Məhkəmə qərarları › İş №3(008)-1990/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1990/2024

27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1990/2024 27.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X6 İmanovanın sədrliyi, Aytən Eldar qızı Səfərovanın katibliyi, Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin nümayəndəsi Nümayəndə, Şikayət vermiş X2 iştirakları ilə, X2 Azərbaycan Respublikası DİN Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş 05 mart 2024-cü il tarixli, EQ 19784960 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş 05 mart 2024-cü il tarixli, EQ 19784960 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, 05 mart 2024-cü il tarixdə, saat 09:07 radələrində Ziya Bünyadov prospekti ilə özünə məxsus “Nissan Tida” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobillə birinci zolaq olan avtobus zolağına daxil olmuşdur. İkinci zolaqda avtomobil sıxlığı olduğundan avtobus zolağına daxil olmuş və 50-100 metr avtobus zolağı ilə hərəkət edərək 2-ci zolağa daxil olmuşdur. İkinci zolaq ümumi istifadədə olan zolaq olduğundan həmin zolaqda daim tıxac olur, bu səbəbdən də yaşayış məntəqəsindən birinci zolağa daxil olduqda iki zolağa keçmək üçün şərait olmur və qayda pozuntusuna gətirib çıxarır. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq X3 hadisə günü yolda tıxac olduğunu, bu səbəbdən sol hərəkət zolağına bir qədər gec daxil olaraq ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağında hərəkət etmək məcburiyyətində qaldığını, inzibati xəta törətdiyini qəbul etdiyini, sadəcə xətanın törədilmə səbəbinin yolda yaranmış şəraitdən qaynaqlandığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, verilmiş şikayət əsassızdır. Belə ki, X2 hadisə günü sol hərəkət zolağında sıxlıq olmamasına baxmayaraq sol hərəkət zolağına vaxtında daxil olmaması, onun ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı ilə düzünə hərəkət etməsi videomüşahidə kameraları ilə qeydə alınmış görüntü ilə öz təsdiqini tapmışdır. Bununla yanaşı, şəxs özü də müvafiq inzibati xətanı törətdiyini etiraf edir. Göstərilənləri nəzərə alaraq məhkəmədən şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati tənbeh vermə haqqında 05 mart 2024-cü il tarixli, EQ 19784960 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 Bünyadov prospektində 05 mart 2024-cü il tarixdə, saat 10:05:05 radələrində idarə etdiyi “Nissan Tida” minik marakalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol nişanlarının tələblrinə riayət etməmiş və nəticədə AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, “Nissan Tida” minik marakalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtobusların hərəkəti üçün nəzərdə tutulmuş hərəkət zolağına çıxaraq həmin zolaqda hərəkət etmişdir. Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin nümayəndəsi tərəfindən təqdim edilmiş videogörüntüdən görünür ki, “Nissan Tida” minik marakalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü ümumi istifadədə olan nəqliyyat vasitələri üçün müəyyən edilmiş hərəkət zolağında hərəkət etmiş, sol hərəkət zolağına keçməsi üçün imkan olmasına baxmayaraq o, həmin hərəkət zolağında keçmədən düzünə hərəkətini davam etdirmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməməli, X3 barəsində AR İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş 05 mart 2024-cü il tarixli, EQ 19784960 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xəatalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Məhkəmə təqdim edilmiş videodiskdə olan görüntünü tədqiq edərək “Nissan Tida” minik markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 yol nişanlarının tələblərinə riayət etmədən ümumi istifadədə olan nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş zolaqda hərəkət etməsinin videogörüntü ilə müəyyən edildiyini nəzərə alaraq onun əməlində AR İXM-nin 327.1-ci maddəsinin tərkibinin olması qənaətinə gəlir. Belə ki, X2 şikayət ərizəsindən və onun məhkəmə iclasında verdiyi izahatından görünür ki, o, yol nişanlarının tələblərini pozaraq ümumi istifadədə olan nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş zolağa daxil olaraq həmin zolaqda hərəkət etməsini etiraf edir, sadəcə həmin pozuntunun sol hərəkət zolağında olan tıxacla əlaqədar olmasına istinad edərək inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Şikayət vermiş şəxsin həmin dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, yolda minik avtomobillərinin istifadəsi üçün nəzərdə tutulmuş hərəkət zolağında tıxac olması sürücüyə qanun pozuntusu edərək ümumi istifadədə olan nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş zolağa keçməklə həmin zolaqda hərəkət etməsi üçün əsas verə bilməz. Əks yanaşma, qanunvericinin nəqliyyat vasitələrinin hərəkəti üçün ayrı-ayrı zolaqları ayırması məqsədlərini heçə endirməklə yollarda nizamsızlığın yaranması ilə nəticələnə bilər. Bununla yanaşı, barəsində inzibati qaydada icraat aparılan şəxs törətdiyi qanun pozuntusunu sol hərəkət zolağında yaranmış tıxacla əlaqələndirsə də, məhkəmə iclasında tədqiq edilmiş videogörüntüdən sol hərəkət zolağında tıxacın olmaması, avtomobillərin intensiv hərəkətdə olması açıq-aşkar görünməkdədir. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsə sol hərəkət zolağında tıxacın olmamasının görüntü ilə müəyyən edildiyi bildirildikdə o, sol hərəkət zolağında olan avtomobillərin sürətlə hərəkət etdiklərini və bu səbəbdən də təhlükəli vəziyyət yaratmaması üçün sol hərəkət zolağına keçmədiyini bildirmişdir ki, bu da daha öncə sol hərəkət zolağında tıxac olmasını əsas gətirərək həmin zolağa keçə bilmədiyini göstərən şəxsin öz dəlilini təkzib etməsinə və hər dəfə fərqli arqumentlərə istinad edərək tərəfindən törədilmiş qanun pozuntusuna haqq qazandırmağa çalışmasına dəlalət edir. Halbuki, məhkəməyə təqdim edilmiş videogörüntü ilə X2 dəlilləri təkzib edilmiş, əksinə onun sol hərəkət zolağına keçməsi üçün imkanının olması, lakin buna baxmayaraq ümumi istifadədə olan nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş zolaqda hərəkətini davam etdirməsi öz təsdiqini tapmışdır. Odur ki, verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, X2 İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş 05 mart 2024-cü il tarixli, EQ 19784960 nömrəli qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X2 İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş 05 mart 2024-cü il tarixli, EQ 19784960 nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar