vasitəsilə *5959 qısa nömrəsinə zəng vasitəsilə müraciət edərək Titanik Hotel (Baksol) ünvanından Şuşa Şəhərciyi (Ramana) ünvanına ayıq sürücü sifarişi etmişdir. Zəng operator tərəfindən qəbul edilərək 23:06-da sifariş yaradılmış, sistem üzərindən sürücü axtarışı davam etmişdir. Müvafiq sistem axtraşına əsasən həmin vətəndaşa -533 tabel sürücü X7 (+ 994 55 688 70 00) təyin edilmişdir. Sürücü saat 23:06-da sifarişi sistem üzərindən qəbul etmiş, 23:15-də müştəri olduğu ünvana çatmış. 23:19-da isə həmin ünvandan hərəkətə başlamış və vətəndaşı təyinatı üzrə saat 23:48-də gedəcəyi ünvana çatdırmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 343.1-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Qanunvericiliyin qeyd edilən normalarından da görünür ki, .şəxs o halda İXM-nin 343.1-ci maddəsi ilə məsuliyyətə cəlb oluna bilər ki, şəxs tərəfindən İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi, yəni nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi halı müəyyən edilmiş olsun. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, X5 xx.xx.2024-cü il tarixdə saat 23:06-da ayıq sürücü xidmətindən istifadə edərək “Titanik Hotel” (Baksol) ünvanından Şuşa Şəhərciyi (Ramana) ünvanına ayıq sürücü sifarişi vermiş, sifariş icra olunaraq şəxs ünvana çatdırılmış, daha sonra isə polis əməkdaşları tərəfindən nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən şəxsin tibbi müayinə keçməkdən imtina etməsi ilə bağlı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X5 tərəfindən təqdim edilmiş videogörüntülərdən də görünür ki, X2 nəqliyyat vasitəsi dalana daxil olduqdan bir qədər sonra yol polisi maşını onun arxasınca gedir və evinin qarşısında saxlayır, orada Abdullayev Rafiqlə və onun yanında olan digər iki şəxslə nəsə danışır. Məhkəmə tərəfindən şəxsin nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilməmişdir. İnzibati xəta haqqında protokol tərtib edən orqan isə bunun əksini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Qanunvericiliyin tələbinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bundan başqa məhkəmə qeyd edir ki, nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş olubolmaması xüsusi texniki vasitələrin köməyi ilə və ya tibbi müayinəni həyata keçiriən dövlət tibb müəssisəsi tərəfindən müəyyən olunur. Sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış şəxsin tibbi müayinədən imtina etməsi ona görə inzibati məsuliyyətə səbəb olur ki, nəqliyyat vasitəsini məhz sərxoş vəziyyətdə idarə edən şəxslərin məsuliyyətdən yayınmasının qarşısı alınmış olsun. Belə ki, nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən şəxs tibbi müayinədən imtina edərək bu yolla sərxoş olması halının müəyyən edilməsinin mümkün olmayacağını və məsuliyyətdən kənarda qalacağını düşünür. Ona görə də qanunvericilikdə bununla bağlı inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Lakin şəxs sərxoş vəziyyətdə avtomobil idarə etmədiyindən onun müayinədən imtina etməsinin belə bir niyyətə bağlılığı da istisna olunur. Belə olan halda şəxsin müayinədən imtina etməsi inzibati məsuliyyətə səbəb ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında.Həmin Məcəllənin 135.1.5-1-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması əsasdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X5 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Bakı şəhər BPİ-nin DYPİ-nin polis polkovniki X9 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhər BPİ DYPİ-nin polis polkovniki X9 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar