Məhkəmə qərarları › İş №3(008)-1866/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1866/2024

27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1866/2024 27.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X5 İmanovanın sədrliyi, Aytən Eldar qızı Səfərovanın katibliyi ilə, X2 Azərbaycan Respublikası DİN Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş 05 fevral 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş 05 fevral 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun törədilməsi ona istinad olunan inzibati xətanın törədilməsində heç bir təqsiri yoxdur. Bununla yanaşı, inzibati xəta haqqında protokolla razı olmadığı halda onun barəsində ona məlumat verilmədən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati xəta haqqında protokol üzrə inzibati araşdırma aparılmadan formal olaraq barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Barəsində qəbul edilmiş qanunsuz və əsassızdır. 19 mart 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında şikayət vermiş şəxs X3 özünü AR İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilməmiş, tərəfindən verilmiş şikayətin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, hadisə günü dostunun vəziyyətinin ağır olması xəbərini eşitdiyindən tələsərək onun yanına gedərkən polis əməkdaşı tərəfindən əsassız saxlanılmışdır. O, özü Sabunçu tibb mərkəzində həkim işləyir və şöbə müdiridir. Polis əməkdaşı onu saxlayan zaman polis əməkdaşına dostunun vəziyyətinin ağır olduğunu, özünün həkim işlədiyini və dostunun yanına tələsdiyini bildirmiş, polis əməkdaşı isə onun sözlərinə məhəl qoymadan onunla 30-40 dəqiqə ərzində əsassız mübahisə etmişdir. Bu səbəbdən o, dostunun yanına vaxtında çata bilməmiş və dostu vəfat etmişdir. Bundan sonra keçirdiyi stress səbəbindən özünün də səhhətində problemlər yaranmışdır. Hesab edir ki, o, yol-hərəkəti qaydalarını pozmamış və əsassız olaraq barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında verilmiş suala cavab olaraq X3 hadisənin qeydə alındığı yerdə soldan gələn avtomobillərin hərəkət üstünlüyünə malik olduqlarını, avtobusa yol verdiyini, Hyudai markalı avtomobilin uzaqda olduğunu və bu səbəbdən də onu gözləmədən dairəyə daxil olduğunu, bununla yanaşı, həkim kimi xəstəyə yardım etmək üçün tələsdiyindən həmin avtomobilə yol vermədən yoluna davam etdiyini bildirmişdir. Ötən məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Bakı şəhər BPİ-nin X7 İdarəsinə bilavasitə tabe olan Yol-patrul xidməti alayı yol patrul xidməti inspektoru X1 bildirmişdir ki, verilmiş şikayət əsassızdır. Belə ki, X3 tərəfindən AR İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tərəfindən məhkəməyə təqdim edilmiş videogörüntülərlə öz təsdiqini tapmışdır. O, yol hərəkəti qaydasının pozuntusu baş verdiyindən vətəndaşı saxlamış, ona pozuntunun mahiyyəti barədə məlumat vermiş, lakin vətəndaş əsassız yerə səs-küy yaradaraq onunla mübahisə etməyə başlamışdır. Bundan sonra vətəndaş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol X3 tərəfindən imzalanmış və vətəndaş protokola öz qeydini əlavə etmişdir. Hesab edir ki, şəxs tərəfindən törədilmiş inzibati xəta sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, məhkəməyə təqdim edilmiş videogörüntünü tədqiq edib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməməli, X3 barəsində AR İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş 05 fevral 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati tənheh vermə haqqında 05 fevral 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 24 yanvar 2024-cü il tarixdə, saat 19:08 radələrində Bakı şəhəri, Murad Abdullayev küçəsi, döngə 1 ərazisində idarə etdiyi “Lexus LX 470” minik markalı, ** SB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozaraq AR İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Bakı şəhər BPİ-nin X7 İdarəsinə bilavasitə tabe olan Yolpatrul xidməti alayı yol patrul xidməti inspektoru tərəfindən təqdim edilmiş videogörüntüdən görünür ki, “Lexus LX 470” minik markalı, ** SB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü yolayırıcına çatarkən avtomobili saxlayaraq soldan gələn və hərəkət üstünlüyünə malik olan avtobusa yol vermiş, daha sonra avtobusun arxası ilə gələn və yenə də hərəkət üstünlüyünə malik olan ağ rəngli avtomobilə yol vermədən yolayırıcını keçmiş və bu zaman soldan gələn ağ rəngli avtomobil təhlükənin qarşısını almaq üçün tormozdan istifadə edərək avtomobilin sürətini azaltmaq məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati Xəatalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə səksən manat məbləğində cərimə edilir Məhkəmə təqdim edilmiş videodiskdə olan görüntünü tədqiq edərək “Lexus LX 470” minik markalı, ** SB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 AR İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinin məhkəməyə təqdim edilmiş videogörüntü ilə müəyyən edildiyini nəzərə alaraq onun əməlində həmin maddənin tərkibinin olması qənaətinə gəlir. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs yol-hərəkəti qaydasını pozmadığını, soldan gələn və hərəkət üstünlüyünə malik nəqliyyat vasitəsinə yol verdikdən sonra dairəyə daxil olduğunu bildirsə də, məhkəmə iclasında tədqiq edilmiş videogörüntüdən görünür ki, “Lexus LX 470” minik markalı, ** SB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü yolayırıcına çatarkən avtomobili saxlayaraq soldan gələn və hərəkət üstünlüyünə malik olan avtobusa yol vermiş, daha sonra avtobusun arxası ilə hərəkət edən və yenə də hərəkət üstünlüyünə malik olan ağ rəngli avtomobilə yol vermədən dairəyə daxil olmuş və bu zaman soldan gələn ağ rəngli avtomobil təhlükənin qarşısını almaq üçün tormozdan istifadə edərək avtomobilin sürətini azaltmaq məcburiyyətində qalmışdır. Məhkəmə iclasında qeyd olunan videogörüntü tədqiq edildikdən sonra X3 24 yanvar 2024-cü il tarixdə dostunun vəziyyətinin ağır olduğunu və həkim olaraq ona yardım etmək üçün tələsdiyindən soldan gələrək hərəkət üstünlüyünə malik ağ rəngli minik avtomobilinə yol vermədiyini bildirsə də, onun həmin dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə təchiz edilmiş təcili tibbi yardım avtomobili ilə deyil, öz şəxsi avtomobili ilə ona yaxın şəxsin yardımına gedən şəxsin həkim olması onun tərəfindən yol hərəkəti qaydalarının pozulararaq yolda təhlükəli vəziyyət yaratmaqla həm özünün, həm də başqa şəxslərin həyat və sağlamlığını təhlükə altına almasına rəvac verməməklə onun tərəfindən törədilmiş qanun pozuntusuna haqq qazandıra bilməz. Barəsində inzibati qaydada icraat aparılan şəxs məhkəmə iclasında soldan gələn avtobusa yol verməsinə, ondan sonra gələn ağ rəngli minik avtomobilinin uzaqda olması səbəbindən onu gözləmədiyinə və yolda təhlükəli vəziyyət yaratmadığına istinad etsə də, məhkəmə iclasında tədqiq edilmiş videogörüntüdən avtobusdan sonra bir neçə saniyə fərqi ilə ağ rəngli minik avtomobilinin gəlməsi, həmin avtomobilin hərəkət üstünlüyünə malik olmasına baxmayaraq “Lexus LX 470” minik markalı, ** SB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 ona yol vermədən dairəyə daxil olması nəticəsində yolda təhlükəli vəziyyətin yaranması və həmin təhlükənin qarşısının alınması üçün ağ rəngli həmin minik avtomobilinin sürücüsünün tormozdan istifadə edərək sürətini azaltması açıqaşkar görünməkdədir ki, bu da barəsində inzibati qaydada icraat aparılan şəxsin irəli sürdüyü dəlillərin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib edilməsinə dəlalət edir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, X2 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş 05 fevral 2024-cü il tarixli, TP ******* nömrəli qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X2 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş 05 fevral 2024-cü il tarixli, TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar