Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2083/2025 18.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Osmanlı Nurlan Azər oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx xxxxx 1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Yunisov küçəsi, ev 8A, mənzil 15-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 18 aprel 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-3427/2019 saylı, xx.xx.2029-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 200 manat, cəmi 400 manat tutularaq tələbkar X1 xeyrinə ödənilməli olduğu halda tam şəkildə ödənilməmiş və 2000 manat aliment borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X4 izahatında göstərmişdir ki, borclu əvvəllər aliment borcunu ödəsə də, son zamanlar ödənişlər etməkdən yayınmışdır. Səbəbini onunla izah etmişdir ki, 2024-cü ilin noyabr ayından işdən azad olunduğu üçün alimneti ödəyə bilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında borcunu ödəməkdən yayınmadığını, işlədiyi üçün əvvəllər aliment ödədiyini, lakin 2024-cü ilin noyabr ayından işdən azad olunduğu üçün aliment ödəyə bilmədiyini, 15 fevral 2025-ci il tarixdə 400 manat ödədiyini bildirmişdir. Məhkəmə iclasında isə fasilə verilməsini xahiş edərək 500 manat ödəniş edərək aliment borcunun ödənilməsindən qərəzli olaraq yayınmadığını bildirmişdir. Qalan məbləği isə ən qısa vaxtda ödəyəcəyini qeyd etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-3427/2019 saylı, xx.xx.2029-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs 2 uşağın saxlanması üçün hər ay hər uşağa görə 200 manat, cəmi 400 manat yetkinlik yaşına çatanadək saxlanılması üçün tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. “İcraata başlamaq haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, icra sənədi üzrə icraata başlanılmış və borcluya icranı könüllü olaraq təmin etməsi təklif edilmişdir. Şəxs ünvanlanmış xx.xx.2024-cü il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş olunmuş və tələbi üzrsüz səbəbdən icra etmədiyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi qeyd edilmişdir. Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 18 aprel 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokola əsasən icra sənədinə əsasən borclu Şəxs 2000 manat tutularaq X1 xeyrinə ödənilməlidir. Şəxs Sabunçu Rayon İcra Şöbəsində verdiyi və iş materiallarına əlavə olunmuş 18 aprel 2025-ci il tarixli izahatında o, icra sənədindən xəbərdar olduğunu, xx.xx.2025-ci il tarixdə 400 manat ödəniş etdiyini və borc məbləğini hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Məhkəməyə təqdim edilmiş **********9 və **********7 saylı qəbzlərdən görünür ki, borclu tərəfindən tələbkar X1 hesabına xx.xx.2025-ci il tarixdə 400 və 100 manat pul köçürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin, icra məmurunun izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərlə Şəxs icra qeydi ilə müəyyən edilmiş pul məbləğini ödəməkdən qərəzli olaraq, üzrsüz səbəbdən yayınması öz təsdiqini tapmamışdır. Əksinə olaraq xx.xx.2025-ci il tarixdə 400 manat, xx.xx.2025-ci il tarixdə 500 manat manat pul vəsaiti Şəxs tərəfindən X3 ödədiyi müəyyən edilmiş və bununla üzrsüz səbəbdən məhkəmə qətnaməsini icra etmədiyini nümayiş etdirmişdir. Bundan əlavə icra məmuru və tərəfin izahatında da görünüdüyü kimi aliment üzrə hər ay ödənilməli olan məbləğ 2024-cü ilin noyabr ayına kimi mütəmadi olaraq ödənilmiş, borc məbləği isə yalnız həmin tarixdən sonra tələbkarın işdən azad olunmasından sonra yaranmışdır. Göstərilənləri nəzərə alaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə qətnaməsini üzürsüz səbəbdən icra etməməsi müəyyən olunmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edan icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırki halda isə borclu Şəxs tərəfindən bu halların mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Teymur Həsənov
Məhkəmə qərarları › İş №3(008)-2083/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2083/2025
18.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver