Məhkəmə qərarları › İş №3(008)-1908/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1908/2023

17.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1908/2023 17.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlu, məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, inzibati protokolu tərtib etmiş şəxs Rasim Hümmətovun, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx xxxx 1995-ci il tarixdə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsi, döngə 3, ev 12/4də qeydiyyatda olan və yaşayan-Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Vət. Şəxs xx.xx.2023-cü il tarixdə şöbənin ərazisində ictimai yerdə bir nəfər şəxslə mübahisə edərək xuliqanlıq etmişdir. Eyni zamanda o narkotik vasitələrin qəbulunda şübhəli bilindiyi üçün xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində müayinə zamanı narkotik vasitədən THC (+) istifadə etdiyi müəyyən edilmişdir. Bu barədə Bakı şəhər, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin sahə inspektoru Rasim Hümmətov tərəfindən MN № ******* saylı və MN № ******* saylı, 17 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Rasim Hümmətov göstərmişdir ki, Şəxs 16 aprel 2023-cü il tarixdə şöbənin ərazisində ictimai yerdə bir nəfər şəxslə mübahisə edərək xuliqanlıq etmişdir. Eyni zamanda o narkotik vasitələrin qəbulunda şübhəli bilindiyi üçün 17 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində müayinə aparılmış, müayinə zamanı narkotik vasitədən istifadə etdiyi müəyyən edilmişdir. Bu səbəbdən də, Şəxs barəsində tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510cu və 206-cı maddələrinə əsasən inzibati xəta haqqında protokollar tərtib edilmiş və onun həmin maddələrlə inzibati məsuliyyətə cəlb olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, barəsində tərtib edilmiş protokollarla razı deyil. Narkotik vasitədən istifadə etmir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. İnzibati xəta haqqında materiala əlavə edilmiş 2246 nömrəli, 17 aprel 2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsi Ambulator X1 rəyindən görünür ki, Şəxs narkotik vasitədən THC (+) istifadə etdiyi müəyyən edilmiş, narkomaniyadan məcburi mülicəyə ehtiyacı yoxdur. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsin və barəsində inzibati protokol tərtib edilmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu və 206-cı maddələrinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Şəxs özünü təqsirli bilməməsi barədə məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır və məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdür. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə- üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə hesab edir ki, Şəxs törətmiş olduğu inzibati xətaların içərisində daha ciddisi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsidir. Bu səbəbdən də Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə 03 (üç) ay müddətinədək müəyyən olunur və tətbiq edilir. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə olan digər halları nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sankisiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə, İXM-nin 206-cı maddəsinə əsasən 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar