Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2043/2023 26.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Ramazanova Səbinə Şair qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxx 1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zeytun Y/S ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə MN ******* saylı, 26 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 16(008)-109/2023 saylı icra sənədinə əsasən məhkəmə qərardadı ilə Şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2019cu il təvəllüdlü X1 üçün hər uşağa görə 220 manat olmaqla cəmi 440 manat miqdarında müvəqqəti aliment tutularaq X4 ödənilməsi, müvəqqəti təminat tədbirinin 01 ay müddətə tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X6 bildirmişdir ki, barəsində inzibati qaydada icraat aparılan şəxsə 12 aprel 2023-cü il tarixli, 16(008)-109/2023 saylı icra sənədi barədə məlumat verilmiş, həmin sənədin müvəqqəti təminat tədbiri olduğu və 1 ay müddətində 440 manat məbləğindəki müvəqqəti alimentin ödənilməli olduğu izah edilmişdir. Buna cavab olaraq Şəxs övladları üçün sosial yardım düzəltdirdiyini və hal-hazırda hər iki uşaq üçün sosial yardım verildiyini qeyd edərək müvəqqəti alimenti hazırda ödəməyə imkanının olmadığını bildirmişdir. Sədrlik edənin sualına cavab olaraq icra məmuru Şəxs ilk dəfə bu gün icra şöbəsinə dəvət edildiyini, işləmədiyini və rəsmi iş yerinin olmadığını, adına hər hansı əmlak aşkar edilmədiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, o, hal-hazırda icra sənədi üzrə müvəqqəti alimenti ödəyə bilmir. Evdə yaxın müddətdə əməliyyat olunacaq xəstə atası var. Toy şənliklərində operator kimi çalışır. Orucluq ayı olduğundan uzun müddətdir ki, qazancı da yoxdur. Buna baxmayaraq o, icra sənədinin icraya yönəldilmə vaxtından etibarən hər gün uşaqlarını məktəbə aparıb gətirir, onların gündəlik ehtiyaclarını qarşılayır. Bununla yanaşı, dövlət tərəfindən iki uşağı üçün hər ay 400 manat məbləğində sosial yardım təyin olunub. O, alimneti ödəməkdən yayınmır, sadəcə hazırda pulu olmadığından, işləmədiyindən və bütün qazancını atasının xəstəliyinə xərclədiyindən alimenti belı qısa müddətdə ödəyə bilmir. Göstərilənlərin nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 16(008)-109/2023 saylı icra sənədindən görünür ki, məhkəmə qərardadı ilə Şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün hər uşağa görə 220 manat olmaqla cəmi 440 manat miqdarında müvəqqəti aliment tutularaq X4 ödənilməsi, müvəqqəti təminat tədbirinin 1 ay müddətinə tətbiq edilməsi, qərardadın dərhal icra olunması qərara alınmış, xx.xx.2023-cü il tarixdə qərardadın qüvvədən düşmüş hesab olunması göstərilmişdir. “İcraata başlama haqqında” 15 aprel 2023-cü il tarixli qərarın surətindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 16(008)-109/2023 saylı icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Göstərilənləri nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, Şəxs tərəfindən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi kimi hərəkətlərə yol verilməmişdir. İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzürsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin əldə etdiyi vəsait və ya mülkiyyətində olan əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qərardadını məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamış, əksinə onun bu günədək icra sənədindən xəbərinin olmaması və ilk dəfə olaraq bu gün icra şöbəsinə gəlməsi, icra məmurunun bu gün ilk dəfə ona öz qanuni tələbini bildirdiyi müəyyən edilmişdir ki, belə olan onun bu günədək icra məmurunun ona qarşı irəli sürülməyən qanuni tələbini icra etməməsindən söhbət gedə bilməz. Bununla yanaşı məhkəmə qeyd edir ki, məhkəmə iclasında icra məmuru tərəfindən də təsdiq edilmişdir ki, Şəxs işləmir. Belə olan halda rəsmi iş yeri və qazancı olmayan şəxsdən bu gün ilk dəfə icra şöbəsinə dəvət olunaraq icra sənədinin icra edilməsinin tələb edilməsi, şəxsin hazırda tələb olunan məbləğdə pul vəsaitinin olmamasını bildirməsinə və bu haln şəxsin işləməməsi nəzərə alınaraq real olmasına baxmayaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilərək onun məhkəmə aktını icra etməməsinin üzürsüz hal kimi qiymətləndirilməsi qanuni olmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə yuxarıda göstərilənlərə əsasən borclu Şəxs tərəfindən üzürsüz səbəbdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-2043/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2043/2023
26.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver