Məhkəmə qərarları › İş №3(008)-2275/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2275/2025

12.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2275/2025 12.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Əsədov Aqil Akif oğlunun katibliyi ilə, Qərardan şikayət verən şəxs X7 və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X8 Xidmətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X9 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən, Sabunçu rayon Kommunal Təsərrüfatı İdarəsində bağlanmış əmək müqaviləsinə əsasən öz əmək funksiyalarını yerinə yetirən küçə süpürgəçisinin guya işəgötürən tərəfindən işçilərin iş yerində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə görə- Sabunçu rayon Kommunal Təsərrüfatı İdarəsinin rəisi X9-barəsində xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsinə əsasən MN2124046 nömrəli inzibati protokol tərtib olunaraq, xx.xx.2025-ci il tarixdə DƏMX-nin Bakı şəhər idarəsində AR-sı İXM-nin 199-cu maddəsinə əsasən 1200 manat məbləğində inzibati cərimə növü tətbiq edilməsi barədə İnzibati tənbeh vermə haqqında qərar qəbul olunduğunu, rəhbərlik etdiyi Sabunçu rayon Kommunal Təsərrüfatı İdarəsinin Təmizlik sahəsinin küçə süpürgəçisi işləyən X5 xx.xx.2024-cü il tarixdə saat 07:15 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsi, S.B.Mehmandarov küçəsində, döngədə kağız parçalarını yığıb qurtardıqdan sonra yolu keçmək üçün sarı xətlə bardür arasında piyada qismində olarkən “Honda-Civic markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobil sola dönərkən sağdan gələn avtomobillərə sürücünün fikri yayındığı üçün K.Hüseynovanı səkinin kənarında vuraraq ona “sol bud və sol baldır sümüklərinin, sol diz oynağı daxili yerinin dəyişən sınığı” xəsarəti ilə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığına “AZ AĞİR” xəsarəti yetirdiyini, Baş vermiş hadisə ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən aparılmış təhqiqat aktında hadisənin baş verməsində əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydalarının pozulması halına yol verilməməsi müəyyən olunduğunu, aparılmış araşdırma zamanı sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin olunması sahəsində əvvəlcədən bütün tədbirlər həyata keçirilərək sənədləşdirildiyini, Təhqiqat aktı X8 Xidmətinin baş məsləhətçisi-baş əmək müfəttişinin imzası ilə təsdiq olunduğunu, Bu barədə Sabunçu RPİ-nin İstintaq Şöbəsində araşdırma aparıldığını, Buna baxmayaraq DƏMX-nin Bakı şəhər İdarəsi tərəfindən təhqiqat aktının və İZ FOMASİ aktının nəticəsini nəzərə almadan 2 aya yaxın müddət keçdikdən sonra KTİ-nin rəisi kimi barəmdə AR-sı İXM-nin 199-cu maddəsinə əsasən İnzibati xəta haqqında protokol tərtib olunaraq və 1200 manat məbləğində inzibati cərimə növü tətbiq edilməsi barədə MN1870156 nömrəli İnzibati tənbeh vermə haqqında qərar qəbul olunduğunu. Bu barədə tərəfindən xx.xx.2025-ci il tarixdə, 3-52-13-9-1/2-56/2025 saylı məktubla DƏMX-nin Bakı şəhər İdarəsinə etiraz məktubu ünvanlasa da buna heç bir reaksiya verilmədiyini, əməlində AR. İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsinin tərkibini yaradan inzibati xətnın olmadığını, Tərtib olunmuş protokolun heç bir hüquqi əsası olmadığını bildirmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən barəmdə qəbul olunmuş xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsinə əsasən İnzibati xəta haqqında protokolu və xx.xx.2025-ci il tarixli inzibati cərimə növü tətbiq edilməsi barədə MN1870156 nömrəli İnzibati tənbeh vermə haqqında qərar ləğv ediməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərardan şikayət verən şəxs X9 məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və onun barəsində AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin səlahiyyətli nümayəndəsi Nümayəndə məhkəmə iclasında çıxış edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən X9 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə şikayətçinin, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş inzibat orqanın nümayəndəsinin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Kommunal Təsarrüfat İdarəsinin (KTİ) -nin süpürgəçisi X1 xx.xx.2024-cü il tarixdə iş zamanı istehsalatda xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə zamanı birliyin rəisi işəgötürən X9 tərəfindən işçiyə iş yerinin sağlam təhlükəsiz əməyin mühafizəsi şəraiti təmin edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş inzibati tənbeh vermə haqqında 15 aprel 2025-ci il tarixli, MN ******* nömrəli qərardan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Kommunal Təsarrüfat İdarəsinin (KTİ) –nin rəisi X9 tərəfindən Sabunçu rayonu, Komunal Təsarrüfat İdarəsinin (KTİ) -nin süpürgəçisi X1 xx.xx.2024-cü il tarixdə iş zamanı istehsalatda xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə zamanı birliyin rəisi işəgötürən X9 tərəfindən işçiyə iş yerinin sağlam təhlükəsiz əməyin mühafizəsi şəraiti təmin edilməmişdir. Nəticədə X9 tərəfindən AR İXM-nin 199-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Buna görə barəsində 1200 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Sabunçu Sabunçu rayonu, Komunal Təsarrüfat İdarəsinin (KTİ) -nin süpürgəçisi X1 xx.xx.2024-cü il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat aktına əsasən AR ƏƏSMN yanında DƏMX-nin xx.xx.2025-ci il tarixli 3-17-5/3-2-44/2025 nömrəli əmri ilə təyin edilmiş komissiya xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci-cü il tarixədək həmin bədbəxt hadisənin təhqiqatını aparmış və həmin aktı tərtib etmişdir. Həmin aktın əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydalarının pozulmasına yol vermiş şəxslər haqqında komissiyanın rəyinə əsasən bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4-cü bölməsinə əsasən xx.xx.2024-cü il tarixdə saat 07:25 radələrində sürücü X6 idarə etdiyi “Honda Civic” markalı **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu rayon, Bakıxanov qəsəbəsi, S.B.Mehmandarov küçəsində hərəkətdə olarkən Sabunçu rayon Kommunal Təsarrüfat İdarəsinin (KTİ)-nin süpürgəçisi X2 vuraraq xəsarət yetirməsi müəyyən edilmişdir. Həmin aktın əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydalarının pozulmasına yol vermiş şəxslər haqqında komissiyanın rəyinə əsasən bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 6-cı bölməsinin 6.1-ci bəndində komissiya bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4-cü bölməsinə əsasən əməyin mühavizəsi üzrə qanunvericlik aktlarının və qaydalarının pozulmasına yol vermiş şəxsləri müəyyən etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 199-cu maddəsinə əsasən işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsinə görə-yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən təhqiqat materialına istinad etsə də, həmin təhqiqat aktında aşağıdakılar qeyd olunmuşdur: “Kommunal Təsərrüfat İdarəsinin (KTİ) -nin süpürgəçisi X1 xx.xx.2024-cü il tarixdə xəsarət alması ilə nəticələnmiş hadisə Kommunal Təsərrüfatı İdarəsinin küçə süpürgəçisi piyada qismində yolu keçən X3 vuraraq xasaret yetirməsi səbəbindən baş vermişdir. 6.1 Komissiya bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4-cü bölməsinə asasən əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydalarının pozulmasına yol vermiş şəxsləri müəyyən etməmişdir.” Qeyd olunan təhqiqat aktında bədbəxt hadisənin Kommunal Təsarrüfat İdarəsinin (KTİ)-nin süpürgəçisi X1 öz vəzifə funksiyalarını icra edən zaman yox, piyada qismində yolu keçən zaman sürücünün ehtiyatsızlığından baş verməsi əks olunmuş və əməyin mühafizəsi üzrə qanunvericlik aktlarının və qaydalarının pozulmasına yol vermiş şəxslər müəyyən edilməmiş qalmış və X7 hər hansı pozuntuya yol verməsi ilə bağlı heç bir əsaslandırma əks olunmamışdır. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi ümumi sözlərlə süpürgəçi xanımın yanında digər bir şəxsin də olmalı olduğunu bildirsə də, bunun hansı qaydanın və ya vəzifə təlimatının tələbi olduğuna istinad etməmiş, sübutetmə yükünün şikayət verən tərəfə aid olduğunu bildirmişdir. Belə olan halda inzibati xəta haqqında protokol tərtib edən orqanın nəyə əsasən Sabunçu KTİ-nin rəisi X7 barəsində İXM-nin 199-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə nəticəyə gələrək inzibati tənbeh vermə haqqında qərar qəbul etməsi aydın deyil. Şəxs inzibati məsuliyyətə o halda cəlb oluna bilər ki, inzibati xətanın törədilməsində təqsirli hesab edilsin və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş olsun. Təqsirsizlik prezumpsiyasına əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Şəxsin təqsirliliyini təsdiq edən sübutun olmaması şəxsin təqsirliliyinin sübuta yetirilməməsi hesab edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsasdır. İnzibati xəta haqqında protokolda və inzibati tənbeh vermə haqqında qərarda X7 sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitini təmin etməməsinin onun hansı hərəkətlərində ifadə olunması qeyd edilməmişdir. Yəni şəxs hansı hərəkətləri etməli idi ki, onu etməməklə sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitini yaratmamışdır. Bunu təsdiq edən sübutlar inzibati xəta haqqında protokol tərtib edən orqan tərəfindən təqdim olunmamışdır. Əksinə onların təqdim etdiyi komissiyanın rəyində baş vermiş bədbəxt hadisədə təqsiri olan şəxsin müəyyən olunmadığı və hadisənin zərərçəkən şəxsin piyada qismində yolu keçən zaman baş verdiyi qeyd olunmuşdur. Bu isə Sabunçu rayon KTİ-nin rəisi X7 sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitini təmin etməməsi kimi bir nəticəyə gəlinməsini istisna edir. Yəni, aparılmış araşdırma onun təqsirli olmasının sübuta yetirilməsində yetərli deyildir. İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.5-1-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması əsasdır. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X4 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən “Sabunçu Rayon Kommunal Təsərüffat İdarəsinin”nin rəisi X9 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar