Məhkəmə qərarları › İş №3(008)-2129/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2129/2025

21.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2129/2025 21.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru Səbirə Məmmədovanın, zərərçəkmiş şəxs X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qabilqızı (Vəliyeva) Vəsilə Qabil qızının iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 küçəsi 268 ünvanında yerləşən həyət evində yaşayan Qabilqızı (Vəliyeva) Vəsilə Qabil qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş 21 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 46/2024 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən, cehiz əşyalarının X2 və ya onların dəyərinin X5 verilməsinə dair icra sənədi borclu tərəfindən tam icra edilməyərək AR İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsinin icra məmuru Səbirə Məmmədova tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən icra sənədində qeyd edilən əşyaların bir hissəsi qaytarılmışdır. Digər əşyalara münasibətdə isə borclu onda olmadığını bildirmişdir. Həmin əşyaların dəyəri 2940 manat təşkil edir. Borclu 200 manat ödəniş etmişdir. Birgə nikahları dövründə əldə olunmuş avtomobilin hərracdan satılaraq əldə olunacaq məbləğdən borcunun tutulmasına etiraz etmədiyini bildirmişdir. Tələbkar isə şikayətçidir və borcunun qaytarılmasını tələb edir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində qanunauyğun tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 bildirmişdir ki, Şəxs qərəzli olaraq borcunun icrasından yayınır. Fərz edək ki, heç avtomobil yoxdur. Bu halda borcunu ödəməməlidir. 6 ay dedi ki, əşyalar məndədir, verəcəm. Sonra isə icra məmuru tərəfindən yaşadığı ünvana baxış keçirilmiş lakin həmin əşyaların orada olmadığı məlum olmuşdur. Borclu həmin əşyaların dəyərini ödəyəcəyini bildirsə də, bu günə kimi cəmi 200 manat ödəniş etmişdir. Göstərilənlərə əsasən məhkəmədən qeyd edilənləri nəzərə alaraq borclu Qabilqızı (Vəliyeva) Vəsilə Qabil qızının barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, məhkəmə qərarının icrasından yayınmır. Əşyaların bir hissəsi onun tərəfindən qaytarılmışdır. Digər əşyalar isə onda yoxdur. Onların dəyəri 2940 manat təşkil edir. 200 manat ödəniş etmişdir. Birgə nikahları dövründə əldə olunmuş avtomobilin açıq hərracdan satılması ilə bağlı məhkəməyə müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə işə mahiyyəti üzrə baxılıb iddianın təmin edilməsi barədə qərar qəbul edilmişdir. Qeyd edilən məbləği birdəfəlik ödəməyə maddi imkanı yoxdur. Himayəsində iki azyaşlı uşağı vardır. Avtomobil hərracdan satılana qədər o, hər ay 100 manat ödəniş edə bilər. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-46/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, 1 ədəd 750 əyyarlı brilyant qaşlı nişan üzüyünün özü və ya olmadıqda dəyərinin X2 alınaraq X5 verilməsi, eyni zamanda 2019-cu ildən etibarən X1 və istifadəsində olan birgə nikah dövründə əldə edilmiş aşağıda sadalanan əşyaların özü, sadalanan əşyaların hər hansı biri olmadıqda yaxud qeyd olunan işlək vəziyyətdə qalmadıqda həmin olmayan, yaxud yararsız əşyanın qeyd edilən dəyəri tam şəkildə X2 alınaraq X5 verilməsi: 1 ədəd “Panasonic” markalı kondisioner (800 manat), 1 ədəd 2013cü ildə alınmış “Fujitsu Siemens” markalı noutbuk (1000 manat), 1 ədəd “Sony” markalı televizor (300 manat), 1 ədəd yaşıl-narıncı rəngli xovlu materiallı divan (300 manat), 1 ədəd Edifler” markalı səs gücləndirici (160 manat), 1 ədəd “Canon” markalı printer (180 manat) və 4 ədəd kamera (3 ədəd dairəvi, 1 ədd qoluu, 80 manat) qət edilmişdir. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Sabunçu Rayon İcra şöbəsinin icra məmuru Səbirə Məmmədova, borclu X4, tələbkar X3, hal şahidinin iştirakı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-46/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının icrasının təmin olunması məqsədilə Sabunçu rayonu, ünvan 3 ünvanına baxış keçirilmiş və 1 ədəd 2013cü ildə alınmış “Fujitsu Siemens” markalı noutbuk (1000 manat), 1 ədəd yaşıl-narıncı rəngli xovlu materiallı divan (300 manat), 4 ədəd kamera (3 ədəd dairəvi, 1 ədd qoluu, 80 manat) aşkar olunaraq X5 təhvil verilmişdir. Digər əşyalar isə aşkar olunmamışdır. Ödəniş qəbzlərinin surətindən görünür ki, Qabilqızı (Vəliyeva) Vəsilə Qabil qızı tərəfindən X5 xx.xx.2025-ci il tarixdə 100 manat, xx.xx.2025-ci il tarixdə isə 100 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, məhkəməyə təqdim edilən materiallardan belə məlum olur ki, Qabilqızı (Vəliyeva) Vəsilə Qabil qızı tərəfindən məhkəmə qərarı üzrə tələbkara verilməli olan əşyaların bir hissəsi sonuncuya qaytarılmış, olmayan əşyaların dəyərindən, yəni 2940 manatdan isə 200 manat ödəniş edilmişdir. Bundan başqa tərəflərin birgə nikahları dövründə əldə olunmuş avtomobilin üzərində ½ hissədə payları müəyyən olunmuş, həmin avtomobilin açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitin tərəflər arasında paylarına uyğun olaraq bölünməsinə dair məhkəmə qərarı vardır. Qabilqızı (Vəliyeva) Vəsilə Qabil qızı bildirir ki, avtomobilin satılması nəticəsində əldə olunacaq pulun ona aid olan hissəsindən borcunun tutulmasına heç bir etirazı yoxdur, əksinə qeyd edilən məbləğin birdəfəlik ödənilməsini yalnız bu cür təmin edə bilər. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qabilqızı (Vəliyeva) Vəsilə Qabil qızının məhkəmə qərarının icrasından qərəzli olaraq yayınması halı öz təsdiqni tapmamışdır. Bunu təsdiq edən hər hansı mötəbər sübut inzibati xəta haqqında protokol tərtib edən orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Qabilqızı (Vəliyeva) Vəsilə Qabil qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Qabilqızı (Vəliyeva) Vəsilə Qabil qızının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar