Məhkəmə qərarları › İş №3(008)-2148/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2148/2024

28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2148/2024 28.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X8 İmanovanın sədrliyi, Aytən Eldar qızı Səfərovanın katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Şöbəsinin sahə inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, 23 aprel 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında 27 mart 2024-cü il tarixli, MN ******* saylı protokola əsasən 20 mart 2024-cü il tarixdə Şəxs üzərindən 0,26 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Şöbəsinin sahə inspektoru X3 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edildikdən sonra materiallar bölməyə göndərilmiş, şəxs nakoloji müayinəyə aparılan zaman onun narkotik vasitədən istifadə etməsi müəyyən edilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, ilk dəfə idi ki, narkotik vasitə almışdır. Bir hissəsini istifadə etmiş, qalan hissəsini cibində saxlamışdır. İndiyədən narkotik vasitədən istifadə etməmişdir. Narkotik vasitə aldığı üçün peşmandır. Barəsində maddənin sanksiyası həddində yüngül tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 27 mart 2024-cü il tarixli, MN ******* saylı protokoldan görünür ki, 20 mart 2024-cü il tarixdə Şəxs üzərindən 0,26 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 haqqında 28 mart 2024-cü il tarixli, 1921 saylı rəyindən görünür ki, Şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. O, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 27 mart 2024-cü il tarixli qərara əsasən, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. “Şübhəli şəxs qismində tutma haqqında” 20 mart 2024-cü il tarixli qərardan görünür ki, Şəxs 20 mart 2024-cü il tarixdən, saat 17:30-dan tutulmuş hesab edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 21 mart 2024-cü il tarixli, 3-16-16-2-7/468 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət.Şəxs üzərindən götürülmüş” yazılar və imzalar olan zərfdə 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,26 qram bitki mənşəli kütlə tərkibində narkotik vasitə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 42-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir.; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı ilə yanaşı, inzibati protokolu tərtib etmiş şəxsin izahatı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 haqqında 28 mart 2024-cü il tarixli, 1921 saylı rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Şəxs əməlini etiraf edərək peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını, məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək AR İXM-nin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla barəsində 100 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs üzərindən götürülmüş və Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan narkotik vasitənin qalığı 0,24 qram narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar