Məhkəmə qərarları › İş №3(008)-1994/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1994/2024

28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1994/2024 28.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X13 İmanovanın sədrliyi, Aytən Eldar qızı Səfərovanın katibliyi, Şikayət vermiş şəxs X1, Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci polis şöbəsinin sahə rəisi, polis mayoru Nümayəndə iştirakları ilə, Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci polis şöbəsinin sahə rəisi, polis mayoru Nümayəndə tərəfindən qəbul edilmiş “X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi”nə dair 23 sentyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Sabunçu RPİ-nin 12ci polis şöbəsinin sahə rəisi, polis mayoru Nümayəndə tərəfindən qəbul edilmiş 23 sentyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X4 həm inzibati xətanın törədildiyi, həm də “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ilk qərarın qəbul edildiyi gündən inzibati məsuliyyətə cəlb etmə müddətinin keçdiyini qeyd edərək onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci polis şöbəsinin sahə rəisi, polis mayoru Nümayəndə tərəfindən qəbul edilmiş 23 sentyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci polis şöbəsinin sahə rəisi, polis mayoru Nümayəndə məhkəmə iclasında verdiyi izahatında 23 sentyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın təhqiqatçının qərarı əsasında qəbul olunduğunu qeyd etmiş və qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 30 iyul 2023-cü il tarixli qərardan görünür ki, X5 ərizəsi ilə əlaqədar toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, X9, X4, X6 və X2 əməllərində AR İXM-nin 157-ci maddəsinin tərkibi yarandığından həmin şəxslər barəsində göstərilən maddənin tələbinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədi ilə ərazi aidiyyəti üzrə əməkdaşa tapşırıq verilməsi qərara alınmışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və araşdırmanın davam etdirilməsi barədə” 17 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Sabunçu rayon prokuroru tərəfindən “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 30 iyul 2023-cü il tarixli qərarı ləğv edilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 30 noyabr 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, X7 əməlində AR İXM-nin 157-ci maddəsinin tərkibi yarandığından həmin şəxs barəsində göstərilən maddənin tələbinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədi ilə ərazi aidiyyəti üzrə əməkdaşa tapşırıq verilməsi qərara alınmışdır. İnzibati xəta haqqında 23 sentyabr 2023-cü il tarixli, MN ******* saylı protokoldan görünür ki, 10 iyul 2023-cü il tarixdə X5 ərizə ilə müraciət edərək X4 tərəfindən döyülərək xəsarət aldığını bildirmiş və bununla əlaqədar barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. “İnzibati tənbeh vermə haqqında” 23 sentyabr 2023-cü il tarixli, MN ******* saylı qərardan görünür ki, X3 ərizə ilə müraciət edərək X4 tərəfindən döyülərək xəsarət aldığını bildirməsi ilə bağlı X4 AR İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində 300 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, X1 əməlində AR İXM-nin 157-ci maddəsinin tərkibi olmadığından onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş materiallardan görünür ki, X1 AR İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində 300 manat məbləğində cərimə növündə inzibati tənbeh vermə haqqında qərar qəbul edildikdən sonra onun əməlində həmin maddənin əlamətlərinin olmasını özündə əks etdirən “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 30 iyul 2023-cü il tarixli qərar Bakı şəhəri Sabunçu rayon prokuroru tərəfindən ləğv edilmiş, yenidən aparılan araşdırma nəticəsində isə onun əməlində deyil, X7 əməlində AR İXM-nin 157-ci maddəsinin tərkibinin olması müəyyən edilmiş və X9 barəsində həmin maddə ilə inzibati qaydada tədbir görülməsi məqsədi ilə ərazi aidiyyəti üzrə əməkdaşa tapşırıq verilməsi qərara alınmışdır. Lakin buna baxmayaraq X5 barəsində yanlış araşdırma nəticəsində qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 23 sentyabr 2023-cü il tarixli, MN ******* saylı qərar ləğv edilməmiş qalmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 53.1.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta tərkibi olmadıqda xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə göstərilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, X4 tərəfindən verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci polis şöbəsinin sahə rəisi, polis mayoru Nümayəndə tərəfindən qəbul edilmiş “X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi”nə dair 23 sentyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməklə inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 38, 40.0.1, 43, 48-51, 53, 55, 105, 114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci polis şöbəsinin sahə rəisi, polis mayoru Nümayəndə tərəfindən qəbul edilmiş “X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi”nə dair 23 sentyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar