Məhkəmə qərarları › İş №3(008)-2122/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2122/2024

04.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2122/2024 04.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X8 İmanovanın sədrliyi, Aytən Eldar qızı Səfərovanın katibliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X2, Barəsində inzibati qaydada icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X4 iştirakları ilə, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə 18 MART 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs MMC-də 16 fevral 2024-cü il tarixdə “Mister Tum” günəbaxan tumunun qiymət kağızında məhsulun dəyərinin 0.55 manat qeyd olunmasına baxmayaraq kassada həmin məhsul 0.70 manat olaraq hesablanaraq satılmışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək hüquqi şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X7 iş materiallarında Şəxs tərəfindən inzibati xətanın etiraf edilməsinə dair məktub olmasına baxmayaraq məktubun yanlışlıqla yazıldığını, məhsulun qiymətinin əks olunduğu piştaxtanın fotoşəklinin iş materiallarında olmadığını qeyd edərək MMC-nin inzibati tərkibi olmaması əsası ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; X1 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsinə ünvanladığı müraciətdən görünür ki, o, 16 fevral 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən Şəxsdən “Mister Tum” günıbaxan tumu almış, malın piştaxtada qiymətinin 0.55 manat olmasına baxmayarq kassasa ondan 0.70 AZN vəsait alınmışdır. 16 fevral 2024-cü il tarixdə Şəxs MMC tərəfindən verilmiş 253923 nömrəli satış çekindən görünür ki, “Mister Tum” günəbaxan tumunun 01 ədədi 0.70 manat olaraq hesablanmışdır. Şəxs MMC tərəfindən verilmiş “Vətəndaş müraciətinə baxılması barədə” 07 mart 2024-cü il tarixli, 3-21-1/1-4206/2024 saylı məktubdan görünür ki, X3 müraciətindəki göstərilən hal araşdırılmış və MMC tərəfindən həmin halın sistemdə baş vermiş nasazlıq səbəbindən yaranması müəyyən edilmiş, vətəndaşla telefon vasitəsi ilə əlaqə yaradılmış, yaranmış sistemsal xətaya görə üzr istənilmiş və qalıq məbləğin mağazaya yaxınlaşaraq əldə edə bilməsi bildirmiş, vətəndaş isə qalıq məbləği götürməyəcəyini bildirmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən hüquqi şəxs Şəxs barəsində 18 mart 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-də 16 fevral 2024-cü il tarixdə “Mister Tum” günəbaxan tumunun qiymət kağızında məhsulun dəyərinin 0.55 manat qeyd olunmasına baxmayaraq kassada həmin məhsul 0.70 manat olaraq hesablanaraq satılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 447.0.1-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulmasına, yəni mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Həmin maddənin qeydinə əsasən bu Məcəllənin 447.0.1-ci maddəsində “az miqdarda” dedikdə, üç yüz manatdan yuxarı olmayan məbləğ başa düşülür. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokollar və inzibati materialda olan digər sənədlərlə barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs tərəfindən AR İXM-nin 447.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi yuxarıda tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə iclasında MMC-nin nümayəndəsi iş materiallarında olan və Şəxs MMC tərəfindən məktubun yanlışlıqla verildiyini, məhsulun qiymətinin əks olunduğu piştaxtanın fotoşəklinin iş materiallarına əlavə edilmədiyini göstərsə də, məhkəmə qeyd edir ki, iş materiallarında məhsulun qiymətinin əks olunduğu piştaxtanın fotoşəkli olmasa da, MMC-nin idarə heyətinin sədri tərəfindən imzalanaraq araşdırmanı aparan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə verilmiş məktubdan vətəndaşa satılmış məhsulunun piştaxtada əks olunmuş qiyməti ilə kassada hesablanaraq satılmış qiyməti arasında fərqin olması və məhsulun müştəriyə piştaxtada əks olunmuş qiymətdən baha qiymətə satılması öz təsdiqini tapmışdır. Nümayəndə müvafiq məktubin yanlışlıqla verdildiyini bildirsə də, məhkəmə qeyd edir ki, verilmiş məktubdan onun məhz X3 müraciətindəki məsələ ilə əlaqədar olması, məhz 16 fevral 2024-cü il tarixdə marketdə satılmış “Mister Tum” günəbaxan tumunun rəfdə olan qiyməti ilə kassanın fiskal yaddaşında olan qiyməti arasında fərqin olmasının MMC tərəfindən etiraf edilməsi müəyyən edilmişdir ki, bu da nümayəndənin irəli sürdüyü arqumentlə sadəcə MMC-nin məsuliyyətdən kənarda qalmasına cəhd etməsinə dəlalət edir. Odur ki, iş materiallarında olan sübutlarla Şəxs MMC-nin AR İXM-nin 447.0.1-ci maddəsi ilə təqsirli olması təsdiq olunduğundan MMC barəsində həmin maddənin sanksiyası daxilində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 4000 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar