Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1946/2024 27.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X7 İmanovanın sədrliyi, Aytən Eldar qızı Səfərovanın katibliyi ilə, X4 və X1 nümayəndəsi “Arbitrium” vəkil bürosunun vəkili Nümayəndə2 X3 barəsində Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 22 avqust 2023-cü il tarixli, EQ 16425181 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 və X1 nümayəndəsi “Arbitrium” vəkil bürosunun vəkili Nümayəndə2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 22 avqust 2023-cü il tarixli, EQ 16425181 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, avtomobilə yazılan cərimə avtomobilin idarə edilmədiyi və Baş Dövlət Yol Polisi İdarəsinin həyətində duracaqda olduğu halda mərhum X3 barəsində yazılmışdır. Bu isə tamamilə qanunsuz və əsassızdır. Məhkəmə iclasının yeri və vaxtı barədə şikayət vermiş tərəfə və səlahiyyətli orqana qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmiş, X4 və X1 nümayəndəsi “Arbitrium” vəkil bürosunun vəkili Nümayəndə2 isə elektron kabinet vasitəsi ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini qeyd edərək şikayətə onun iştirakı olmadan baxılmasını və şikayətin təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati təbheh vermə haqqında 22 avqust 2023-cü il tarixli, EQ 16425181 nömrəli qərardan görünür ki, X3 22 avqust 2023-cü il tarixdə, saat 06:41:56 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində “VAZ 21150” minik markalı, ** VP *** dövlət qeydiyyat nişanlı avtomobili Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etmiş, bununla da AR İXM-nin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 50 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. 02 aprel 2022-ci il tarixdə verilmiş 263827 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X3 22 mart 2022-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, X3 barəsində AR İXMnin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 22 avqust 2023-cü il tarixli, EQ 16425181 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə əlli manat məbləğində cərimə edilir 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə iş materiallarında olan sənədlərlə inzibati xətanın törədildiyi vaxtda “VAZ 21150” minik markalı, ** VP *** dövlət qeydiyyat nişanlı avtomobilin X2 idarə etməsinin onun ölməsi səbəbindən mümkün olmamasını, belə olan halda ölmüş şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsinin qanunsuz olduğunu nəzərə alaraq verilmiş şikayətin təmin edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, məhkəməyə təqdim edilmiş 02 aprel 2022-ci il tarixdə verilmiş 263827 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X3 22 mart 2022-ci il tarixdə vəfat etmiş, onun barəsində inzibat tənbeh vermə haqqında qərar isə onun ölümündən 01 ildən artıq müddət keçdikdən sonra onun tərəfindən törədilməsi qeyri-mümkün olan inzibati xəta ilə bağlı tərtib edilmişdir ki, bu hal özü X2 törədilməsi ona istinad olunan inzibati xətaya aidiyyətinin olmamasına dəlalət edir. Belə olan halda “VAZ 21150” minik markalı, ** VP *** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi zamanı törədilmiş inzibati xətaya görə tənbeh tədbirinin X3 barəsində tətbiq edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Odur ki, X2 AR İXM-nin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 22 avqust 2023-cü il tarixli, EQ 16425181 nömrəli qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata barəsində inzibati qaydada icraat aparılan şəxsin həmin inzibati xətanın törədilməsinə aidiyyəti olmadığından AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 İXM-nin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 22 avqust 2023-cü il tarixli, EQ 16425181 nömrəli qərar ləğv edilsin. İnzibati xəta haqqında iş üzrə icraata barəsində inzibati qaydada icraat aparılan şəxsin həmin inzibati xətanın törədilməsinə aidiyyəti olmadığından AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-1946/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1946/2024
27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver