Məhkəmə qərarları › İş №3(008)-2267/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2267/2025

23.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2267/2025 23.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Sabunçu RPİ-nin 13-cü PŞ-nin polis sahə inspektoru, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, telefon ustası işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs qanunsuz olaraq narkotik vasitə istifadə etmişdir. Bundan başqa Şəxs xx.xx.2025-ci il tarixdə Bakıxanov qəsəbəsi ərazisində polisin qanuni tələbini qəsdən pozaraq polisin ünvanına təhqiramiz ifadə işlədərək, hədə qorxu gələrək, avtopatrula başı ilə zərbələr endirərək müqavimət göstərdiyinə görə barəsində AR İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Sabunçu RPİ-nin 13-cü PŞ-nin polis sahə inspektoru, polis baş leytenantı X2 tərəfindən Şəxs İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokollar tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PŞ-nin polis sahə inspektoru, polis baş leytenantı X2 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs İXM-nin 206 və 535.1-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində müvafiq olaraq xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Göstərilənlərə əsasən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, narkotik vasitə istifadəçisi olmamışdır. xx.xx.2025-ci il tarixdə dostunun toyundan çıxaraq evə getmişdir. Yolda toyda iştirak edən digər dostunu polislərin saxladığını görmüşdür. Onlara yaxınlaşmışdır. O da dostu ilə birlikdə şöbəyə gedəcəyini bildirmişdir. Yolda olan zaman maşında polis əməkdaşı onlarla kobud davranmışdır. O, polisə qanun çərçivəsində hərəkət etməsini bildirdikdə polis ona gör sənin başına nə oyun açacam demişdir. Daha sonra onun barəsində protokol tərtib edib məhkəməyə gətirmişlər. Onun bu həyatda heç kimi yoxdur. Anasını onkoloji xəstəlikdən itirmişdir. Bu günə qədər onun nə inzibati, nə cinayət məsuliyyəti olmuşdur. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 13-cü PŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Aqil Əsgərzadə bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 21:00 radələrində baş vermiş oğurluq hadisələri ilə bağlı inzibati ərazidə xidmət aparan zaman 2 nəfər şəxs tərəflərindən saxlanılıb yoxlanılan zaman sonradan adının Şəxs olduğunu bildiyimiz şəxs sərxoş vəziyyətdə onlara yaxınlaşaraq polislərin ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Həmçinin rəhbər hökümət nümayəndələrinin adlarını çəkərək onlarla yaxın əlaqələrinin olduğunu bildirərək onlara hədə-qorxu gəlmişdir. Həmin şəxsi nizam-intizama dəvət etsək də, öz hərəkətlərinə davam etmişdir. Ona görə də onu 13-cü PŞ-nə təmin etmişlər. Şöbədə qeyri-adekvat hərəkətlər etməyə başlamışdır. Başını divara vuraraq özünə xəsarət yetirməyə çalımışdır. Onun üzərinə gələrək onu vurmasını demişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, 2304 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Şəxs sidik nümunəsində BAR (+) aşkar olunur, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PŞ-nin polis sahə inspektoru, polis baş leytenantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs narkotik vasitədən istifadə etməsi müəyyən olunmuşdur; Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PŞ-nin polis sahə inspektoru, polis baş leytenantı X2 tərəfindən tərtib olunmuş xx.xx.2025-cü il tarxili, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Bakıxanov qəsəbəsi ərazisində polisin qanuni tələbini qəsdən pozaraq polisin ünvanına təhqiramiz ifadə işlətmiş, hədə qorxu etmiş, avtopatrula başı ilə zərbələr endirərək müqavimət göstərmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; İnzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il saat 21:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir; İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-1. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Beləliklə sadalananlara əsasən Şəxs ona istinad edilən inzibati xətaları törətməsi onun barəsində tərtib olunmuş inzibati xəta haqqında protokollar, iş materillarında olan digər sənədlər ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, ilk dəfə məsuliyyətə cəlb olunmasını, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin İXM-nin 206-cı maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməli və məhkəmə iclas zalından dərhal azad olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 106-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 206-cı maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar