Məhkəmə qərarları › İş №3(008)-2035/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2035/2023

20.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2035/2023 20.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin DYPŞ-nin axtarış üzrə inspektoru, polis baş leytenantı Anar Qəmbərovun iştirakları ilə, 06 avqust 1996-cı ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Rahib Qədimov küçəsi ev 16-da qeydiyyatda olan və yaşayan Şəxs barəsində Bakı şəhəri Sabunçu RPİ-nin DYPŞ-dən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Sabunçu RPİ-nin X3 Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 20 aprel 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin DYPŞ-nin axtarış üzrə inspektoru, polis baş leytenantı Anar Qəmbərov tərəfindən Şəxs İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 20 aprel 2023-cü il tarixli protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli biməyərək izahatında göstərdi ki, “DAEWOO LEGENZA MİNİK” markalı, 77FD568 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ona məxsusdur. Lakin protokolda göstərildiyi kimi avtoxuliqanlıq hərəkətləri onun tərəfindən törədilməyib. Belə ki, özü kafedə olmuş, maşının açarları üzərində olmuş, tanımadığı şəxs avtomobili sürərək avtoxuliqanlıq hərəkətləri törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin DYPŞ-nin axtarış üzrə inspektoru, polis baş leytenantı Anar Qəmbərov protokolun məzmununa uyğun izahat verərək Sabunçu rayon DYPŞ-nə Balaxanı qəsəbəsi Meydan deyilən yerdə gecə saatlarında avtomobillərin avtoxuliqanlıq etməsi ilə bağlı məlumat daxil olmuş, daxil olmuş məlumat araşdırılarkən həmin ərazidə olan video görüntüyə baxış keçirilmiş, Şəxs idarə etdiyi “DAEWOO LEGENZA MİNİK” markalı, 77FD568 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2023-cü il tarixdə, saat 01:30-da avtoxuliqanlıq hərəkətləri edildiyi, yəni mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması kimi hərəkətlərə yol verdiyi aşkar olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 20 aprel 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsinin tələblərini pozması əsas gətirilərək barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, vətəndaş X1 tərəfindən Bakı şəhəri Sabunçu RPİ DYPŞ-nə müraciət olunaraq Balaxanı qəsəbəsi Meydan deyilən yerdə gecə saatlarında bir sıra avtomobilləri idarə edən şəxslər tərəfindən avtoxuliqanlıq hərəkətləri edildiyi, həmin əraziləri nəzarətə götürərək tədbir görülməsi xahiş olunmuşdur. Təqdim olunmuş video görüntüdən görünür ki, Şəxs idarə etdiyi “DAEWOO LEGENZA MİNİK” markalı, 77FD568 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolun səthində çoxsaylı təkər izlərinin buraxılması kimi hərəkətlərə yol verdiyi aşkar olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: 511.1.1. aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə; 511.1.2. mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə; 511.1.3. mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, Şəxs izahatında göstərdiyi DAEWOO LEGENZA MİNİK markalı, 77FD568 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə avtoxuliqanlıq hərəkətlərinin onun tərəfindən törədilməməsi, tanımadığı şəxsin avtomobilini idarə edərək törətməsi hissəsinə tənqidi yanaşaraq özünü müdafiə xarakterli kimi qiymətləndirir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi inzibati xəta haqqında protokol, videogörüntü və digər iş materialları əsasında sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla sanksiyasının hədləri daxilində cərimə tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 01(bir) il müddətinə məhdudlaşdırılmaqla 500(beş yüz) manat cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar