Məhkəmə qərarları › İş №3(008)-1992/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1992/2020

08.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1992/2020 08.09.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlu, məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, inzibati protokol tərtib edən şəxs X1, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs, 07 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx xxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Vidadi küçəsi, ev 10-da qeydiyyatda olan və yaşayan-Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Vət. Şəxs xx.xx.2020-ci il tarixdə Sabunçu rayonu, Maştağa qəsəbəsində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, bölməyə getməkdən boyun qaçırmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin sahə rəisi, X3 tərəfindən xx.xx.2020-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3 izahatında göstərmişdir ki, Vət. Şəxs barəsində edilmiş şikayət əsasında xx xxxxxxxx 2020-ci il tarixdə polis əməkdaşları onun yaşadığı ünvanda olarkən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, bölməyə getməkdən boyun qaçırmışdır. Daha sonra polis əməkdaşları tərəfindən bölməyə gətirilmiş, tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, polis əməkdaşları ilə mübahisə etdiyini etiraf edir. Törətdiyi əməldən çox peşmandır. Həmin vaxt əsəbi olmuşdur. Söz verir ki, bir daha belə əməllərə yol verməyəcək. Məhkəmə iclasında müdafiəçi Vəkil Şəxs törətdiyi əməldən peşman olmasını və ikinci qrup əlil olmasını nəzərə alaraq onun barəsində yüngül cəza verilməsini xahiş edir. Bakı Şəhəri Sabunçu Rayon Prokurorluğuna məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, lakin prokurorluğun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə prokurorluğun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İnzibati xəta haqqında materiala əlavə edilmiş raportdan və özünün etirafı ilə təsdiq olunur ki, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, tərəfləri dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarına əlavə edilmiş Sabunçu rayon ƏSMN tərəfindən verilmiş 060521 saylı vəsiqənin surətindən görünür ki, Şəxs İİ-ci qrup əlildir Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə tutulan pul məbləğidir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, şəxsiyyətini, onun ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını nəzərə alaraq, onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sankisiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 62, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi və təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar