Məhkəmə qərarları › İş №3(008)-2444/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2444/2021

02.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2444/2021 02.06.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənova Familə Məmməd qızının katibliyi, X1 iştirakı ilə, 10 sentyabr 1979-cu il tarixdə Saatlı şəhərində anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan- Tağıyev Azər Məmmədtağı oğlunun Azərbaycan Respublikası DİN-nin Baş X10 İdarəsinin YPX-nin 08.05.2021-ci il tarixli, TP ******* saylı inzibat tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Tağıyev Azər Məmmədtağı oğlu Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin YPX inspektoru polis leytenantı X8 oğlunun 08 may 2021-ci il tarixli, TP ******* saylı qərarının ləğv olunması və “**-MX-***” dövlət qeydiyyat nişanlı, “Mercedes Benz” markalı yük avtomobilinin sürücüsü Qafarzadə Asəf Ramiz oğlunun məsuliyyətə cəlb olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış inzibati xəta haqqında protokol tərtib etmiş inzibati orqan Azərbaycan Respublikası DİN-nin Baş X10 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs Tağıyev Azər Məmmədtağı oğlu bildirdi ki, DİN-in BDYPİ-nin Vİ TAĞİM YPX inspektoru polis leytenantı N.M.Şıxıyev tərəfindən 10 yanvar 2021-ci il tarixdə onun barəsində İXP ******* saylı protokol və dərhal da TP ******* saylı İXM-in 346.1-ci maddəsi ilə (Dayanma və ya durma qaydalarını pozmağa görə) qərar qəbul edilmişdir. O, həmin qərardan şikayət vermiş, Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 3(008)1124/21 saylı, 04 fevral 2021-ci il tarixli qərarı ilə şikayəti qismən təmin edilərək inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş qərar yenidən araşdırılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinə göndərilmişdir. Lakin araşdırma aparılmış o yenidən AR İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmişdir. Bir daha bildirir ki, baş vermiş hadisənin, yəni dəymiş əmlak ziyanının yaranma səbəbi “** MX ***” dövlət qeydiyyat nişanlı «Mersedes-Benz» markalı yük avtomobilinin sürücüsünün yol hərəkəti qaydalarını pozması olmuşdur. Hadisə yerini qeydə alan videogörüntüdən göründüyü kimi, “** MX ***” dövlət qeydiyyat nişanlı «Mersedes-Benz» markalı yük avtomobilinini sürücüsü «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun heç bir tələbinə əməl etməmişdir. O inzibati xəta törətməmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinin tələblərini pozmamışdır. Hesab edir ki, protokol və qərar qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır. Göstərilənləri nəzərə alaraq şikayətinin təmin olunmasını xahiş edir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 52.1-ci maddəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində-yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Həmin Qanunun l-ci maddəsinə əsasən yol çiyini dedikdə-yolun hərəkət hissəsində hərəkətin kənar zolağı və ya kənar zolaqları, yaxud velosiped zolaqları müəyyən nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulduqda, «yol çiyini» digər yol istifadəçiləri üçün yolun qalan hissəsinin kənarı başa düşülür. Belə ki, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36. l-ci maddəsinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37.1.5-ci maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət zolağının dəyişməsi, dönmə, ötmə, hərəkətə başlama və dayanma ilə bağlı manevrlər edərkən, xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasaz olduqda isə, əl işarələri ilə digər hərəkət iştirakçılarını xəbərdar etməlidir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən sürücü hərəkətə başlamazdan, yer dəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud ara məsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab edilir. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 128.1-ci maddəsnin tələbinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə qeyd edir ki, hər bir şəxs ictimai münasibətlərə uyğun davranmalı, ictimai münasibətlərin pozulmasına yönələn hərəkətlərdən çəkinməlidir. Hüquqazidd əməl nəticəsində ictimai münasibətlərə qəsd edən şəxs inzibati məsuliyyətə cəlb edilir. Qanunun tələblərindən də göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutların biri olan inzibati xəta haqqında protokolun qabaqcadan müəyyən edilmiş hüquqi qüvvəsi yoxdur. İnzibati xəta törədən şəxs barəsində iş aparılarkən onun iştirakının təmin edilməsi üçün məlumat verilməli, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat əldə edildikdən sonra, onun iştirakı olmadan, yaxud iştirak etdiyi təqdirdə iştirakı ilə barəsində olan inzibati materiala baxılmalıdır. Məhkəmə şikayətin inzibati xəta haqqında iş üzrə icraata xitam verməklə inzibati məsuliyyətə cəlb edilməsindən azad edilməsi barədə dəlili üzrə qeyd edir ki, şəxs barəsində inzibati materiala onun iştirakı olmadan baxıldığından və bu onun müdafiə hüququnun məhdudlaşdırılması kimi dəyərləndirildiyindən, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin iştirakı təmin edilməklə yenidən baxılması hüquqi qiymət verilməli olması qaçılmaz olduğundan, hazırkı halda həmin hal üzrə hər hansı hüquqi dəyərləndirmə aparılması istisna edilir. Beləliklə, məhkəmə işin hallarını tam və hərtərəfli araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, qəbul edilmiş qərar əsasında qanunvericiliyin tələblərini pozulmaqla inzibati xəta haqqında işə baxıldığından, şikayət təmin edilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 128-130, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Tağıyev Azər Məmmədtağı oğlunun şikayəti qismən təmin edilsin. Tağıyev Azər Məmmədtağı oğlunun barəsində qəbul edilmiş 08 may 2021-ci il tarixli, TP ******* saylı qərar ləğv edilsin və inzibati xəta haqqında material üzrə icraata xitam verilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar