Məhkəmə qərarları › İş №3(008)-2680/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2680/2023

21.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2680/2023 21.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, X1 nümayəndəsi, vəkil X4 iştirakı ilə, X1 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 08 may 2023-cü il tarixli, 00100/01082 saylı qərarının ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X2 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 08 may 2023-cü il tarixli, 00100/01082 saylı qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, işin baxılmasının təxirə salınması barədə heç bir vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında X1 nümayəndəsi, vəkil X6 öz izahatında göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi X7 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin inzibati tənbeh vermə haqqında 00100/01082 saylı 08 may 2023-cü il tarixli qərarı ilə vəzifəli şəxs qismində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə barəsində inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın milli valyutada ifadə olunan dəyərinin, yəni 14.089,60 manatın 45%-i həddində, yəni 6.340,32 (altı min üç yüz qırx manat 32 qəpik) manat məbləğində inzibati cərimə edilmişdir. Gömrük orqanı tərəfindən inzibati xəta haqqında 08 may 2023-cü il tarixli qərar qəbul edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin tələbləri əsas götürülmüşdür. Belə ki, həmin maddənin tələblərinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə- inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. İşdə olan materiallardan da göründüyü kimi barəsində inzibati xəta törədilməsinə dair qərar qəbul edilmiş X7 tərəfindən 07 may 2019-cu il tarixində Gürcüstan Respublikasının hüquqi şəxsi olan “PETROCHEM” LLC-nin adına yük gömrük bəyannaməsi əsasında asfaltdan və ya analoji materiallardan məmulatlar (stekloruberoid), suya davamlı emmbran (fıberglas) 26 palet 910 rulan (9 metr *lmetr), suya davamlı membran (polyester) 4 palet 112 rulon (9 metr*l metr) ixrac edilmişdir. İxrac edilən malların ümumi həcmi 30 palet 1022 rulon olmaqla 9.198 m3, ümumi dəyəri isə 8.288 (səkkiz min iki yüz səksən səkkiz) ABŞ dolları təşkil edirdi. Həmin mallar tam 6 ay sonra 14 noyabr 2019-cu il tarixində “PETROCHEM” LLC tərəfindən X5 adına Azərbaycan Respublikasına qaytarılmış, gömrük ərazisinə daxil olmuş mallar idxal gömrük rejimi ilə rəsmiləşdirilmişdir. Bildirmək istəyirik ki, istər Gürcüstan Respublikasının hüquqi şəxsi “PETROCHEM” LLC tərəfindən mallar Gürcüstan Respublikasının ərazisinə idxal edilərkən X5 adına, istərsə də X7 tərəfindən mallar Azərbaycan Respublikasına idxal edilərkən onun tərəfindən “PETROCHEM” LLC-nin adına hər hansı bir pul vəsaiti ödənilməmişdir. Hesab edirik ki, gömrük orqanı bu barədə inzibati icraatı apararkən həmin dövr üzrə pul vəsaitinin köçürülüb-köçürülmədiyini müvafiq müvəkkil banklara sorğu verməklə araşdırmalı və həmin sorğunun da cavabını iş materaiallarına daxil etməli idi. Bu səbəbdən hesab edirik ki, yuxarıda qeyd edilən səbəblərə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin tələblərinin tətbiq edilməsinin heç bir hüquqi əsası yox idi. Belə ki, qeyd edilənlər əsasında xarici iqtisadi fəaliyyət əsasında ölkəyə hər hansı bir miqadarda pul vəsaitinin qaytarılmamasından söhbət belə gedə bilməzdi. Çünki, yuxarıda da qeyd edildiyi kimi ixrac edilmiş malların qeyri-rezident hüquqi şəxsin bəyənməməsindən sonra həmin malların Azərbaycan Respublikasının ərazisinə geri qaytarılması hal-hazırdakı mübahisənin predmetidir. Bildirmək istəyir ki, yuxarıda qeyd edilənlər əsasında əslində X7 tərəfindən heç bir inzibati xəta törədilməmişdir. X3 tərəfindən inzibati xəta törədilmiş olsa belə, inzibati xətanın törədildiyi tarix 08 noyabr 2019-cu il tarixindən etibarən başlamaqdadır. Hər nə qədər gömrük orqanı hazırki qərarı qəbul edərkən AR Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” 17 may 2021-ci il tarixli qərarına istinad etsə də hesab edirik ki, həmin qərara əksik istinad etmiş, həmin qərarın öz xeyrinə qəbul edilməsinə əsas olan bəndlərini qərara yerləşdirmişdir. Məhkəmədən şikayətin təmin olunmasını, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 08 may 2023-cü il tarixli, 00100/01082 saylı qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi 08 may 2023-cü il tarixli, 00100/01082 saylı qərarla təsdiq olunur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 00100/01082 inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X7 xx.xx.2023-cü il tarixdə vəzifəli şəxs qismində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın milli valyutada ifadə olunan dəyərinin, yəni 14089,60 manatın 45 (qırx beş) % həddində yəni 6340,32 (altı min üç yüz qırx, otuz iki) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 08 may 2023-cü il tarixli, 00100/01082 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas ola biləcək sübut növləri X2 tərəfindən məhkəməyə təqdim edilməmişdir. Beləliklə də məhkəmə inzibati tənbeh vermə haqqında qərarı və digər sənədləri araşdıraraq hesab edir ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsi ilə inzibati xəta törətməsi tam sübuta yetirilir və X5 şikayəti əsassız hesab olunaraq rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 48-51, 57, 106, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 08 may 2023-cü il tarixli, 00100/01082 saylı qərarın ləğv edilməsinə dair X5 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar