Məhkəmə qərarları › İş №3(008)-2569/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2569/2025

12.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2569/2025 12.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X11 qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi nümayəndəsi X2, Hüquqi şəxs Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Hüquqi şəxs Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsinin əmək müfəttişi X3 tərəfindən hüquqi şəxs Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 24 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. 24 aprel 2025-ci il tarixdə tərtib edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində X4 ilə əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanılmadan xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək tibbi nümayəndə olaraq işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə iclasında Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi Nümayəndə protokola etiraz edərək bildirmişdir ki, şikayətçi xanım X4 Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin işçisi deyil, Şəxs Şirkətinin Hindistan Nümayəndəliyinin baş ofisinin əməkdaşı olmuşdur və bütün köçürmələr, bütün ödənişlər Şəxs Şirkətinin Hindistan Nümayəndəliyi tərəfindən həyata keçirilmişdir. Daha sonra X1 müqaviləsinə xitam verilməsi ilə bağlı əmr gəlir və əmr X4 tərəfindən imzalanır. X1 Şəxs Şirkətinin Hindistan Nümayəndəliyi ilə əmək müqaviləsi vardır. Şəxs Şirkətinin 70dən çox ölkədə nümayəndəliyi var və dərman firmasıdır. Dərman firmasının lisenziyalaşdırma və standart metrologiyadan qeydiyyatdan keçir və onlar qeydiyyatdan keçdikdən sonra həmin dərmanların satışını həyata keçirirlər. X4 isə Azərbaycanda qeydiyyatda olmayan bəzi dərmanların satışını həyata keçirir və dərmanların satışı üçün onlarda icazə yoxdur. Həmin işləri həyata keçirdiyi üçün əmək haqqını, dərmanları da ordan əldə edir və bütün əmək funksiyaları Hindistan qanunvericiliyi ilə tənzimlənir. X4 müqaviləni Hindistanla bağladığını bildirdi. Belə olduğu halda Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi həmin şəxsin əmək müqaviləsinə xitam verə bilməz. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X6 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Əmək Məcəlləsi bütün müəssisələrə şamildir, müəssisənin anlayışında xarici hüquqi şəxsin filial və nümayəndəliyi də göstərilir, eyni zamanda şamil edilməyən şəxslərin dairəsi də konkretləşdirilir və həmin kateqoriyada xarici hüquqi şəxsin filial və nümayəndəliyi ilə əmək müqaviləsi bağlayıb Azərbaycan Respublikasında işləyən əcnəbilər. Əgər qanunvericilik ancaq əcnəbiləri fərqləndirirsə bu o deməkdir ki, şəxs xarici hüquqi şəxslə əmək müqaviləsi bağlayan Azərbaycan Respublikası vətəndaşdırsa o Əmək Məcəlləsinin təsir dairəsinə düşür və onunla bağlı olan bütün əmək münasibətləri əmək müqaviləsi ilə rəsmiləşməlidir. Faktiki olaraq şəxs burda çalışır və çalışdığı müəssisənin burada bir nümayəndəliyi və ya filialı varsa kimin xeyrinə iş görməsindən asılı olmayaraq həmin nümayəndəliyin işlərini gördüyündən həmin şəxsin əmək müqavilələri yazılı qaydada və Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada yəni elektron formada olmalıdır. Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində X4 xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək tibbi nümayəndə olaraq əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla da, Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının Əmək Məcəlləsində qeyd olunmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı inzibati xəta törətdiyinə görə həmin hüquqi şəxs inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə iclasında şahid X1 izahatından görünür ki, Şəxs Şirkəti ilə 1 sentyabr tarixindən əməkdaşlığa başlamışdır. Onunla bağlanılan müqavilə ingilis dilində olmuşdur. Müqavilə bağlandıqdan sonra kart vasitəsilə əmək haqqını əldə edirdi. Zaur Həsənovun ona verdiyi məlumata əsasən müqavilə 6 aylıq bir müqavilə idi. 6 ay tamam olmamış müqaviləsinə xitam verilir və ona heç bir məlumat verilmir. Müqaviləyə 15 yanvar tarixində xitam verilir. Lakin onun bu haqda məlumatı olmamışdır, 5 fevral tarixində əmək haqqını kart vasitəsilə əldə etmişdir. Hamiləliyi müddətində ingilis dilində qısa bir müqavilə imzalamış və ona bunun analıq məzuniyyətinə çıxmaqla bağlı olduğu bildirilmişdir. Müqavilənin tərcüməsini bilmədən və müqaviləni başa düşmədən müqaviləni imzalamışdır. O bu işi vakansiya elanı vasitəsilə əldə etmiş və müqavilə bağlamışdır. Verilmiş suallara cavab olaraq X4 bildirmişdir ki, ingilis dilini bilmir, Azərbaycan ərazisində işləmiş və işlədiyi müştərilər Azərbaycan müştəriləri olmuşdur. Şirkətdə hazırlanan bütün sənədlər də Azərbaycan dilində olmuş, sadəcə onun bağladığı əmək müqaviləsi ingilis dilində olmuşdur. Zaur Həsənov tərfindən işlərə cəlb edilmiş eyni zamanda icazələri də həmin şəxsdən almışdır. Gördüyü işlərlə bağlı hesabatı Aidə xanıma vermiş və Aidə xanımın rəsmi olaraq hansı nümayəndəliklə müqaviləsi olmağı ilə bağlı məlumatı yoxdur. Əmək haqqını kart vasitəsi ilə əldə edirdi. Kart Şəxs ABB tərəfindən açılmışdır. Ödəniş Hindistandan köçürülmüşdür.Onun nümayəndəlikdə çalışmasını təsdiq edən kimisə məhkəməyə təqdim edə bilmir. İş materiallarında ola və məhkəmə iclası zamanı tədqiq edilmiş: 24 aprel 2025-ci il tarixdə tərtib edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində X4 ilə əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanılmadan xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək tibbi nümayəndə olaraq işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. X1 ABB kartından təqdim edilmiş çıxarışdan görünür ki, “İND-Svvift Ltd”-nin **********19503 hesabından hər ay 648 ABŞ dolları olmaqla 5 ay onun kart hesabına pul köçürülmüşdür; xx.xx.2024-cü il tarixli təyinat məktubundan görünür ki, Hindistanda yerləşən Şəxs Şirkəti ilə Fəridə Vəlizadə arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Fəridə Vəlizadə tibbi nümayəndə vəzifəsinə təyin edilmiş, əmək haqqı 648 ABŞ dolları məbləğində müəyyən edilmiş, təyinat şərtlərinin Hindistan qanunlarına tabe olduğu, hər hansı mübahisə Hindistanın Çandiqarx məhkəməsinin aid olduğu qeyd edilmiş, Fəridə Vəlizadə “mən təyinat məktubunu oxudum və təyinatın şərtlərini tam başa düşürəm. Mən qeyd şərtsiz həmin şərtləri qəbul edirəm” qeydinə ad və soyad yazmaqla imza etmişdir; Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı)hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin)yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslərin, vəzifəli şəxslərin və hüquqi şəxslərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. İnzibati xəta haqqında işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin və inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsinin, şahidlərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, 24 aprel 2025-ci il tarixli protokolda Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən X4 ilə əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanılmadan xx.xx.2024cü il tarixdən xx.xx.2025-ci il tarixədək tibbi nümayəndə olaraq işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi göstərilsə də, bunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli təyinat məktubundan müəyyən olunmuşdur ki, Hindistanda yerləşən Şəxs hüquqi şəxsi ilə Fəridə Vəlizadə arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Fəridə Vəlizadənin tibbi nümayəndə vəzifəsinə təyin edilməsi, əmək haqqının 648 ABŞ dolları məbləğində müəyyən edilməsi, təyinat şərtlərinin Hindistan qanunlarına tabe olması, hər hansı mübahisə Hindistanın Çandiqarx məhkəməsinin aid olduğu qeyd edilmiş, Fəridə Vəlizadə “mən təyinat məktubunu oxudum və təyinatın şərtlərini tam başa düşürəm. Mən qeyd şərtsiz həmin şərtləri qəbul edirəm” qeydinə ad və soyad yazmaqla imza etmişdir. Eyni zamanda, X1 ABB kartından təqdim edilmiş çıxarışdanda müəyyən edilmişdir ki, Fəridə Vəlizadəyə əmək haqqı “İND-Svvift Ltd”-nin **********19503 hesabından, yəni Hindistan hesabından hər ay 648 ABŞ dolları olmaqla pul köçürülmüşdür. Göründüyü kimi, X4 ilə Hindistanda yerləşən “İND-Svvift Ltd” hüquqi şəxsi arasında rəsmi yazışmalar aparılaraq tərəflər arasında müqavilə bağlanmış, X4 Şəxs şirkətində tibbi nümayəndə vəzifəsinə təyin edilmiş, ona əmək haqqı da məhz xaricdəki şirkət tərəfindən köçürülmüşdür. Bundan başqa, bağlanmış əmək müqaviləsində işçinin əmək haqqı, xidmət aparacağı bölgə, işlədiyi bütün müddət ərzində şirkətin Azərbaycandakı nümayəndəliyinin deyil, məhz şirkətin işçisi olduğu qeyd edilmişdir. Eyni zamanda 15 yanvar 2025-ci il tarixli performansın qiymətləndirilməsi və əmək müqaviləsinin ləğvi barədə bildirişdən də görünür ki, Hindistanda yerləşən Şəxs şirkəti Fəridə Vəlizadəyə əmək müqaviləsinin ləğvi ilə bağlı rəsmi bildiriş göndərmiş, həmin bildiriş onun tərəfindən qəbul edilmiş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. X4 izahatında X8 tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edilməsini göstərsə də, bunu təsdiq edən hər hansı sənəd və ya sübut məhkəməyə təqdim edilməmiş, əksinə iş materiallarında olan sənədlərlə bu halın mövcudluğu istisna edilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 53.3 və 54.2-ci maddələrinə əsasən, hüquqi şəxsin nümayəndəlikləri, filiallar, eləcə də idarələri hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Belə olduğu halda hüquqi şəxsin öhdəliyi üzrə nümayəndəlik məsuliyyət daşıya bilməz. Azərbaycan Respublikası İXM-nin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinın bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 84-cü maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə görə həmin Məcəllənın 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, hüquqi şəxs Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53.2, 105.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Hüquqi şəxs Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.2-ci maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar