Məhkəmə qərarları › İş №3(008)-2440/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2440/2023

17.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2440/2023 17.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlu, məhkəmə iclasının katibi Əliyeva Gülnar Söhbət qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Alıyev Vüqar Cahangir oğlunun, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Rüstəmov Mətləb İxtiyar oğlunun iştirakı ilə, 08.07.1971-ci il tarixdə Zəngilan rayonu, Xumarlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Dadaşov küçəsi, ev 23 ünvanda qeydiyyatda olan - Rüstəmov Mətləb İxtiyar oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Sabunçu rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Rüstəmov Mətləb İxtiyar oğlu Bakı şəhəri 4 saylı Notariat Kontorunun 7-E-01-255 saylı, 23.01.2015-ci il tarixli icra sənədindəki 40.000 (qırx min) manat məbləğində borcun ödənilməsi ilə bağlı tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Bu barədə Sabunçu rayon İcra şöbəsinin icra məmuru Alıyev Vüqar Cahangir oğlu tərəfindən MN № 1477425 saylı, 17 may 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Sabunçu rayon İcra şöbəsinin icra məmuru Alıyev Vüqar Cahangir oğlu göstərmişdir ki, borclu Rüstəmov Mətləb İxtiyar oğlu Bakı şəhəri 4 saylı Notariat Kontorunun 7-E-01-255 saylı, 23.01.2015ci il tarixli icra sənədi üzrə olan 40.000 (qırx min) manat məbləğində borcunu tələbkar Bayramov Sahib Qaraş oğluna ödənilməsindən üzrsüz səbəbdən yayınır. Ona görə də Rüstəmov Mətləb İxtiyar oğlu barəsində inzibati protokolun tərtibinə zərurət yaranmış və tərəfindən borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək onun İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Ümumiyyətlə qeyd olunan borclu barəsində onun icraatında 07 (yeddi) icra işi olmuş və onlar bir icraatda birləşdirilmişdir. Hazırkı vaxta qədər heç bir icra sənədi tam icra olunmamışdır. Müxtəlif icra işləri üzrə Rüstəmov Mətləb İxtiyar oğlunun mülkiyyətində olan əmlaka həbs qoyulsa da, həmin əmlak banklarda ipoteka ilə yüklü olduğundan qeyd olunan tələbi həmin əmlaka yönəldərək təmin etmək mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Rüstəmov Mətləb İxtiyar oğlu izahatında göstərmişdir ki, Bakı şəhəri 4 saylı Notariat Kontorunun 7-E-01-255 saylı, 23.01.2015-ci il tarixli icra sənədində qeyd olunan 40.000 (qırx min) manat məbləğində pulu o, tələbkardan almamışdır və əslində ona qarşı borcu yoxdur. Bununla yanaşı onun barəsində Bakı şəhəri Sabunçu rayon İcra şöbəsində müxtəlif icra işləri olsa da, həmin tələblərin icra olunması üçün əmlakı üzərinə həb qoyulmuşdur. 8 (səkkiz) ildir həbsdə olduğuna görə borclarını ödəyə bilməmişdir. O, 2022ci ilin dekabr ayının sonunda həbsdən azad olunmuşdur. Odur ki, işlərini hələ tam qura bilməmişdir. İşləri qaydasına düşdükdən sonra borclarını ödəyəcəkdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmiş tələbkarın hüquqi varisi Bayramov Rövşən Sahib oğlu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2508/2013 saylı, 12 iyun 2013-cü il tarixli icra vərəqəsindən görünür ki, Rüstəmov Mətləb İxtiyar oğlundan 10000 manat əsas, 15000 manat faiz borcu və 30 manat dövlət rüsumu tutularaq Həşimov Sənan Şahzadə oğlunun xeyrinə ödənilməlidir. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsinin 15 avqust 2013cü il tarixli bildirişin surətindən görünür ki, Rüstəmov Mətləb İxtiyar oğluna tələbin könüllü surətdə icra olunması üçün 10 gün müddət təyin olunmuşdur. İş materiallarında olan Bakı şəhəri 4 saylı Notariat Kontorunun 7-E-01-255 saylı, 23.01.2015-ci il tarixli icra qeydindən görünür ki, Rüstəmov Mətləb İxtiyar oğlundan cəmi 40000 manat və 10 manat dövlət rüsumu tutularaq tələbkar Bayramov Sahib Qaraş oğlunun xeyrinə ödənilməlidir. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsinin 26 yanvar 2015ci il tarixli bildirişin surətindən görünür ki, Rüstəmov Mətləb İxtiyar oğluna tələbin könüllü surətdə icra olunması üçün 10 gün müddət təyin olunmuşdur. İş materiallarında olan 26 yanvar 2015-ci il tarixli məktubun surətindən görünür ki, Rüstəmov Mətləb İxtiyar oğluna 4 Saylı Dövlət Notariat Kontorunun 3M-0107 saylı, 23.01.2015-ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər icra edilməsi üçün göndərilmişdir. İş materiallarında olan poçt qəbzin surətindən görünür ki, Rüstəmov Mətləb İxtiyar oğlu bildirişi 09 fevral 2015-ci il tarixdə qəbul etmişdir. İş materiallarında olan 06 fevral 2015-ci il tarixli məktubun surətindən görünür ki, Rüstəmov Mətləb İxtiyar oğluna Bayramov Sahib Qaraş oğluna 40000 manat borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Rüstəmov Mətləb İxtiyar oğlunun Sabunçu rayon İcra şöbəsinə ünvanladığı 09 fevral 2015-ci il tarixli ərizənin surətindən görünür ki, Rüstəmov Mətləb İxtiyar oğlu Bayramov Sahib Qaraş oğluna 40000 manat borcunu olmasını, lakin həmin məbləği “Bank Respublika” ASC-yə ödəməsini və bununla əlaqədar tələbkarla razılığa gələcəyini, əks təqdirdə məsuliyyət daşıyacağı barədə icra məmuru tərəfindən xəbərdar edilməsini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 16.05.2023-cü il tarixli məktubunun surətindən görünür ki, Rüstəmov Mətləb İxtiyar oğlu cəza müddətinin qurtarması ilə əlaqədar 30.12.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasından azad edilmişdir. İş materiallarında olan Rüstəmov Mətləb İxtiyar oğlunun Sabunçu rayon İcra şöbəsinə ünvanladığı 17 may 2023-cü il tarixli izahatın surətindən görünür ki, o, Bakı şəhəri 4 saylı Notariat Kontorunun 7-E-01-255 saylı, 23.01.2015-ci il tarixli icra sənədindən xəbərdardır və formal borc müqaviləsidir. O, Bayramov Sahib Qaraş oğlunun banka olan borcunu ödəmişdir və hər ay Sahib Bayramova 400 manat pul vermişdir. Göstərilənlərə əsasən icra sənədi üzrə tərəfindən hər hansı bir məbləğdə pul ödənilməmişdir. İş materiallarında olan Sabunçu rayon İcra şöbəsinin icra məmuru Vüqar Alıyevin 05.10.2021-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri 4 saylı Notariat Kontorunun 7- E-01-255 saylı, 23.01.2015-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-116/2016 saylı, 11.01.2017-ci il tarixli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-2508 nömrəli, 12.06.2013-cü il tarixli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1302/2015 nömrəli, 20.04.2015-ci il tarixli, Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən verilmiş 1(101)-117/2016 nömrəli, 22.01.2016-cı il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-164/2018 nömrəli, 07.09.2018-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-842/2021-005 nömrəli, 19.04.2021-ci il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. İş materiallarında olan Bakı şəhəri İcra şöbəsinin 11 aprel 2023-cü il tarixli məktubunun surətindən görünür ki, İcra məmuru borclunun əmlak vəziyyətini müəyyən etmək üçün aidiyyəti qurumlara sorğular vermiş və nəticədə borcluya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, B.Dadaşov küçəsin 23 saylı fərdi yaşayış evinin aşkar etmişdir. Borcluya məxsus əmlakın üzərinə həbs qoyulması üçün təqdimatla Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş və Sabunçu Rayon Məhkəməsinin 8(008)- 1036/2015 saylı qərardadı ilə qeyd olunan əmlakın üzərinə həbs qoyulmuşdur. Borcluya məxsus həmin əmlak “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC tərəfindən 240.000 manat məbləğində qiymətləndirilmiş və 02.03.2016-cı il tarixli sifariş məktubuna əsasən hərracda satılmaq üçün Hərrac Mərkəzinə göndərilmişdir. Lakin məlum olmuşdur ki, qeyd olunan borcluya məxsus əmlak Bank “VTB” ASC-də girovdadır. Bu səbəbdən borcluya məxsus əmlakın hərracda satışını həyata keçirmək mümkün olmamışdır. Bundan başqa borclu Rüstəmov Mətləb İxtiyar oğlunun Sabunçu rayon İcra şöbəsinin icraatın borclu olduğu (tələbkar Bank “VTB” ASC - 356988 manat, tələbkar “Bank Respublika” ASC - 47869 manat, tələbkar Həşimov Sənan Şəhzadə oğlu - 25030 manat, tələbkar - LPO “Zaminbank” ASC- maddi ziyanın ödənilməsi, tələbkar “Bank Respublika” ASC - 144878,01 USD, tələbkar “Bank Respublika” ASC - 129157,65 USD ) icra işləri vardır və icra işləri üzrə həmin əmlakın üzərində həbs vardır. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsi, barəsində inzibati protokol tərtib edilmiş şəxsi dinləyib hesab edir ki, Rüstəmov Mətləb İxtiyar oğlu Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən- icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 6.1.4-cü maddəsinə əsasən notariusun icra qeydləri icra sənədi sayılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyats ızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Göründüyü kimi, hazırki vəziyyətdə Rüstəmov Mətləb İxtiyar oğlunun əməlində İXMnin 528.1-ci maddəsi ilə müəyyən olunan inzibati xəta hadisəsinin mövcudluğu təsdiq olunur. Belə ki, icra məmuru Bakı şəhəri 4 saylı Notariat Kontorunun 7-E-01-255 saylı, 23.01.2015-ci il tarixli icra sənədi üzrə olan 40.000 (qırx min) manat məbləğində borcun ödənilməsi ilə bağlı bildirişi hələ 26 yanvar 2015-ci il tarixdə borcluya ünvanlayaraq könüllü surətdə icra olunması üçün 10 gün müddət təyin etmiş, qeyd olunan bildiriş Rüstəmov Mətləb İxtiyar oğlu tərəfindən 09 fevral 2015-ci il tarixdə qəbul edilmişdir. Eləcə də, Rüstəmov Mətləb İxtiyar oğlunun Sabunçu rayon İcra şöbəsinə ünvanladığı 09 fevral 2015-ci il tarixli ərizənin surətindən görünür ki, o, Bayramov Sahib Qaraş oğluna 40000 manat borcunu olmasını, lakin həmin məbləği “Bank Respublika” ASC-yə ödəməsini və bununla əlaqədar tələbkarla razılığa gələcəyini, əks təqdirdə məsuliyyət daşıyacağı barədə icra məmuru tərəfindən xəbərdar edilməsini bildirmişdir. Lakin Mətləb Rüstəmov 2015-ci ildə həbs olunduğu tarixədək, eləcə də həbsdən azad olunduğu 30.12.2022-ci il tarixdən barəsində inzibati xəta haqqında protokol tərtib olunduğu 17.05.2023-cü il tarixədək icra sənədi üzrə hər hansı bir ödəniş etməmiş və bunun səbəbini Sabunçu rayon İcra şöbəsinə ünvanlandığı müxtəlif ərizə və izahatlarda tələbkara borcunun olmaması və icra qeydinin verilməsinə əsas olan borc müqaviləsinin formal xarakterli olması ilə əsaslandırmışdır ki, bu da icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra olunmamasına dəlalət edir. Eləcə də, icra sənədi üzrə tələbin təmin olunması məqsədilə borcluya məxsus əmlakın üzərinə həbs qoyulması barədə Rüstəmov Mətləb İxtiyar oğlunun izahatı ilə əlaqədar məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxs çox yaxşı anlayır ki, mülkiyyətində olan həmin əmlak digər icra sənədləri üzrə, həm də dəyərindən dəfələrlə artıq olan məbləğlərə ipoteka predmeti olaraq yüklü edilmişdir və bununla əlaqədar hazırkı icra sənədinin icrası ilə bağlı qeyd olunan əmlaka yönəltməni icra etmək mümkün olmayacaqdır. Belə olan halda əmlak üzərinə həbsin qoyulması onun Bakı şəhəri 4 saylı Notariat Kontorunun 7-E-01-255 saylı, 23.01.2015-ci il tarixli icra sənədi üzrə göstərilən tələbin icra olunmamasında qərəzliliyini ortadan qaldıra bilməz. Odur ki, Rüstəmov Mətləb İxtiyar oğlu İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Rüstəmov Mətləb İxtiyar oğlunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Onun himayəsində iki yetkinlik yaşına çatmayan övladının olması isə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə 03 (üç) ay müddətinədək müəyyən olunur və tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Rüstəmov Mətləb İxtiyar oğlunun şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə olan digər halları nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Rüstəmov Mətləb İxtiyar oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 17 may 2023-cü il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan İnzibati həbs olunanların Saxlama Məntəqəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar