Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2073/2024 26.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Bəxdiyarlı Röyalə Qabil qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı Cavid Həsənovun iştirakları ilə, xx.xx.1999-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsindən daxil olmuş 26 mart 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə Bakıxanov qəsəbəsi R.Qəmbərov küçəsində YPX və PPX əməkdaşlarına qarşı tabesizlik göstərmiş və qanunun tələblərini qəsdən pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, 25 mart 2024-cü il tarixdə Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsində yol patrul xidmətinin əməkdaşları xalasıoğluna əsassız cərimə yazdıqları üçün aralarında söz-söhbət yaranmış və bu səbəbdən YPX-nin əməkdaşı PPX çağıraraq onu 13-cü Polis Bölməsinə gətirmişlər.Polis əməkdaşları onu polis şöbəsinə dəvət etdikdə, o da etiraz etməyərək polis şöbəsinə gəlmişdir. Polis əməkdaşlarının qanuni tələblərinə heç bir tabesizlik göstərməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı Cavid Həsənov inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tələblərinin pozulduğunu və barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsindən daxil olmuş 26 mart 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə Bakıxanov qəsəbəsi R.Qəmbərov küçəsində YPX və PPX əməkdaşlarına qarşı tabesizlik göstərmiş və qanunun tələblərini qəsdən pozmuşdur. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; İnzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli AZA 018182 nömrəli protokoldan görünür ki, Şəxs 25 mart 2024-cü il tarixdə saat 23:50-də tutulmuşdur. xx.xx.2024-cü il tarixli Sabunçu RPİ-nin DYPŞ-nin polis nəfərləri tərəfindən tərtib edilmiş raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 23:00 radələrində Bakıxanov qəsəbəsi Ramiz Qəmbərov küçəsində xidmətdə olarkən “Toyota Prado” markalı nəqliyyat vasitəsi xarici işıq cihazlarından düzgün istifadə etmədiyi üçün saxlanılıb, qayda pozuntunu sürücüyə dedikdən sonra ona protokol tərtib ediləcəyi bildirilmişdir. Sürücü etirazını bildirmiş və avtomobilin ödənilməyən cəriməsi olduğundan duracağa yerləşdirilməli olduğu barədə məlumat verdikdə, nəqliyyat vasitəsində başqa şəxs yaxınlaşaraq əl-qol hərəkətləri və nəlayiq ifadələr işlədərək polisin qanuni tələbini yerinə yetirməkdən boyun qaçırmışlar. xx.xx.2024-cü il tarixli Sabunçu RPİ-nin PPXB-nin polis nəfərləri tərəfindən tərtib edilmiş raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 23:20 radələrində Bakıxanov qəsəbəsi Ramiz Qəmbərov küçəsində xidmətdə olarkən YPX-nin çağırışı ilə qeyd edilən əraziyə yaxınlaşmış və 2 nəfər şəxsin polisin qanuni tələbinə tabe olmadığını, YPX əməkdaşlarına əl-qol atdıqlarını görmüşlər. Həmin şəxslər fiziki qüvvət tətbiq edilərək 13cü PŞ-nə gətirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi Karelin Rusiyaya qarşı işi üzrə (xx.xx.2016) qəbul etdiyi qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır. Həmin maddəyə görə “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ... işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati xəta haqqında protokolda rəsmiləşdirən məmurun məhkəmədə işə baxılarkən inzibati xətaya görə təqsiri sübut etmək səlahiyyətinə malik olmadığını, ittihamedici orqanın və ya rəsminin olmaması şəraitində isə ona qarşı ittihamın sübut edilməsi yükünün bütünlükdə hakimin üzərinə düşdüyünü, bunun isə hakimə müdafiə tərəfinin ifadələrini rədd etmək üçün proprio motu arqumentlər axtarmaqdan başqa yol qoymadığını qeyd etmişdir. O, bunun öz növbəsində sübutların qiymətləndirilməsində balansı pozduğunu, nəticədə onun Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu göstərilmişdir. İş materiallarında Şəxs tərəfindən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamasını təsdiq edən hallar öz əksini tapmamış, tərtib edilmiş inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti göstərilməmişdir. Belə ki, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin PPX-nin polis nəfərləri tərəfindən tərtib edilmiş raportda və inzibati xəta haqqında protokolda Şəxs 25 mart 2024-cü il tarixdə Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamasından bəhs etsə də, aydın olmur ki, Şəxs polisin hansı qanuni tələblərinə tabe olunmamış və həmin tabe olmama nədə ifadə olunur. Eyni zamanda iş materiallarında olan Şəxs izahatından, eləcə də məhkəmə iclasında vermiş olduğu izahatında Şəxs heç bir tabesizlik etmədiyini, əksinə polis əməkdaşları ilə birlikdə bölməyə getdiyini bildirmişdir. Bundan başqa, məhkəmə tərəfindən Şəxs tabesizlik göstərdiyi qeyd edilən polis əməkdaşlarının məhkəmə iclasında şahid qismində iştirakı tələb edilməsinə baxmayaraq həmin şəxslərin məhkəmədə iştirakı təmin edilməmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-2073/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2073/2024
26.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver