Məhkəmə qərarları › İş №3(008)-2399/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2399/2024

15.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2399/2024 15.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlu, məhkəmə iclasının katibi Əziz-zadə Məlikəhməd Mahir oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, tələbkar Zərərçəkmiş şəxs və onun nümayəndəsi X2 iştirakı ilə, ` xx.xx.1959-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivi, 1ci Kvartal sahə 52-də qeydiyyatda olan-Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-613/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən icra vərəqəsindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icrası ilə bağlı qanuni tələbini yerinə yetirməmişdir. Bu barədə Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X5 tərəfindən MN № ******* saylı, 04 aprel 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmənin 04 aprel 2024-cü il tarixdə keçirilən iclasında inzibati xəta haqqında protokolu tərtib edən Sabunçu Rayon İcra şöbəsinin icra məmuru X5 göstərmişdir ki, Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-613/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icrası ilə bağlı qanuni tələbini yerinə yetirməmişdir. Belə ki, Şəxs üzrsüz səbəbdən yayınaraq mətbəx mebelini Zərərçəkmiş şəxs verməkdən imtina etmişdir. Ona görə də borclu Şəxs barəsində inzibati xəta haqqında protokolun tərtibinə zərurət yaranmış və tərəfindən borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək onun Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması xahiş edilmişdir. Tərtib etdiyi protokolu müdafiə edir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, o, dəfələrlə Şəxs onun şəhid həyat yoldaşı ilə olan nigah haqqında şəhadətnaməsini və mətbəx mebelini verməsini tələb etsə də Şəxs mətbəx mebelini və nigah haqqında şəhadətnaməni verməkdən imtina etmişdir. Odur ki, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, həmin mətbəx mebelini şəhid oğlu ailə həyatı qurarkən ona almışdır. Məhkəmə qərarı olmasına baxmayaraq mətbəx mebelini və nigah haqqında şəhadətnaməni tələbkara verməyəciyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs və onun nümayəndəsi X3 izahatında göstərmişdir ki, Şəxs qərəzli olaraq Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 613/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindəki tələbi üzrsüz səbəbdən icra etməmişdir. Odur ki, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-613/2022 saylı, xx.xx.2022-ci il il tarixli icra vərəqəsindən görünür ki, qarşılıqlı iddia tələbi qismən təmin edilmişdir. Qonaq otağı mebel dəsti, yataq otağı dəsti, mətbəx üçün masa və oturacaq dəsti, mətbəx üçün divan, şirəçəkən, elektrik samovar, qranit qazan dəsti, sadə güllü qazan dəsti, sadə qazan dəsti, 2 qutu qaşıq dəsti, 3 mərtəbə şirniyyat qabı, tort qabı, komod üstü üçün büllur qab dəsti, büllur stəkanlar, büllur konfet qabları 6 əd, yemək dəsti, çay dəsti, şirniyyat qabı, mətbəx üçün boşqablar, çəngəl bıçaq dəsti, çüqun qazanlar, taslar, plastik qablar, mətbəx alətləri, xalça 8 ədəd, bir ədəd Gəncə xalçası, çilçıraqlar 3 ədəd, qonaq, yataq və uşaq otaqları üçün pərdələr, geyim, ayaqqabılar, paltarlar, yataq dəstləri, bir ədəd taxt döşəyi, 30 ədəd dəsmal, 3 ədəd yorğan, 4 ədəd yastıq, süfrələr, bir ədəd noutbuk çantası, kitablar, dərs ləvazimatlarından ibarət məişət və şəxsi əşyalar Şəxs və X1 alınaraq Zərərçəkmiş şəxs verilməlidir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-1968/2021 saylı, 24 avqust 2021-ci il tarixli qətnaməsi qismən-qarşılıqlı iddianın rədd olunmuş hissəsində ləğv olunmuş, həmin hissədə iddia qismən təmin olunmuşdur. Mətbəx mebeli – dəyəri 1750 (bir min yeddi yüz əlli) manat, mətbəx üçün divan - 150,0 (bir yüz əlli) manat, “Samsung” markalı paltaryuyan - 400,0 (dörd yüz) manat, “Samsung” markalı suyuducu – 850,0 (səkkiz yüz əlli) manat, “Samsung” markalı televizor – 1150,0 (bir min yüz əlli) manat, “Samsung” markalı DVD-nin - 50,0 (əlli) manat, mətbəx üçün “Hoffman” markalı televizor - 150,0 (bir yüz əlli) manat, soba – 300,0 (üç yüz) manat, qaz sobası – 120,0 (bir yüz iyirmi) manat, aspirator - 100,0 (bir yüz) manat, mətbəx üçün krant - 30,0 (otuz) manat, noutbuk masası- 30,0 (otuz) manat)-həmin əşyalar olmadıqda onların dəyəri, həmçinin nikah haqqında şəhadətnamə, 3 aynalı güzgü və qırmızı qutuda daraq dəsti cavabdehlər Şəxs və X1 alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Qalan hissədə qarşılıqlı iddia ərizəsi təmin olunmamışdır. İş materiallarında olan portal çıxarışdan Şəxs şəhid ailəsi olduğuna görə 500 manat məbləğində müavinət alması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası adından çıxarılan və qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrasına dair icra vərəqəsinin verilməsindən 01 ildən artıq müddət keçmiş, lakin məhkəmə qətnaməsi icra olunmamış qalmışdır ki, bu da qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasız qalmasına haqq qazandıran hal ola bilməz. Borclu icra sənədində qeyd edilən tələbkara verməyəciyini bildirməsi icra sənədinin icrasında qərəzli yayınma kimi qiymətləndirilməlidir. İş materiallarından da göründüyü kimi icra sənədi verildiyi müddətdə borclu onu dərhal icra etməsi mümkün olmasa da, sonradan icra sənədini könüllü icra etməmişdir. Bu isə belə qənaətə gəlməyə əsas verir ki, borclu icra sənədini icra etməkdən qəsdən yayınır. Bu hal isə işin faktiki hallarından asılı olaraq əvvəl inzibati sonra isə cinayət məsuliyyətinə səbəb olan haldır. Belə ki, iş materiallarından göründüyü kimi Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-613/2022 saylı, 29 iyul 2019-cu il tarixli icra vərəqini icra etmək öhdəliyi daşımasına baxmayaraq, icra vərəqini qərəzli şəkildə icra etməkdən boyun qaçırmışdır. İcra sənədinin üzürlü səbəblərdən icra edilməməsinə dair iş materiallarında sübutlar olmamasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası adından çıxarılmış məhkəmə aktına hörmətsiz yanaşaraq qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Bununla da, inzibati tənbehin məqsədinə nail olmaq, inzibati tənbeh, inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını alması istisna olunmuşdur. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsi, barəsində inzibati protokol tərtib edilmiş şəxsi və tələbkarı dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən - İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə tutulan pul məbləğidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 35-ci maddəsinə əsasən barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs tənbehin icrasını bitirdiyi gündən etibarən bir il ərzində yeni inzibati xəta törətməmişdirsə, o, inzibati məsuliyyətə cəlb edilməmiş hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Şəxs yaşlı olması barəsində məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Onun barəsində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, borclunun şəxsiyyətini, Şəxs yaş həddinin altmış beş yaşdan yuxarı olduğunu nəzərə alaraq, onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sankisiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 62, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar