Məhkəmə qərarları › İş №3(008)-1939/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1939/2024

13.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1939/2024 13.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Aytən Eldar qızı Səfərovanın katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı Şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı Şəhəri Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Sabunçu rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 13 mart 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən cavabdeh Şəxs 4310,17 manat əsas borc, 472,31 manat faiz borcu, 10.6 manat cərimə, 67,94 manat dövlət rüsumu, cəmi 4861,02 manat məbləğində pul alınaraq iddiaçı “X3” ASC-yə ödənilməsi və xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İmei kod **********27948 Xiaomi Mİ 11 Lite 5G NE markalı telefon üçün 717,04 manat ödənilməmiş hissə, 71,96 manat cərimə, həmçinin xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İmei kod **********42317 Samsung Galaxy A12 markalı telefon üçün 99,94 manat ödənilməmiş hissə, 9,06 manat cərimə, ümumilikdə 898 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla Şəxs alınaraq "xxxx" MMC-yə ödəniməsi qət edilmiş, lakin Şəxs icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı Şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X2 inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, şəxs 19 yanvar 2024-cü il tarixdə “X3” ASC-yə olan borc üzrə tələbin könüllü icrası haqqında bildiriş almışdır. Mobil telefonlarını söndürməsi səbəbindən ŞəxsFazil oğlu ilə əlaqə saxlamaq mümkün olmadığından "xxxx" MMC ilə bağlı olan icra vərəqəsinin icrası ilə bağlı tələbin könüllü icrası haqqında bildiriş şəxsə çatdırıla bilməmişdir. Daha sonra onun barəsində axtarış elan olunmuş və şəxs bugün İcra Şöbəsinə axtarışla gətirilmişdir. Bununla yanaşı, Şəxs 2024-cü ilin yanvar və fevral aylarında hər iki müqavilə üzrə müəyyən məbləğdə ödənişlər etmiş və hal-hazırda təqribən 5800 manata yaxın borcu mövcuddur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında göstərmişdir ki, o, işləmir və borcu tam ödəməyə maddi imkanı yoxdur. O, tələbin könüllü icrası barədə bildirişi aldıqdan sonra yanvar ayında “X3” ASC-yə olan borc üzrə 100 Azn məbləğində, fevral ayında isə "xxxx" MMC-yə olan borc üzrə isə 200 Azn məbləğində ödəniş etmişdir. Bir neçə gündür ki, fəhlə kimi işə başlayıb və mart ayının sonunda hər iki borc üzrə ödənişlər etməyə başlayacaqdır. Xahiş edir ki, göstərilən hallar nəzərə alınsın. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli e-2(008)- 6915/2023 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 4310,17 manat əsas borc, 472,31 manat faiz borcu, 10.6 manat cərimə, 67,94 manat dövlət rüsumu, cəmi 4861,02 manat məbləğində pulun alınaraq iddiaçı “X3” ASC-yə ödənilməsi qət edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, e-2(008)- 8006/2023 saylı icra vərəqəsindən görünür ki, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İmei kod **********27948 Xiaomi Mİ 11 Lite 5G NE markalı telefon üçün 717,04 manat ödənilməmiş hissə, 71,96 manat cərimə, həmçinin xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İmei kod **********42317 Samsung Galaxy A12 markalı telefon üçün 99,94 manat ödənilməmiş hissə, 9,06 manat cərimə, ümumilikdə 898 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla Şəxs alınaraq "xxxx" MMC-yə ödəniməsi qət edilmişdir. “İcraata başlama haqqında” 10 yanvar 2024-cü il tarixli qərarın surətindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli e-2(008)- 6915/2023 saylı icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış, qərar və tələbin könüllü icrası barədə bildiriş Şəxs tərəfindən 19 yanvar 2024-cü il tarixdə rəsmi qaydada qəbul edilmişdir. “İcraata başlama haqqında” 01 mart 2024-cü il tarixli qərarın surətindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, e-2(008)-8006/2023 saylı icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmışdır. 19 yanvar 2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, Şəxs icra vərəqəsini icra etməyəcəyi halda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutuluş qaydada məsuliyyət daşıyacağı barədə xəbərdar olunmuş və eyni tarixdə həmin xəbərdalığı rəsmi qaydada qəbul etmişdir. Şəxs 15 yanvar 2024-cü il və 13 mart 2024-cü il tarixlərində verdiyi izahatlardan görünür ki, o, izahatlarında işləməməsi səbəbindən tam ödəniş edə bilmədiyini göstərmişdir. İş materialına əlavə edilən çıxarışlarından görünür ki, Şəxs tərəfindən 16 yanvar 2024cü il tarixdə 100 manat və 40 manat, 27 fevral 2024-cü il tarixdə 60 manat pul vəsaiti zərərçəkmiş şəxslərə ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin və icra məmurunun izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərlə Şəxs işləməməsi, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş pul məbləğini tam olmasa da, tələbkarlara maddi imkanının yol verdiyi məbləğdə hissə-hissə ödəməsi öz təsdiqini tapmışdır. Göründüyü kimi, Şəxs işləmədiyindən icra vərəqəsi üzrə müəyyən edilmiş məbləği tam ödəyə bilməmiş, lakin buna baxmayaraq tələbin könüllü icrası barədə bildirişi aldığı yanvar ayından başlayaraq hissə-hissə də olsa hər ay mütəmadi olaraq ödənişlər edərək məhkəmə qətnaməsinin icrası istiqamətində addımlar atmışdır ki, belə olan halda şəxsin üzrsüz səbəbdən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsindən söhbət gedə bilməz. Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Məhkəmə onu da qeyd edir ki, iş materiallarından görünür ki, məhkəmə qətnaməsinin icraya yönəlməsindən 01 aydan artıq müddət keçməsinə baxmayaraq icra məmuru məhkəmə qətnaməsinin icrası üçün Azərbaycan Respublikası “İcra haqqında” Qanununda nəzərdə tutulmuş lazımi tədbirləri görmədən (işlə təmin olunmasının təmin edilməsi Dövlət Məşğulluq Xidmətində qeydiyyata durması hüququnun izah edilməsi, adına məhkəmə qətnaməsinin icrasının yönəldilə biləcəyi hər hansı əmlakın olub-olmamasının müəyyən edilməsi və.s.), yəni qətnamənin icrası üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün imkanlar tükənmədən inzibati xəta haqqında protokol tərtib etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs yeni işə başlaması, tələbin könüllü icrası barədə bildirişi aldığı vaxtdan ötən qısa zaman müddətində müəyyən məbləğdə hissə-hissə də olsa qətnamə üzrə müəyyən edilmiş məbləğdən ödənişlər etməsi öz təsdiqini tapdığından və yuxarıda göstərilənlərə əsasən icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar