Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2179/2023 30.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X8 İmanovanın sədrliyi, məhkəmə iclas katibi Səbinə Şair qızı Ramazanovanın katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «X9 Təsərrüfatı LTD» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, Hüquqi şəxs «X9 Təsərrüfatı LTD» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tərtib edilərək məhkəməyə təqdim edilmiş 20 aprel 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən 05 aprel 2023-cü il tarixdə Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən daş karxanasında və ətrafında aparılan ölçmə işləri zamanı toz hissəciklərinin miqdarının ətraf mühit üçün yol verilən hədd normasından artıq olması (0,79 mq/m3) müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək hüquqi şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq səlahiyyətli orqanın nümayəndəsi daş karxanasından ətraf ərazilərdə monitorinqin keçirildiyini, həmin ərazidə «X9 Təsərrüfatı LTD» Məhdud Məsuliyyətli Cəmiyyətindən başqa “X11” MMC-nin də fəaliyyət göstərdiyini, lakin ölçmə zamanı məhz «X9 Təsərrüfatı LTD» Məhdud Məsuliyyətli Cəmiyyətinin ətraf ərazilərində olan tozun ölçülərək 0,79 mq/m3 olmasının müəyyən edildiyini, iş materiallarında hansı səbəbdən həmin göstəricini özündə əks etdirən fotoşəklin olmasından məlumatının olmadığını, hazırda məhkəməyə müəyyən edilmiş toz hissəciklərinin normadan artıq olmasını təsdiq edən hər hansı sübutu təqdim edə bilməyəcəyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «X9 Təsərrüfatı LTD» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi İlqar Mürsəlovun sualına cavab olaraq səlahiyyətli orqanın nümayəndəsi əhəng daşının tərkibində zərərli maddələrin olubolmamasının yoxlanılmadığını, hər bir halda ətrafda tozun olmasının həm insan orqanizminə, həm də ətraf mühitə zərərli olduğunu, monitorinq keçirilmədən öncə bunun reyestrdə qeydiyyatdan keçirilmədiyini, yoxlamaların reyetrdən keçirilməsinin məcburi olduğunu, bu tələbin monitorinqlərə aid olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati qaydada icraat aparılan hüquqi şəxs «X9 Təsərrüfatı LTD» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razılaşmadığını, tərəfindən verilmiş etiraz ərizəsində göstərilənləri təsdiq etdiyini, aparılan yoxlama keçirilmədən öncə Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyetrindən çıxarış alınmadığını, bunun kobud qanun pozuntusu olduğunu, belə olan halda keçirilmiş yoxlamanın hüquqi nəticəsinin olmadığını, bununla yanaşı, MMC-nin fəaliyyət göstərdiyi ərazidə “X11” MMC-nin də fəaliyyət göstərdiyini, yaranmış tozun miqdarında həmin MMC-nin də payının olduğunu, səlahiyyətli orqan tərəfindən hansı meyara əsasən tozun miqdarında hansı MMC-nin nə qədər payının olmasının müəyyən edilməsinin aydın olmadığını, ətraf ərazidə aparılan monitorinqə görə konkret MMC-nin təqsirli bilinməsinin qanuni olmadığını, AR İXM-nin 233.1-ci maddəsi ilə məsuliyyətin yaranması üçün məhz ətraf mühitə atılan, axıdılan və basdırılan zərərli maddələrin miqdarının normadan artıq olmasının tələb olunduğunu, hazırda iş materiallarından «X9 Təsərrüfatı LTD» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ətraf mühitə atılan, axıdılan zərərli maddələrin nədən ibarət olmasının aydın olmadığını, əhəng tozunun tərkibində olan maddələrin zərərli maddələr qrupuna aid olmadığını, hər hansı ekspertiza keçirilmədən əhəng tozunun zərərli maddələr qrupuna aid edilməsinin yolverilməz olduğunu, küləkli bir şəhərdə ətraf ərazidə yaranmış toza görə məsuliyyətin MMC-nin üzərinə qoyulmasının sahibkarlıq fəaliyyətinə süni maneə olduğunu, hava məkanında baş verən təbii proseslərə görə məsuliyyətin MMC-nin üzərinə qoyulmasının absurd olduğunu qeyd edərək MMC barəsində AR İXM-nin 233.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X5 monitorinqdə birbaşa iştirak etmədiyini, ona təqdim edilmiş sənədlər əsasında inzibati xəta haqqında protokol tərtib etdiyini, məhz «X9 Təsərrüfatı LTD» Məhdud Məsuliyyətli Cəmiyyətində aparılmış monitorinqin nəticələrini özündə əks etdirən göstəricinin fotoşəkilnin olmadığını, iş materiallarında olan akt əsasında MMC-nin əməlində inzibati xəta tərkibinin olması qənaətinə gəldiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 20 aprel 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 05 aprel 2023-cü il tarixdə Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən daş karxanasında və ətrafında aparılan ölçmə işləri zamanı toz hissəciklərinin miqdarının ətraf mühit üçün yol verilən hədd normasından artıq olması (0,79 mq/m3) müəyyən edilmişdir. 05 aprel 2023-cü il tarixli, 000462 saylı aktdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən daş karxanalarından kəsim zamanı və atılan tullantılardan ətraf mühitə yayılan toz hissəciklərinin miqdarını və səs-küy səviyyəsini müəyyənləşdirmək üçün monitorinq keçirilmiş, monitorinq nəticəsində «X9 Təsərrüfatı LTD» Məhdud Məsuliyyətli Cəmiyyətində toz hissəciklərinin normadan artıq olması müəyyən edilmişdir (norma 0,5 mq/m3, MMC-də 0,79 mq/m3). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, iş materialları ilə hüquqi şəxs «X9 Təsərrüfatı LTD» Məhdud Məsuliyyətli Cəmiyyətinin AR CM-nin 233.1-ci maddəsi ilə təqsirli olması sübuta yetirilməmiş, məhkəmə baxışı zamanı da məhkəməyə bu halı təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokola əsasən 05 aprel 2023cü il tarixdə Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən daş karxanasında və ətrafında aparılan ölçmə işləri zamanı toz hissəciklərinin miqdarının ətraf mühit üçün yol verilən hədd normasından artıq olmasının (0,79 mq/m3) müəyyən edildiyi göstərilmişdir. Məhkəmə ilk növbədə inzibati xəta haqqında protokola münasibət bildirərək qeyd edir ki, təqdim edilmiş protokolda həm MMC-nin özündə, həm də ətrafında ölçmə işlərinin aparılmasının göstərilməsinə baxmayaraq ayrı-ayrılıqda MMC-nin özündə və ətraf ərazilərində müəyyən edilmiş tozun miqdarı göstərilməmiş, ümumi olaraq toz hissəciklərinin normativdən artıq olmaqla 0,79 mq/m3 olması göstərilmişdir ki, belə olan halda ətraf ərazinin hansı ərazi hüdudlarını əhatə etməsini, həmin ərazidə digər eyni fəaliyyətlə məşğul olan MMC-nin olması (“X11” MMC) nəzərə alınmaqla müəyyən edilmiş toz hissəciklərinin MMC-lərin hər birinin payının hansı meyarlar əsasında müəyyən edilməsini iş materiallarında olan sənədlərlə ayırd etmək mümkün olmamış, məhkəmə iclasında səlahiyyətli orqan buna dair hər hansı sübut təqdim edə bilməmişdir. Belə ki, inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş aktda Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən daş karxanasında və ətrafında aparılan ölçmə işləri zamanı toz hissəciklərinin miqdarının ətraf mühit üçün yol verilən hədd normasından artıq olmaqla 0,79 mq/m3 olması göstərilsə də, protokola əlavə edilmiş fotoşəkillərdə sadəcə monitorinqi həyata keçirən şəxsin məhkəmə üçün qeyri-müəyyən ərazidə əlində ölçmə cihazı ilə dayanması və inzibati xəta haqqında protokolda əks olunmuş rəqəmi (0,79) deyil, tamamilə başqa rəqəmləri (46.0, 53.7) özündə əks etdirən göstəricilər öz əksini tapmışdır ki, məhkəmə inzibati xəta haqqında protokolda göstərilənlərin ona əlavə edilmiş sənədlərlə öz təsdiqini tapmaması qənaətinə gəlir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs və səalhiyyətli orqanın nümayəndəsi də 05 aprel 2023-cü il tarixdə MMC və onun ətraf ərazilərində aparılan monitorinqin nəticələrini təsdiq edən sübutlarının olmadığını, akt əsasında inzibati xəta haqqında protokol tərtib edildiyini bildirmişlər. Göründüyü kimi, məhkəməyə təqdim edilmiş materiallarda hüquqi şəxs «X9 Təsərrüfatı LTD» Məhdud Məsuliyyətli Cəmiyyətinin AR İXM-nin 233.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən bir dənə də olsun sübut yoxdur. Bu isə onu deməyə imkan verir ki, səlahiyyətli orqan tərəfindən hüquqi şəxs «X9 Təsərrüfatı LTD» Məhdud Məsuliyyətli Cəmiyyətinin AR İXM-nin 233.1-ci maddəsi ilə təqsirli olmasını təsdiq edən sənəd kimi yalnız inzibati xəta haqqında protokolun məhkəməyə təqdim edilməsi yetərli hesab olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Konstitusiya Məhkəməsinin mövqeyini rəhbər tutan məhkəmə qeyd edir ki, hazırda məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol sübutedici qüvvəsi olmayan ittiham yönümlü sənəd olduğundan həmin protokolda göstərilən hallar digər zəruri sübutlarla (hazırki halda xüsusi texniki vasitənin göstəricisi, MMC-nin nümayəndəsinin iştirakı ilə ərazidə monitorinqin aparılmasını təsdiq edən fotoşəkillər, tozun məhz «X9 Təsərrüfatı LTD» Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti nəticəsində yaranmasını və tərkibində olan maddələrin məhz zərərli maddələr olmasını təsdiq edən sübutlar) təsdiq olunmalıdır. Lakin hazırkı materialda hüquqi şəxs «X9 Təsərrüfatı LTD» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inzibati xəta hadisəsinin törədilməsini təsdiq edən heç bir sübuta istinad olunmamış və ümumi sözlərlə hüquqi şəxsin müvafiq inzibati xətanı törətməsi göstərilmişdir. Şərh olunan əsaslara məhkəmə hesab edir ki, hüquqi şəxs «X9 Təsərrüfatı LTD» Məhdud Məsuliyyətli Cəmiyyətinin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə materiala baxmış məhkəmə tərəfindən də müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir ki, belə olan halda göstərilən hal MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsinin obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmaması qənaətinə gəlməyə imkan verir. Bununla yanaşı, məhkəmə onu da qeyd edir ki, AR İXM-nin 233.1-ci maddəsi ilə inzibati məsuliyyətn yaranması üçün ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması tələb olunur. Göründüyü kimi, qanunverici ətraf mühitə atılan, axıdılan və ya basdırılan istənilən deyil, məhz zərərli maddələrin miqdarının normativlərdən artıq olmasına görə inzibati məsuliyyət nəzərdə tutmuşdur ki, hazırki halda “X9 Təsərrüfatı LTD» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ətraf mühitə hansı zərərli maddələrin atılması, axıdılması və ya basdırılması səlahiyyətli orqan tərəfindən müəyyən edilmədən sadəcə toz hissəciklərinin normadan artıq olmasına istinad olunmaqla inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Halbuki, iş materialları ilə həmin toz hissəciklərinin məhz “X9 Təsərrüfatı LTD» Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti nəticəsində yaranması, toz hissəciklərinin tərkibindəki zərərli maddələrin nədən ibarət olması əsaslandırılmamış və sübuta yetirilməmişdir. İş materiallarında olan 05 aprel 2023-cü il tarixli, 000462 saylı aktda Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən daş karxanalarından kəsim zamanı və atılan tullantılardan ətraf mühitə yayılan toz hissəciklərinin miqdarını və səs-küy səviyyəsini müəyyənləşdirmək üçün monitorinq keçirilməsi göstərilsə də, daşın kəsilməsi nəticəsində yaranan tozun tərkibinin müəyyən edilməsi istiqamətində hər hansı tədbir görülmədən, həmin tozun tərkibində olan zərərli maddələr, o cümlədən, sadəcə tozun deyil, məhz tozun içərisində olan zərərli maddələrin miqdarı müəyyən edilmədən MMC barəsində AR İXMnin 233.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi qanuni və əsaslı olmamışdır. Hüquqi şəxs «X9 Təsərrüfatı LTD» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru İlqar Mürsəlov MMC aparılan yoxlama keçirilmədən öncə Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyetrindən çıxarış alınmadığını, bunun kobud qanun pozuntusu olduğunu, belə olan keçirilmiş yoxlamanın hüquqi nəticəsinin olmadığını göstərsə də, həmin dəlilə münasibətdə məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalara, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin Qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2024-cü il yanvarın 1-dək dayandırılır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi ilə bağlı digər məsələlər bu Qanunun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların müddəaları nəzərə alınmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Göründüyü kimi, hazırki halda aparılan yoxlama tədbiri insanların sağlamlığına təhlükə yaradan məsələ ilə əlaqədar olduğundan həmin yoxlamaların səlahiyyətli orqan tərəfindən aparılması müvafiq qanuna əsasən yolverilən olduğundan həmin dəlil məhkəmə tərəfindən əsassız hesab edilir. Məhkəmə göstərilənləri ümumiləşdirərək “X9 Təsərrüfatı LTD» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən AR İXM-nin 233.1-ci maddəsi ilə nəzərdə tutumuş inzibati xətanın törədilməsinin iş materialları ilə sübuta yetirilməməsi qənaətinə gələrək MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qanuni və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Hüquqi şəxs «X9 Təsərrüfatı LTD» Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində AR İXM-nin 129-cu maddəsində nəzərdə tutulmuş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-2179/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2179/2023
30.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver