Məhkəmə qərarları › İş №3(008)-2612/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2612/2023

21.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2612/2023 21.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi ilə, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İnzibati xəta haqqında materialdan görünür ki, Rusiya Federasiyasından ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC adına daxil olmuş **********9144 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş yük həmin bəyannamə arxivləşdirilib gömrük nəzarəti tamamlanmadan 99UY667/99ZF667 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin gömrük nəzarəti pozularaq nəqliyyat vasiətisindən Şəxs MMC-nin anbarına boşaldılmış, bu barədə xx.xx.2023-cü il tarixdə Şəxs MMC-nin nümayəndəsi X3, ”AZTERMİNALKOMPLEKS” Birliyinin nəqliyyat şöbəsinin inspektoru X2 və Şəxs MMC-ə məxsus anbarın anbardarı X5 tərəfindən Akt tərtib edilmişdir. Həmin aktda qeyd edilmişdir ki, Şəxs MMC-nin ünvanına 276 saylı xx.xx.2023-cü il tarixli invoysla, 276 saylı xx.xx.2023-cü il tarixli CMR-lə 99UY667/99ZF667 nömrəli yük maşını ilə göndərilən və **********9144 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yük Gömrük rəsmiləşdirilməsi bitmədən 006 nömrəli gömrük təminatı olan plomb qırılaraq boşaldılması aşkar olunmuşdur, həmçinin mallara idxalatçının anbarında baxış keçirilmiş və mallardan istifadə olunmadığı müəyyən olunmuşdur. Buna görə də Şəxs MMC barəsində 10 may 2023-cü il tarixli 00100-01230/23 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində protokol tərtib edilmiş hüquqi şəxsə məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin və barəsində protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1-ci maddələrinin tərkibi vardır. 10 may 2023-cü il tarixli 00100-01230/23 saylı inzibati xəta haqqında protokola əsasən qeyd olunan məsələ ilə əlaqədar Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi olan Azərbaycan Respublikasının vətəndaşı X1 izahatı alınmışdır. O, izahatında bildirmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsidir, Şəxs MMC-nin əsas fəaliyyət istiqaməti qənnadı məhsullarının istehsalından, idxalından və satışından ibarətdir, iş üzrə bildirmişdir ki, nümayəndəsi olduğu Şəxs MMC-nin ünvanına Rusiya Federasiyasından 99UY667/99ZF667 nəqliyyat vasitəsində “lesitenlər” yükü daxil olmuşdur, həmin mallar Bakı Baş Gömrük İdarəsində **********9144 sorğu nömrəli xx.xx.2023-cü il tarixdə gömrük bəyannaməsi ilə bəyan edilmişdir, həmin mallar Şəxs MMC-yə məxsus Bakı şəhər, Sabunçu rayonu, Bəşir Bünyadov 17A ünvanında boşaldılmışdır, bildirmək istərdim ki, gömrük orqanının icazəsi olmadan 99UY667/99ZF667 nəqliyyat vasitəsinə vurulmuş gömrük təminatı olan plomb qırılmış və mallar özbaşına boşaldılmışdır, buna səbəb **********9144 sorğu nömrəli xx.xx.2023-cü il tarixdə gömrük bəyannaməsinin arxivləşdirilməsi məsələsi diqqətdən yayınmışdır, ona görə də bu cür hal baş vermişdir, gömrük qaydalarının pozulmasını şirkət olaraq etiraf edirlər və qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşımağa hazır olduqlarını bildirirlər. Belə ki, xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Rusiya Federasiyasından AZ1096, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC adına daxil olmuş **********9144 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş yük həmin bəyannamə arxivləşdirilib gömrük nəzarəti tamamlanmadan 99UY667/99ZF667 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin gömrük təminatı pozularaq nəqliyyat vasiətisindən Şəxs MMC-nin Bakı şəhəri Sabunçu rayonu, Bəşir Bünyadov 17A ünvanında yerləşən anbarına boşaldılmışdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il tarixli 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.12-ci maddəsinə əsasən həmin Məcəllənin 231.1, 480-505, 507, 509 və 546-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilatihüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 18.6-cı maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 491.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə -fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. 492.1-ci maddəsinə əsasən gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə görə -fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1-ci maddələri ilə inzibati xəta törətməsi tam sübuta yetirilir. Hüquqi şəxs Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində İXM-nin 34.3-cü maddəsinin tələbi nəzərə alınmaqla İXM-nin 492.1-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq İXM-nin 492.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar