Məhkəmə qərarları › İş №3(008)-2055/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2055/2024

02.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2055/2024 02.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X13 İmanovanın sədrliyi, Aytən Eldar qızı Səfərovanın katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı Şəhər İdarəsinin nümayəndəsi Nümayəndə, şikayətçi X3 müdafiəçisi Bakı şəhəri “Kaspian” vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, X3 müdafiəçisi Bakı şəhəri “Kaspian” vəkil bürosunun vəkili Vəkil Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 28 fevral 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X3 müdafiəçisi Bakı şəhəri “Kaspian” vəkil bürosunun vəkili Vəkil şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 28 fevral 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, AR İXM-nin 555.1-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün ilk növbədə işəgötürənin baş vermiş hadisədən məlumatlı olaraq xəbər verməməsi halı mövcud olmalıdır. Halbuki, həm xəsarət alması iddia olunan İlqar Mədətovun, həm də digər işçi Əfqan Razyevin izahatları ilə onların İlqar Mədətovun ayağı büdrəyərək yıxılmasını bədbəxt hadisə kimi qiymətləndirmədikləri və bu səbəbdən də işəgötürənə bu barədə məlumat vermədikləri müəyyən edilmişdir. Belə olan halda işəgötürən ümumiyyətlə İlqar Mədətovun yıxılmasından məlumatsız olmuşdur. Bununla yanaşı, İlqar Mədətovun yıxılması istehsalatda deyil, istehsalatdan kənarda baş vermişdir. Bu isə onu deməyə əsas verir ki, səlahiyyətli orqan tərəfindən baş vermiş vəziyyət düzgün qiymətləndirilməmiş və əsassız olaraq X7 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında X3 müdafiəçisi Vəkil şikayəti müdafiə edərək şikayətin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməsini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 28 fevral 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı Şəhər İdarəsinin nümayəndəsi Nümayəndə şikayətin təmin edilməməsini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 28 fevral 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq səlahiyyətli orqanın nümayəndəsi iş üzrə araşdırmanın başqa şəxs tərəfindən aparıldığını, Emil Eyvazovun izahatının alınmadığını, onun hadisədən məlumatlı olub-olmamasını bilmədiyini, lakin hər bir halda işçinin baş vermiş bədbəxt hadisə barədə işəgötürənə məlumat vermək öhdəliyinin olduğunu, bu səbəbdən də işəgötürənin baş vermiş hadisədən xəbərdar olması ehtimalının yüksək olduğunu, belə olan halda onun dərhal Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə məlumat vermək vəzifəsinin olduğunu, lakin onun qanunvericinin bu tələbinə riayət etmədiyini və bu səbəbdən də işəgötürən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində izahatı alınmış X5 izahatında göstərmişdir ki, 01 sentyabr 2023-cü il tarixdə o, MMC-nin ofisinə yaxınlaşmış, günlük tapşırığı alaraq iş görməli əraziyə getmək üçün ofisdən çıxmışdır. Həmin vaxt o, müvazinətini itirərək yüngülvari yıxılmışdır. Həmin vaxt onun yanında iş yoldaşı Əfqan Rzayev olmuşdur. O, Əfqana heç bir xəsarətinin olmadığını deməsinə baxmayaraq Əfqan təcili tibbi yardıma zəng etmiş, təcili tibbi yardım əməkdaşları onu xəstəxanaya apararaq müayinə etmişlər. Müayinə zamanı ona ciddi bir şey olmadığı bildirilmiş və xəstəxanadan çıxaraq dərhal iş görməli olduğu əraziyə gedərək işlərini görməyə başlamışdır. O və iş yoldaşı ciddi bir şey olmadığından baş verənlər barəsində müəssisə rəhbərliyinə heç bir məlumat verməmişlər. Belə olan işəgötürənin onun yıxılmasından məlumatlı olması qeyri-mümkün olan haldır. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X9 teleqramla məhkəməyə müraciət edərək məhkəmə iclasında səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini qeyd edərək 20 fevral 2024-cü il tarixli izahatının doğruluğunu təsdiq etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan 28 fevral 2024-cü il tarixli, MN ******* nömrəli görünür ki, X7 "xxxx" MMC-nin işçisi X2 01 sentyabr 2023-cü il tarixdə iş vaxtı xəsarət alması ilə nəticələnən bədbəxt hadisə barədə hadisə baş verdiyi gün X8 Xidmətinə məlumat verməmiş və bununla da AR İXM-nin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X2 25 oktyabr 2023-cü il tarixdə səlahiyyətli orqan tərəfindən araşdırma aparılan zaman verdiyi izahatından görünür ki, o, həmin izahatında 01 sentyabr 2023-cü il tarixdə ofisdən uzaqlaşarkən tələsdiyindən müvazinətini itirərək yüngülvari yerə oturduğunu, iş yoldaşlarından birinin təcili tibbi yardıma zəng etdiyini, təcili tibbi yardım gəlməsinə baxmayaraq onlara heç bir xəsarətinin olmadığnı bildirdiyini göstərmişdir. "xxxx" MMC-də işləyən Əfqan Rzayevin 20 fevral 2024-cü il tarixli izahatından görünür ki, o, həmin izahatında göstərmişdir ki, 01 sentyabr 2023-cü il tarixdə ofisdən təlim alıb ofisi tərk etdikdən sonra bir qədər uzaqlaşdıqdan sonra iş yoldaşı İlqar Mədətovun aşağı çökərək əlini üzərində dayanaraq əlinin özünə dayaq kimi istifadə etdiyini görmüşdür. O, İlqara yaxınlaşmış, İlqar başının hərləndiyini demişdir. Bu zaman o, ani qərar verərək təcili tibbi yardıma zəng etmişdir. Qısa müddət sonra təcili tibbi yardım maşını gəlmiş, İlqarı üzdən müayinə edərək xəstəxanaya aparmışlar. Orada İlqar müayinə olundu, heç bir problem olmadığından dərhal buraxıldı. O və İlqar bu barədə rəhbərliyə heç bir məlumat verməmişlər. Bundan sonra hər ikisi işlərini icra etməli olduqları əraziyə getmişlər. X1 orqan tərəfindən təkrarən alınmış 18 yanvar 2024-cü il tarixli izahatından görünür ki, o, həmin izahatında göstərmişdir ki, o, "xxxx" MMC-də ticarət nümayəndəsi kimi çalışır. 01 sentyabr 2023-cü il tarixdə Sabunçu rayonu ərazisində yerləşən "xxxx" MMC-nin ofisində işə gedərkən tələdiyindən müvazinətini itirərək ayağı büdrəmiş, qolu pilləkənə dəymiş, lakin heç bir xəsarət almamışdır. Onun xəbəri olmadan təcili tibbi yardım çağırılmışdır. Onu Sabunçu tibb mərkəzinə aparmışlar. Orada müayinə olunmuş, səhhətində heç bir problem olmadığı bildirilmişdir. Daha sonra o, xəstəxanadan çıxaraq işə qayıtmış, əmək funksiyalarının icrasını davam etdirmişdir. Həmin izahatdan sonra İlqar Mədətov ona ünvanlanmış suala cavab olaraq hadisə baş verən zaman hələ əmək funksiyalarının icrasına başlamadığını bildirmişdir. X1 orqan tərəfindən təkrarən alınmış 20 fevral 2024-cü il tarixli izahatından görünür ki, o, həmin izahatında göstərmişdir ki, o, 01 sentyabr 2023-cü il tarixdə, saat 09:10 radələrində xəsarət almış, həmin vaxt yanında iş yoldaşı Əfqan Razayev olmuş, baş vermiş hadisə barədə heç kəsə məlumat vermədiyini bildirmişdir. X8 Xidmətinin “İstehsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqədar daxil olan” 01 sentyabr 2023-cü il tarixli məlumatdan görünür ki, X5 01 sentyabr 2023-cü il tarixdə pilləkəndən yıxılmış, 1 saylı xəstəxanaya aparılmış, ona sağ qolun dirsək nahiyyəsinin küt travması diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 555.1-ci maddəsinə əsasən istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 28 fevral 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar hər hansı sübuta əsaslanmadan qəbul edilmişdir. Belə ki, səlahiyyətli orqan "xxxx" MMC-nin işçisi X2 xəsarət almasına dair sənədləri təqdim etsə də, həmin xəsarətin məhz istehsalatda baş vermiş bədbəxt hadisə zamanı alınmasını, ən əsası isə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş işəgötürən X3 işçinin yıxılaraq xəsarət alması barədə məlumatlı olmasını təsdiq edən hər hansı sübutu nəinki məhkəməyə təqdim edə bilməmiş, hətta barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatını almağa, onun hadisə barədə məlumatlı olub-olmamasını müəyyən etməyə lüzum görməmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, işçi X5 müəssisənin pilləkənində yıxılmış və həmin vaxt hələ əmək vəzifələrinin icrasına başlamamışdır. Halbuki, “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli qərarının 1.3-cü bəndinə əsasən istehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət — əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. Bununla yanaşı, işəgötürənin AR İXM-nin 555.1-ci maddəsi ilə təqsirli olması qənaətinə gəlmək üçün ilk növbədə işəgötürənə zərərçəkmiş şəxsin özünün və ya hadisənin görən şahidlərin məlumat verməsi, başqa sözlə işəgötürənin hər hansı formada işçinin xəsarət alması barədə məlumatlı olması dəqiq müəyyən edilməli və yalnız bundan sonra onun qanunla müəyyən edilmiş qaydada X8 Xidmətinə məlumat verməməsi əsası ilə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsi mümkündür. Belə ki, “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli qərarının 1.6-cı bəndinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisə haqqında zərərçəkən, yaxud hadisənin şahidləri dərhal işəgötürənə (müəssisənin vəzifəli şəxslərinə) məlumat verməlidir. Həmin qərarın 1.7-ci bəndinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü X8 Xidmətinin yerli bölməsinə (və ya birbaşa X8 Xidmətinin aparatına), Fövqəladə Hallar Nazirliyinə (Bədbəxt hadisə təhlükə potensiallı obyektlərdə qəza nəticəsində baş vermişsə) məlumat verməyə borcludur. Qeyd olunan qərarın müvafiq bəndlərindən də göründüyü kimi işəgötürənin istehsalatda baş vermiş bədbəxt hadisə barədə X8 Xidmətinə məlumat verməsi üçün ilk növbədə işəgötürənin özünün bu hadisə barədə məlumatlı olması tələb olunur ki, hazırda məhkəməyə təqdim edilmiş sübutlarla nəinki işəgötürənin baş vermiış hadisə barədə məlumatlı olması sübuta yetirilməmiş, əksinə həm zərərçəkmiş işçinin, həm də şahidin izahatları ilə Emil Eyvazovun 01 sentyabr 2023-cü il tarixdə baş vermiş hadisədən məlumatının olmaması öz təsdiqini tapmışdır. Belə ki, yuxarıda izahatlarının mətni qeyd olunmuş həm zərərçəkmiş şəxs X2, həm də hadisə zamanı onun yanında olmuş şahid X6 izahatlarından və səlahiyyətli orqanda onlara ünvanlanmış suala cavablarından onların heç birinin 01 sentyabr 2023-cü il tarixdə İlqar Mədətovun yıxılması barədə işəgötürənə məlumat vermədikləri müəyyən edilmişdir. Məhkəmə iclasında da X5 01 sentyabr 2023-cü il tarixdə yıxılması ilə bağlı müdriyyətə heç bir məlumat vermədiyini, xəstəxanada müayinədən sonra əraziyə qayıdaraq əmək funksiyalarının icrasına davam etdiyini bildirmişdir. Çox maraqlıdır ki, səlahiyyətli orqanda araşdırma aparan şəxs izahatını aldığı hər bir şəxsin hadisə barədə işəgötürənə məlumat vermədiklərini bildirmələrinə və bununla da işəgötürənin hadisə barədə məlumatlı olmasına dair hər hansı sübutun olmamasına baxmayaraq barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatını almaq zərurəti duymamış və öz şəxsi mülahizələri əsasında Emil Eyvazovun hadisə barəsində məlumatlı olması və qəsdən X8 Xidmətinə məlumat verməməsi qənaətinə gəlmişdir. Halbuki, AR İXM-nin 61-ci maddəsinə əsasən barəsində inzibati qaydada icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüquqları vardır. Lakin səlahiyyətli orqan tərəfindən barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatının alınması istiqamətində hər hansı addım atılmamış, onun barəsində olan materiallarla tanış olmaq hüququ təmin edilməmişdir ki, bu da səlahiyyətli orqan tərəfindən şəxsə qanunla verilmiş hüquqların pozulmasına, iş üzrə qeyri-obyektiv və natamam araşdırmanın aparılmasına, iş materiallarında heç bir mötəbər sübut olmadığı halda şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə dəlalət edir. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi təkidlə X2 qolunda xəsarətin olmasının tibb müəsissəsi tərəfindən verilmiş sənədlə təsdiq edildiyini bildirsə də, məhkəmə qeyd edir ki, X4 yıxılaraq xəsarət alması işin mübahisəsiz halıdır. Hazırda şəxsin AR İXM-nin 555.1-ci maddəsi ilə təqsirli olması qənaətinə gəlmək üçün sadəcə işçinin xəsarət alması kifayət etməməklə həmin xəsarətin məhz əmək vəzifələrinin icrası zamanı yaranması və həmin bədbəxt hadisə barədə işəgötürənin məlumatlı olaraq bu barədə səlahiyyətli orqana qəsdən məlumat verməməsi halı sübut olunmalıdır ki, hazırda məhkəmə iclasında və iş materiallarında olan sənədlərlə göstərilən bu hallar öz təsdiqini tapmamaqla sübuta yetirilməmişdir. Bununla yanaşı, məhkəmə əlavə olaraq səlahiyyətli orqanın diqqətini X7 barəsində inzibati tənbeh vermə haqqında qərarın inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdən sonra qəbul edilməsinə cəlb edir. Belə ki, iş materialları müəyyən edilir ki, səlahiyyətli orqan tərəfindən iddia olunan inzibati xəta 01 sentyabr 2023-cü il tarixdə törədilmiş, lakin inzibati tənbeh vermə haqqında qərar həmin tarixdən 05 ay 27 gün sonra, yəni qanunla inzibati məsuliyyətə cəlb etmə üçün nəzərdə tutulmuş 04 aylıq müddət bitdikdən sonra qəbul edilmişdir ki, bu da səlahiyyətli orqan tərəfindən AR İXM-nin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlərə riayət edilməməsinin göstəricisidir. AR İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə göstərilənləri ümumiləşdirib X3 AR İXM-nin 555.1-ci maddəsi ilə təqsirli olmasının sübuta yetirilmədiyini nəzərə alaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 28 fevral 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və başlanmış inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Odur ki, məhkəmə yuxarıda göstərilənləri nəzərə alıb, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, verilmiş şikayət əsaslı olduğundan təmin edilməli, X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 28 fevral 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, başlanmış inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X3 müdafiəçisi Bakı şəhəri “Kaspian” vəkil bürosunun vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilsin. X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 28 fevral 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar