Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1934/2023 27.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Səbinə Şair qızı Ramazanovanın katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş İXP ******* saylı, 30 mart 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC mülkiyyətində olan nəqliyyat vasitəsini idarə edən və bu zaman inzibati xəta törətmiş fiziki şəxs barədə məlumatı 5 gün müddətində rəsmi qaydada təqdim etməmiş, bununla da hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs və səlahiyyəti orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə inzibati işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və səlahiyyəti orqanın nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış məktubun ünvan sahibinə çatmasını təsdiq edən poçt xəbərnaməsindən görünür ki, qeyd olunan məktub Şəxs MMC-nin rəsmi qeydiyyat ünvanına göndərilmiş və 21 mart 2023-cü il tarixdə “Əliyev” soyadlı şəxs tərəfindən imza edilmədən qəbul olunmuşdur. Poçt qəbzinin üzərində olan ştrix-kod (SS834472505AZ) "xxxx" MMC-nin elektron sisteminin "xxxx" bölməsinə daxil edilərkən müəyyən edilmişdir ki, Bakı Şəhəri Sabunçu rayon Polis İdarəsindən Şəxs MMC-nin ünvanına göndərilən məktub 23 mart 2023-cü il tarixdə ünvana çatdırılmışdır. Məhkəmə iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs MMC tərəfindən AR İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapmamışdır ki, belə olan halda inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 347-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsinə - hüquqi şəxsin mülkiyyətində və istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanı törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə iş materiallarını araşdıraraq, qanunvericiliyin tələblərini rəhbər tutaraq səlahiyyətli orqan tərəfindən məhkəməyə MMC tərəfindən müvafiq inzibati xətanın törədilməsini təsdiq edən sənədlərin təqdim edilməməsi, təqdim edilmiş sənədlərin isə mötəbər olmamaqla ziddiyyətli olması qənaətinə gəlir. İlk növbədə iş materiallarına əlavə edilmiş poçt xəbərnaməsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin xəbərnamədə polis idarəsi tərəfindən göndərilmiş məktubun “Əliyev” soyadlı şəxs tərəfindən qəbul edilməsi göstərilsə də, həmin şəxsin kimliyi, həqiqətən də onun MMC-yə aidiyyəti olan şəxs olub-olmaması müəyyən edilməmiş qalmışdır. Maraqlı bir məqam da ondan ibarətdir ki, məhkəmənin icraatında Şəxs MMC-nin AR İXM-nin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair digər inzibati xəta haqqında materialda olan poçt qəbzində də müvafoq sorğunun “Əliyev” soyadlı şəxs tərəfindən qəbul edilməsi göstərilsə də, həmin şəxsin imzası həmin xəbərnamədə tamamilə fərqli olmaqla hazırki iş materiallarında olan imza ilə eynilik təşkil etmir. Bununla yanaşı, Poçt qəbzinin üzərində olan ştrix-kod (SS834472505AZ) "xxxx" MMCnin elektron sisteminin "xxxx" bölməsinə daxil edilərkən polis idarəsi tərəfindən MMC-nin ünvanına göndərilmiş məktubun xəbərnamədə göstərilən 21 mart 2023-cü il tarixdə deyil, 23 mart 2023-cü il tarixdə çatdırılması təsbit edilmişdir ki, bu da müvafiq məktubun çatdırılmasını, əgər çatdırılmışdırsa hansı tarixdə çatdırılmasını, kim tərəfindən qəbul edilməsini, həmin şəxsin həqiqətən də hüquqi şəxsin vəzifəli şəxsi və ya həmin hüquqi şəxsə aidiyyəti olan şəxs olub olmaması məhkəmədə şübhə doğurmaqla məhkəmə iclasında da müəyyən edilməmiş qalmışdır. Göründüyü kimi, Şəxs MMC-nin AR İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən hər hansı sübut iş materiallarına əlavə edilməmişdir ki, belə olan halda Şəxs MMC-nin həmin maddə ilə təqsirli olması qənaətinə gəlinməsi mümkün deyil. Şərh olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, “Şəxs MMC-nin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmiş və sübut qismində yalnız iş materiallarında olan inzibati xəta haqqında protokola istinad etməklə kifayətlənmişdir. Halbuki, Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Konstitusiya Məhkəməsinin mövqeyini rəhbər tutan məhkəmə qeyd edir ki, hazırda məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol sübutedici qüvvəsi olmayan ittiham yönümlü sənəd olduğundan həmin protokolda göstərilən hallar digər zəruri sübutlarla təsdiq olunmalıdır. Göstərilən bu hallar, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinin sübuta yetirilməməsinə və inzibati xətanın mötəbər sübutlarla təsdiq edilməməsinə dəlalət edir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə öz təsdiqini tapmadığından inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata AR İXMnin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-1934/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1934/2023
27.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver