Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2678/2023 01.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X4 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ramazanovanın katibliyi, Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin nümayəndəsi Nümayəndə, Şikayət vermiş şəxs X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsi tərəfindən qəbul edilmiş 25 aprel 2023-cü il tarixli, EQ 14153496 saylı qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsi tərəfindən qəbul edilmiş 25 aprel 2023-cü il tarixli, EQ 14153496 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 25 aprel 2023-cü il tarixdə Bakı şəhərində keçirilən “Formula 1” idman avtomobillərinin yarışı ilə əlaqədar Prezident kartejinin magistral yollardan keçməsi ilə əlaqədar şəhərin avtomobil yollarında digər avtomobillərin hərəkəti DYP əməkdaşının nizamlayıcısı vasitəsi ilə dayandırılmışdır. Bu zaman o, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə həmin ərazidə dayanmışdır. Həmin yol iki qoşa xətlə gəliş-gediş yoluna ayrılmışdır. Digər avtomobillərin mövqeyinə görə o, avtomobili ilə qoşa xəttin üstündən keçərək əks hərəkət zolağına çıxmalı olmuşdur. Bununla əlaqədar barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hesab edir ki, videomüşahidə kamerası ilə şəkil çəkilməsi və elektron qaydada inzibati protokol tərtib etmək qanunsuz və əsassızdır. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirmişdir ki, hadisə günü “Formula 1” yarışı ilə əlaqədar yolda nəqliyyat vasitələrinin hərəkəti dayandırılmış və tıxac yaranmışdır. Bu zaman avtomobilində olan xəstə qohumunu xəstəxanaya çatdırmalı olduğundan əks istiqamətli hərəkət zolağına keçməli olmuşdur. Bu zaman o, tam olaraq əks istiqamətli yola keçmədən bir təkəri qoşa xəttin üstündən qalmışdır. Bu səbəbdən də hesab edir ki, onun əməlində inzibati xəta mövcud olmamışdır. Bu səbəbdən də Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsi tərəfindən qəbul edilmiş 25 aprel 2023-cü il tarixli, EQ 14153496 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq X3 özünü AR İXM-nin 327.4-cü maddəsi ilə qismən təqsirli bildiyini, tam olmasa da, qismən əks istiqamətli yola keçdiyini, qarşısında dayanmış avtomobil xarab olduğundan və avtomobilində xəstə şəxs olduğundan əks yola keçməli olduğunu, lakin bir maşın sonra yenidən əvvəlki hərəkət zolağına qayıtdığını, onun təqsirli bilinməsi üçün yalnız fotoşəklin kifayət etmədiyini, videogörüntünün məhkəməyə təqdim edilməsinin zəruri olduğunu bildirmişdir. Məhkəmə iclasında X2 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin nümayəndəsi Nümayəndə tərəfindən təqdim edilmiş hadisə günü qeydə alınmış fotoşəkil təqdim olunduqda o, həmin nəqliyyat vasitəsini özünün idarə etdiyini, lakin həmin şəkildən də onun tam olaraq əks hərəkət zolağına keçməsinin müəyyən edilmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin nümayəndəsi Nümayəndə məhkəməyə 25 aprel 2023-cü il tarixdə qeydə alınan inzibati xəta ilə bağlı fotoşəkli və mübahisə predmeti olan inzibati tənbeh vermə haqqında qərarı təqdim edərək həmin fotoşəkildə şikayətçinin AR İXM-nin 327.4-cü maddəsinin tələblərini açıq-aşkar pozmasının əks olunduğunu, yolda hərəkətin polis əməkdaşları tərəfindən dayandırımasının şəxsin əks hərəkət zolağına keçməsinə əsas vermədiyini qeyd edərək şikayətin təmin edilməməsini, Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsi tərəfindən qəbul edilmiş 25 aprel 2023-cü il tarixli, EQ 14153496 saylı inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 25 aprel 2023-cü il tarixli, EQ 14153496 saylı qərarından görünür ki, X3 25 aprel 2023-cü il tarixdə, saat 11:14:52 radələrində Sabunçu rayonu, Zabrat yolunda “Mazda” minik markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən üfüqi nişanlanma xətlərinin tələblərinə zidd olaraq nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etdirmiş və bununla da AR İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin nümayəndəsi Nümayəndə tərəfindən təqdim edilərək məhkəmə iclasında baxış keçirilmiş fotoşəkildən görünür ki, həqiqətən də X3 idarə etdiyi “Mazda” minik markalı, **- CR-*** dövlət qeydiyyat nişanlı avtomobillə əks hərəkət zolağına keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.4-cü maddəsinə əsasən Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə yüz manat məbləğində cərimə edilir. Məhkəmə şikayətçi tərəfin dəlillərini, səlahiyyətli orqanın nümayəndəsinin izahatında göstərdiyi xüsusatları, iş materiallarında olan sübutları, səlahiyyətli orqanın nümayəndəsinin təqdim etdiyi foroşəkildəki görüntünü nəzərə alaraq belə qənaətə gəlir ki, Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsi tərəfindən qəbul edilmiş 25 aprel 2023-cü il tarixli, EQ 14153496 saylı qərar qanuni və əsaslıdır və həmin qərarın ləğvi üçün əsaslar yoxdur. Belə ki, məhkəmə iclasında Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin nümayəndəsi Nümayəndə tərəfindən təqdim edilərək məhkəmə iclasında baxış keçirilmiş fotoşəkildən açıq-aydın görünür ki, X3 tam olaraq əks hərəkət zolağına keçmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X3 məhkəmə iclasında özünü inzibati xətanın törədilməsində qismən təqsirli bilərək əks hərəkət zolağına keçsə də, tam keçmədiyini, avtomobilin sağ təkərlərinin qoşa xəttin üzərində olduğunu bildirsə də, məhkəməyə təqdim edilmiş fotoşəkillə şikayətçkinin həmin dəlili təkzib edilmiş və onun idarə etdiyi avtomobilin tam olaraq əks hərəkət zolağında olması müşahidə edilmişdir. Bununla yanaşı, şikayət vermiş şəxs qanun pozuntusu etməsinin iki səbəbini göstərərək gah avtomobilində xəstə şəxs olduğundan onu xəstəxanaya çatdırmaq üçün əks hərəkət zolağına keçməli olduğunu, gah da qarşısında dayanmış avtomobilin xarab olaraq dayanması səbəbindən əks hərəkət zolağına keçməklə həmin maşını ötüb bir maşın irəliyə keçərək sağ hərəkət zolağına qayıtdığını bildirmişdir ki, şikayətçinin həmin dəlillərini məhkəmə biri digərini inkar və istisna edən dəlillər kimi qiymətləndirir. Belə ki, əgər həqiqətən də X1 əks hərəkət zolağına keçməsinə səbəb avtomobilində olan xəstə qohumunu xəstəxnaya çatdırmaq zərurəti olmuşdursa, onun qarşısında dayanmış avtomobili geridə qoyaraq yenidən sağ hərəkət zolağına qayıtması onun öz dəlilinin həqiqəti əks etdirməməsinə dəlalət edir. Çünki şəxsin xəstə bir şəxsi xəstəxanaya təcili çatdırmaq zərurəti onun əks hərəkət zolağına keçdikdən sonra təyinat yerinə getmək üçün əks və boş hərəkət zolağında onun hərəkətini davam etdirməsini zəruri edir ki, lakin hazırki iş üzrə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs bunu etmədən yenidən sağ və avtomobillərin hərəkəti dayandırılmış zolağa qayıtmışdır. Bununla yanaşı, X3 tərəfindən məhkəməyə təqdim edilmiş şikayət ərizəsində o, sadəcə “Formula 1” yarışı ilə əlaqədar yolda hərəkətin polis əməkdaşı tərəfindən dayandırıldığını göstərsə də, məhkəmə iclasında tamamilə biri digərinə uyğun olmayan fərqli iki arqument irəli sürmüş, lakin həmin dəlillərə şikayət ərizəsində ümumiyyətlə toxunmamışdır ki, bu da şikayət vermiş şəxsin öz hərəkətinə haqq qazandırmaq üçün müxtəlif səbəblər irəli sürməsinin göstəricisidir. Şikayətçinin məhkəmə iclasında “qarşısında dayanmış avtomobilin xarab olması və dayanması səbəbindən əks hərəkət zolağına keçərək hərəkət etməsinə dair dəlilinə münasibətdə isə qeyd edir ki, məhkəməyə təqdim edilmiş fotoşəkildən görünür ki, X1 əks hərəkət zolağında olduğu zaman yolda ümumiyyətlə hərəkət dayanmış, yalnız onun qarşısında dayanmış avtomobil deyil, həmin istiqamətdə hərəkət edən bütün avtomobillər hərəkətsiz dayanmışdır ki, belə olan halda sürücünün qarşısında maşının dayanmasına istinad edərək yol hərəkəti qaydalarını pozaraq digər dayanmış avtomobilin arxasına keçərək yenidən orada hərəkətsiz dayanması heç bir məntiqə sığmır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X3 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmamış, mübahisələndirilən qərarın ləğvi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X1 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsi tərəfindən qəbul edilmiş 25 aprel 2023-cü il tarixli, EQ 14153496 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsi tərəfindən qəbul edilmiş 25 aprel 2023-cü il tarixli, EQ 14153496 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin və həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-2678/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2678/2023
01.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver