Məhkəmə qərarları › İş №3(008)-2457/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2457/2025

12.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2457/2025 12.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Əsədov Aqil Akif oğlununn iclas katibliyi ilə, Şikayətçi Əli-zadə Əhməd Arzuxan oğlunun DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 23.04.2025-ci il tarixli, EQ 27510850 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayətçi Əli-zadə Əhməd Arzuxan oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 23.04.2025-ci il tarixli, EQ 27510850 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, “99N0009" dövlət qeydiyyat nişanlı, “Lixiang L9 Max" markalı avtomobilin idarə edilməsi üçün mülkiyyətçi tərəfindən ona etibarnamə verilmişdir. Qeyd edim ki, nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmışdır və o hər hansı nəqliyyat vasitəsi idarə etməmişdir. Lakin, 23.04.2025-ci il tarixdə nəqliyyat vasitəsinin onun tərəfindən deyil, mülkiyyətçinin özü tərəfindən idarə edilməsinə baxmayaraq, araşdırılma aparılmadan onun barəsində “nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə” 400 manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilmişdir. (AR İXM 332.3). AR İXM-nin 122.1-ci maddəsində foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xətalar qeyd olunmuşdur. AR İXM-nin 332.3-cü maddəsində göstərilən “nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə” inzibati xətası həmin siyahıda da mövcud deyildir. Beləliklə, DİN-in BDYPİ avtomobilin kimin tərəfindən idarə olunmasını araşdırmadan inzibati tənbeh tətbiq etmişdir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 23.04.2025-ci il tarixli, EQ 27510850 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq şikayətçi və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayətçinin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 23.04.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Əli-zadə Əhməd Arzuxan oğlu Azərbaycan Respublikası İXM-nin 346.1-ci və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilnərək barəsində 400 manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1. Bu Məcəllənin 346.2– 346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə – iyirmi manat məbləğində cərimə edilir. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 23.04.2025-ci il tarixli, EQ 27510850 saylı qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə ki, Əli-zadə Əhməd Arzuxan oğlu şikayət ərizəsində bildirmişdir ki, hadisə vaxtı nəqliyyat vasitəsini o, deyil, nəqliyyat vasitəsinin mülkiyyətçisi idarə etmişdir. İnzibati xətanın baş verməsini əks etdirən fotoşəkildə “Lixiang L9 Max" minik markalı, “99N0009" dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin kim tərəfindən idarə edilməsini müəyyənləşdirmək mümkün deyil. Nəqliyyat vasitəsinin məhz Əli-zadə Əhməd Arzuxan oğlu tərəfindən idarə edilməsini təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Əli-zadə Əhməd Arzuxan oğlunun barəsində 23.04.2025-ci il tarixli, EQ 27510850 saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin Əli-zadə Əhməd Arzuxan oğlunun həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 332.3 və 346.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, Əli-zadə Əhməd Arzuxan oğlunun şikayəti qismən təmin edilməli, AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 23.04.2025-ci il tarixli, EQ 27510850 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub,məhkəmə QƏRARA ALDI : Əli-zadə Əhməd Arzuxan oğlunun şikayəti qismən təmin edilsin. Əli-zadə Əhməd Arzuxan oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 23.04.2025-ci il tarixli, EQ 27510850 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar