Məhkəmə qərarları › İş №3(008)-1922/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-1922/2025

18.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-1922/2025 18.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Məmmədli Samirə Məhəmməd qızının sədrliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.1, 333-1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: Sabunçu Rayon Polis İdarəsinin DYPŞ tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.1, 333-1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edirəm ki, inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğun tərtib olunmadığından və təqdim olunan materiallar natamam olduğuna görə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 100-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Azərbaycan Respublikası İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Qanunvericiliyin tələbinə əsasən inzibati xətaya onun törədildiyi yer üzrə məhkəmə tərəfindən baxılır. İnzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer göstərilməmişdir. Bu isə inzibati xətaya hansı məhkəmədə baxılmalı olmasını müəyyənləşdirməyə imkan vermir. Bundan başqa inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti qeyd edilməmişdir. Yalnız İXM-nin müvafiq maddələri qeyd edilmişdir. İnzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı alınmamış, onun hüquq və vəzifələri izah edilməmişdir. Bundan başqa inzibati xəta haqqında protokola əlavə edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında aktda vətəndaşın müayinə üçün sidik analizi vermədiyi qeyd edilməsinə baxmayaraq qeyri-müəyyən etiologiyada sərxoşluq olmasına dair nəticəyə gəlinmişdir. Halbuki, "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə AR NK-nin 27 iyun 2024cü il tarixli qərarının 3.3-cü bəndinə əsasən narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. Qaydalardan göründüyü kimi narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq halı yalnız bioloji mayelərin müayinəsi vasitəsilə həyata keçirilə bilər. Lakin məhkəməyə bu cür müayinənin nəticəsini əks etdirən sənəd təqdim edilməməmişdir. Ona görə məhkəmə hesab edir ki, təqdim olunmuş materiallar natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana,vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, göstərilən hallarda işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar Sabunçu Rayon Polis İdarəsi DYPŞ–nə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.1, 333- 1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və digər sənədlər Sabunçu Rayon Polis İdarəsinin DYPŞ-nə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar