Məhkəmə qərarları › İş №3(008)-2207/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2207/2024

29.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2207/2024 29.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Səfərova Aytən Eldar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, 16 fevral 1982-ci il tarixdə doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 29 mart 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Abşeron Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(012)-2078/2022 saylı icra vərəqəsinə əsasən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1200/2019 saylı, 28 mart 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 28 iyun 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmiş, lakin cavabdeh Şəxs məhkəmə qətnaməsinin icrasından üzürsüz səbəbdən yayınaraq icra məmurunun qanuni tələblərinə tabe olmamış, bununla da borclu icra sənədinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərinə riayət etməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 protokolun dəlillərinə uyğun izahat verərək şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq icra məmuru əvvələr barəsində inzibati qaydada icraat aparılan şəxsin işlədiyini, lakin hazırda işsiz olduğunu, adına hər hansı əmlakın olmadığını bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında göstərmişdir ki, o, alimenti ödəməkdən yayırnmır. İşsiz olması ilə əlaqədar arada bir neçə dəfə aylıq ödəniş edə bilməsə də, mütəmadi olaraq maddi imkanının yol verdiyi məbləğdə alimenti ödəmişdir. O, hazırda da işsiz olsa da, mart ayında 170 manat məbləğində aliment ödəmişdir. Ondan öncəki aylarda da 200 manat, imkanı olmadığı aylarda isə 100 manat pul ödəmişdir. O, heç bir zaman alimenti ödəməkdən qəsdən və ya qərəzli olaraq ödəməkdən yayınmamışdır. Məhkəmə iclasında verilmiş suala cavab olaraq barəsində inzibati qaydada icraat aparılan şəxs əvvəllər fərdi əməklə məşğul olduğundan vaxtlı vaxtında alimenti ödədiyini, son aylardır ki, işsiz qaldığını və ciddi maddi sıxıntılar çəkməsini, lakin buna baxmayaraq arada bir neçə ay istisna olmaqla hər ay bacardığı aliment ödədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs öz izahatında bildirmişdir ki, o, Şəxs qəsdən alimenti ödəməkdən yayındığını iddia etməsə də, aliment borcunun tam ödənilməsini tələb edir. Onun təkbaşına uşağının ehtiyaclarını qarşılamağa maddi imkanı çatmır. Aliment borcunun tam ödənilmədiyi təqdirdə barəsində inzibati qaydada icraat aparılan şəxsin həbs edilməsini tələb edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Abşeron Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(012)-2078/2022 saylı icra vərəqəsindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1200/2019 saylı, 28 mart 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 28 iyun 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. “İcraata başlama haqqında” 06 avqust 2022-ci il tarixli surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(012)-2078/2022 saylı icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış, qərar və tələbin könüllü icrası barədə bildiriş Şəxs tərəfindən rəsmi qaydada qəbul edilmişdir. Şəxs tərəfindən verilmiş və iş materiallarına əlavə edilmiş 29 mart 2024-cü il tarixli izahatından görünür ki, o, həmin izahatlarında icra sənədində xəbərdar olduğunu, lakin işləmədiyindən və maddi imkanı olmadığından yığılmış borcu tam məbləğdə ödəmədiyini, tam ödəyə bilməsə də, hissə-hissə ödənişlər etdiyini qeyd etmişdir. Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş "xxxx" ASC-yə məxsus bankı kartından çıxarışlarından görünür ki, Şəxs tərəfindən 06 avqust 2022-ci il tarixdən icraya yönəldilmiş icra sənədi üzrə həmin ilin avqust ayında 160 manat, sentyabr ayında 160 manat, oktyabr ayında 320 manat, noyabr ayında 160 manat, dekabr ayında 160 manat, 2023-cü ilin yanvar ayında 260 manat, fevral ayında 100 manat, mart ayında 100 manat, iyul ayında 200 manat, sentyabr ayında 200 manat, noyabr ayında 200 manat, dekabr ayında 100 manat, 2024-cü ilin fevral və mart aylarında cəmi 170 manat məbləğində ödənişlər edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, zərərçəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin özünün və icra məmurunun izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərlə Şəxs işləməməsi, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş pul məbləğini tam olmasa da, tələbkara hissə-hissə ödəməsi öz təsdiqini tapmışdır. Bu isə onu deməyə əsas verir ki, Şəxs işləmədiyindən icra vərəqəsi üzrə müəyyən edilmiş məbləği tam ödəyə bilməmiş, lakin buna baxmayaraq hissə-hissə də olsa hər ay mütəmadi olaraq ödənişlər edərək məhkəmə qətnaməsinin icrası istiqamətində addımlar atmışdır ki, belə olan halda şəxsin üzürsüz səbəbdən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsindən söhbət gedə bilməz. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs əvvəllər fərdi işlə məşğul olaraq hər ay mütəmadi olaraq ödənişlər etdiyini, bir neçə aydır ki, işsiz olduğundan arada bəzi aylar ödəniş edə bilmədiyini, lakin buna baxmayaraq bacardığı məbləğdə hər ay ödənişlər etdiyini, icra sənədinin icrasından yayınmadığını bildirmiş, həqiqətən də məhkəmə təqdim edilmiş bank kartından çıxarışla onun icra sənədi icraya yönəldiyi vaxtdan 2023-cü ildə bir neçə ay istisna olmaqla hər ay ödəniş etməsi, onun neçə aydır ki, işsiz olması (icra məmuru da bu halı təsdiq etmişdir) öz təsdiqini tapmışdır. Bundan savayı, məhkəmə iclasında zərərçəkmiş özü də Şəxs qəsdən icra sənədini icra etməsini iddia etmədiyini, sadəcə borcun tam ödənilməsini tələb etdiyini bildirmişdir ki, bu da zərərçəkmiş şəxsin özünün də Şəxs maddi imkanından məlumatlı olaraq onun üzürsüz səbəbdən deyil, məhz maddi imkansızlıq səbəbindən icra sənədini tam icra etməməsi halının mövcudluğunu qəbul etdiyini deməyə əsas verir. Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzürsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Məhkəmə onu da qeyd edir ki, iş materiallarından görünür ki, məhkəmə qətnaməsinin icraya yönəlməsindən 02 ilə yaxın müddət keçməsinə baxmayaraq icra məmuru məhkəmə qətnaməsinin icrası üçün Azərbaycan Respublikası “İcra haqqında” Qanununda nəzərdə tutulmuş lazımi tədbirləri görmədən (işlə təmin olunmasının təmin edilməsi Dövlət Məşğulluq Xidmətində qeydiyyata durması hüququnun izah edilməsi, adına məhkəmə qətnaməsinin icrasının yönəldilə biləcəyi hər hansı əmlakın olub-olmamasının müəyyən edilməsi və.s.), yəni qətnamənin icrası üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün imkanlar tükənmədən inzibati xəta haqqında protokol tərtib etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs işsiz olması, bu səbəbdən işləməməsi, hər ay mütəmadi olaraq (bir neçə ay istisna olmaqla) hissə-hissə də olsa qətnamə üzrə müəyyən edilmiş məbləğdən ödənişlər etməsi öz təsdiqini tapdığından və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar