Məhkəmə qərarları › İş №3(008)-1911/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1911/2024

12.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1911/2024 12.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Səfərova Aytən Eldar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, 03 avqust 1978-ci il tarixdə Cəlaloğlu ərazisində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Bakı şəhəri, Sabunçu rayonu, Vişyovka-2 bağ sahəsi, 212 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 12 mart 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2(011)-5119/2022 saylı icra vərəqəsinə əsasən Şəxs ödəniş gününə olan məzənnə ilə 424.854 ABŞ dollar pul vəsaitinin və 1012 manat dövlət rüsumunun tutularaq qarşılıqlı idda üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh Zərərçəkmiş şəxs ödənilməsi qət edilmiş, lakin borclu üzürlü səbəb olmadan icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin böyük icra məmuru X4 məhkəmə iclasında inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq icra məmuru Şəxs adına daşınmaz əmlakın olmadığını, Baş Dövlət Yol Polisi İdarəsinə sorğu verildiyini, lakin verilmiş cavaba əsasən onun adına avtomobilin də olmadığının müəyyən edildiyini, əmək haqqı aldığını və tələbin onun əmək haqqının 50% hissəsinə yönəldildiyini, lakin tələbkarın əmək haqqından tutulan məbləğlə razılaşmadığını bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, məhkəmə qətnaməsinin icrasından yayınmır. Hazırda maddi imkanı borcu tam ödəməyə imkan vermir. O, əmək haqqının hamısına tutma yönəldilməsinə də razıdır. Hazırda başqa əmlakı və qazanc yeri yoxdur. Lakin qısa zamanda borcu ödəmək üçün əlindən gələni etməyə çalışacaq. Xahiş edir ki, göstərilən hallar nəzərə alınsın. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, o, borcun tam və ya ayda 100.000 olmaqla ödənilməsini tələb edir. Hazırda barəsində inzibati qaydada icraat aparılan şəxsin əmək haqqından tutulan məbləğ olduqca aşağı məbləğdir. Bu səbəbdən o, həmin məbləğlə razılaşmır. Bu səbəbədən də şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2(011)- 5119/2022 saylı icra vərəqəsindən görünür ki, Şəxs ödəniş gününə olan məzənnə ilə 424.854 ABŞ dollar pul vəsaitinin və 1012 manat dövlət rüsumunun tutularaq qarşılıqlı idda üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. “İcraata başlama haqqında” 28 noyabr 2023-cü il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2(011)-5119/2022 saylı icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış, borcluya tələbin könüllü icrası barədə bildiriş borclu tərəfindən 11 dekabr 2023-cü il tarixdə qəbul edilmişdir. Şəxs icra şöbəsində verdiyi izahatından görünür ki, o, izahatında himayəsində xəstə valideynlərinin, iki yetkinlik yaşına çatmayan övladının olduğunu, borcu tam ödəməyə maddi imkanının olmadığını bildirmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 fevral 2024-cü il tarixli, 8(008)- 142/2024 saylı qərarından görünür ki, borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Portaldan çıxarışdan görünür ki, Şəxs himayəsində 15 sentyabr 2006-cı il təvəllüdlü (X2) və 07 yanvar 2008-ci il təvəllüdlü (X3) uşaqları var. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında tədqiq edilmiş materiallar, icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları ilə sübuta yetirilmişdir ki, Şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini üzürsüz səbəbdən qanunla müəyyən edilmiş qaydada yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs Mənzil-Kommunal Təsərrüfat Birliyində fəhlə işləyir, onun əmək haqqı 365 manat təşkil edir və əmək haqqının 50% hissəsi məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcun ödənilməsi üçün Zərərçəkmiş şəxs xeyrinə tutulur. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs əmək haqqından tutulmaların aparıldığını, hətta əmək haqqının tam tutulmasına da etiraz etmədiyini, lakin bundan artıq məbləğdə ödəniş edə bilməyəcəyini bildirmişdir ki, məhkəmə barəsində inzibati qaydada icraat aparılan şəxsin həmin arqumentini əsassız hesab edərək sağlam və əlavə işdə işləməsinə mane olmayan hər hansı xəstəliyi olmayan şəxsin az məbləğdə əmək haqqı almasına istinad etməsini onun tərəfindən məhkəmə qətnaməsinin icra edilməməsinin üzürlü səbəbi kimi qiymətləndirilmədiyini nəzərə alır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Şəxs zərərçəkmiş şəxsə ödəməli olduğu məbləğ kifayət qədər yüksək məbləğ olmaqla (424.854 ABŞ dollar pul vəsaiti və 1012 manat dövlət rüsumu) həmin borcun ayda 180 manat olmaqla ödənilməsi məhkəmə qətnaməsinin icrasının təmin edilməsi kimi dəyərləndirilə bilməz. Bununla yanaşı, məhkəmə onu da nəzərə alır ki, Dövlət adından çıxarılmış məhkəmə aktı ilə müəyyən edilmiş məbləğin hissə-hissə ödənilməsi borclunun şəxsi mülahizələri ilə deyil, müvafiq məhkəmə qərardadı ilə müəyyən edilməli olan haldır ki, hazırki halda belə bir məhkəmə qərardadı iş materiallarına əlavə edilməmiş, barəsində inzibati qaydada icraat aparılan şəxsin isə bununla bağlı hər hansı addım atması (məhkəmə hissə-hissə icra ilə bağlı müraciət etməsi) müəyyən edilməmişdir. Bununla da, Şəxs borc məbləğinin icra sənədində göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Avropa İnsan hüquqları konvensiyasının 4 saylı protokolunun 1-ci maddəsində göstərilmişdir ki, heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Məhkəmə şəxs barəsində tətbiq olunacaq inzibati tənbeh tədbirinin növünü müəyyən edərkən icra sənədinin hələ 04 aydır ki, icraya yönəldildiyini, barəsində inzibati qaydada icraat aparılan şəxsin tələbin könüllü icrası barədə bildirişi aldığı vaxtdan 03 ay müddət keçməsini və həmin müddətdə kifayət qədər yüksək məbləğdə olan borcun tam ödənilməməsi səbəbindən şəxsin azadlıqdan məhrum edilərək barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsinin humanizm prinsipi və Avropa İnsan hüquqları konvensiyasının 4 saylı protokolunun 1-ci maddəsinin tələbləri ilə də uzlaşmadığını, barəsində inzibati qaydada icraat aparılan şəxsin əməlini etiraf edərək səmimi peşman olmasını, onun himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını, şəxsin azadlığı məhdudlaşdırılmadan (belə ki, şəxsin həbs olunması onun işləməsinə də mane olmaqla borcun ödənilməsinin təmin edilməsinə səmərəsi olmamaqla əksinə şəxsin əmək haqqından aparılan tutulmalarla bağlı problem yaranması ilə nətiəclənə bilər) borcu ödəməsi üçün ona şans verilməsinin məqsədəmüvafiq olduğunu nəzərə alır. Beləliklə, məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, özünün şəxsiyyətini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan övladlarının olmasını, məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə inzibati tənbehin AR İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə nail olunması mümkündür. Odur ki, Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar