Məhkəmə qərarları › İş №3(008)-1943/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1943/2024

13.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1943/2024 13.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X8 İmanovanın sədrliyi, Aytən Eldar qızı Səfərovanın katibliyi, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1975-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında 13 mart 2024-cü il tarixli, MN ******* saylı protokola əsasən Şəxs 11 mart 2024-cü il tarixdə narkoloji müayinədən keçirilən zaman onun narkotik vasitə istifadə etməsi müəyyən edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında 13 mart 2024-cü il tarixli, MN ******* saylı protokola əsasən Şəxs 09 mart 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən, Zərərçəkmiş şəxs məxsus saxlancdan 70 manat məbləğində lampa, kabel və udiniteli gizli yolla talamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektoru X3 inzibati xəta haqqında protokolların məzmununa uyğun izahat verib Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir. Lakin oğurluğu bu səbəbdən törətməmişdir. O, həmin lampa, kabel və udiniteli sahibsiz hesab edərək götürmüşdür. Əməlindən peşmandır. X9 Müharibəsi iştirakçısıdır. Xahiş edir ki, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilsin. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 13 mart 2024-cü il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs 11 mart 2024-cü il tarixdə narkoloji müayinədən keçirilən zaman onun narkotik vasitə istifadə etməsi müəyyən edilmişdir. İnzibati xəta haqqında 13 mart 2024-cü il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs 09 mart 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus saxlancdan 70 manat məbləğində lampa, kabel və udiniteli gizli yolla talamışdır. “Cinayət işinin başlanmasının rədd haqqında” 12 mart 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti və şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, AR İXM-nin 227-ci maddəsi ilə təsir tədbirlərinin görülməsi üçün materiallar aidiyyəti polis əməkdaşına göndərilmişdir. “İnzibati qaydada tutma haqqında” AZA 018184 nömrəli, 11 mart 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs oğlu 11 mart 2024-cü il tarixdə, saat 11:00-da tutulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X7 Şəxsi Ambulator X2 haqqında 11 mart 2023-cü il tarixli, 1612 saylı rəyindən görünür ki, Şəxs oğlunda opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 14-cü maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə- üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı ilə yanaşı, inzibati protokolu tərtib etmiş şəxsin izahatı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X7 Şəxsi Ambulator X2 haqqında 11 mart 2024-cü il tarixli, 1612 saylı rəyi, AR İXM-nin 227-ci maddəsinə münasibətdə zərərçəkmiş şəxsin iş materiallarında olan yazılı izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Şəxs əməllərini etiraf edərək peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın isə olmadığını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək AR İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla barəsində AR İXM-nin 227-ci maddəsi ilə maddənin sanksiyasının hədləri daxilində ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq olunmaqla inzibati tənbehin məqsədlərinə nail olunması mümkündür. AR İXM-nin 28.3-cü maddəsinə əsasən ictimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Həmin Məcəllənin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Bununla yanaşı, məhkəmə səlahiyyətli orqanın diqqətini şəxsin qanunla müəyyən edilmiş müddətdən artıq tutularaq saxlanılmasının qanuni olmamasına cəlb edir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Şəxs 11 mart 2024-cü il tarixdə, saat 11:00da inzibati qaydada tutulmuş, 13 mart 2024-cü il tarixdə, günorta radələrində polis nəzarəti altında məhkəmə qarşısına çıxarılmışdır ki, bu şəxsin qanunla müəyyən edilmiş müddətdən artıq saxlanılaraq azadlıq hüququnun məhdudlaşdırılmasına dəlalət edir. Halbuki, AR İXM-nin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1, 535 və 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 cə 227-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək AR İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla barəsində AR İXM-nin 227-ci maddəsi ilə 160 saat müddətə ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Tənbeh tədbirinin əvvəli Şəxs həmin tənbehin çəkilməsinə cəlb olunduğu vaxtdan hesablansın. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Şəxs yaşayış yeri üzrə İcra və probasiya idarəsinə tapşırılsın. Şəxs məhkəmə iclas zalında dərhal azad edilsin. Səlahiyyətli orqanın diqqəti şəxsin qanunla müəyyən edilmiş müddətdən artıq qanunsuz olaraq tutularaq saxlanılmasına cəlb edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar