Məhkəmə qərarları › İş №3(008)-2337/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2337/2025

08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2337/2025 08.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Əsədov Aqil Akif oğlunun katibliyi, Şikayətçi Cəfərli Habil Aydın oğlunun iştirakları ilə, Cəfərli Habil Aydın oğlunun Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş 05.04.2025-ci il tarixli, EQ27142312 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Cəfərli Habil Aydın oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş 05.04.2025-ci il tarixli, EQ27142312 nömrəli inzibati tənbeh tədbiri haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Cəfərli Habil Aydın oğlu şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində 05.04.2025-ci il tarixli qərarı ilə barəmdə Azərbaycan Respublikası İXM-nin 346.2—ci maddəsi ilə 40 (qırx) manat inzibati tənbeh tədbiri tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Qeyd edim ki, qərarla razı deyildir. Belə ki, çəkilən fotoşəkil uzaqdan çəkildiyi üçün dayanacağa yaxın kimi görüntü yaradır. Halbuki o avtomobilini dayanacaqdan təximən 18-20 metr kənarda saxlamışdır. Həmçinin cərimə tətbiq edilən ərazidə nişanlama xətləri çəkilməmişdir. O qəbul edilmiş qərarla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə elektron qaydada müraciət etsə də, müraciətinə baxılmamışdır. Azərbaycan Respublikası İXM-nin 75—ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 13—cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 53.0.2—ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 105.1—ci maddəsinə əsasən bu Məcəllənin 53—cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli-şəxs) inzbati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərdikərinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 27142312 nömrəli, 05.04.2025—ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və barəsində olan inzibati işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası DİN BDYPİ-nin nümayəndəsinə qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası DİN BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməməli, Cəfərli Habil Aydın oğlu barəsində AR İXM-nin 346.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş 05.04.2025-ci il tarixli, EQ27142312 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati xəta haqqında 05.04.2025-ci il tarixli, EQ27142312 nömrəli protokoldan görünür ki, 05.04.2025-ci il tarixdə, Cəfərli Habil Aydın oğlunun idarə etdiyi “TOYOTA PRİUS V(HİBRİD)” minik markalı, 77SJ681 dövlət qeydiyyat nişanlı avtomobili ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12 halı .5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitlərinin durmasına görə 40 manat məbləğində cərimə olunmuşdur. İnzibati təbheh vermə haqqında 05.04.2025-ci il tarixli, EQ27142312 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cəfərli Habil Aydın oğluna İXM-nin 346.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 40 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Şikayətə əlavə edilmiş foto şəkillərdən görünür ki, Cəfərli Habil Aydın oğlunun idarə etdiyi “TOYOTA PRİUS V(HİBRİD)” minik markalı, 77SJ681 dövlət qeydiyyat nişanlı avtomobil İXM-nin 346.2-ci maddəsində qeyd olunmuş nişandan 15 metrdən az məsafədə saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 122.1. Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346- 1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. 122.2. İnzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. 122.3. İnzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir: 122.3.1. inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); 122.3.3. inzibati cərimənin məbləği və ödənilməsi qaydası. 346.2-ci maddəsinə əsasən, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə – qırx manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, Cəfərli Habil Aydın oğlunun İXM-nin 346.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş 05.04.2025-ci il tarixli, EQ27142312 nömrəli qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDI: Şikayət təmin edilməsin. Cəfərli Habil Aydın oğlunun İXM-nin 346.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş 05.04.2025-ci il tarixli, EQ27142312 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar