Məhkəmə qərarları › İş №3(008)-2709/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2709/2024

18.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2709/2024 18.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Baxşiyev Yavər Qafil oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin böyük icra məmuru Hafiz İsrafilovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda omaqla yaşayan Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Sabunçu rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş 18 aprel 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-584 saylı icra vərəqəsinə əsasən 2765 manat aliment borcunu tələbkar X1 ödəməmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirməyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin böyük icra məmuru Hafiz İsrafilov tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs yazılı və şifahi xəbərdarlıq edilərək qətnamənin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasında qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Qasımov X2 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-584/2022 saylı icra sənədi üzrə 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin ondan tutularaq X1 ödənilməsi qət olunmuşdur. İcra sənədi üzrə müxtəlif vaxtlarda müəyyən qədər ödənişlər etmişdir. 2 dəfə əməliyyat olunmuş, xəstəliyi ilə bağlı işləmədiyindən alimenti vaxtlı-vaxtında ödəyə bilmir. Hazırda 200 manat ödəniş edə biləcəyini, borcun qalanını isə hissə-hissə ödəyəcəyini bildirmişdir. Xahiş edir ki, göstərilənlər nəzərə alınaraq barəsində iş üzrə icraata xitam verilsin. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxs məhkəməyə gəlməmişdir, gəlməmə səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-584/2022 saylı icra sənədindən görünür ki, Şəxs hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X1 ödənilməlidir; tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, xx.xx.2022-ci il tarixli, 2(062)-584/2022 saylı icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur; Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Borclunun axtarılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, borclu xx.xx.1997-ci il təvəllüdlü ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır; Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə baxışında 18 aprel 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər tədqiq edilərək müəyyən edilmişdir ki, Şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-584 saylı icra sənədi üzrə aliment borcunu tam olaraq ödəməmişdir. Belə ki, Şəxs üzrlü səbəb kimi xəstəliyi ilə bağlı əməliyyat olunduğunu göstərsə də, məhkəmə bununla bağlı qeyd edir ki, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən onun xəstəliyi ilə bağlı əməliyyat keçirməsi nəzərə alınaraq barəsində olan İXM-nin 528.1-ci maddəsi ilə bağlı iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Lakin bundan sonra 1 ildən artıq müddət keçməsinə baxmayaraq Şəxs tərəfindən hər hansı məbləğdə ödəniş edilməmiş, yalnız məhkəmə iclası zamanı zərərçəkmiş şəxsə 200 manat onun tərəfindən ödəniş edilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 18 aprel 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola əsasən təqsirli bilinməli, barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs 18 aprel 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar