Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2742/2025 19.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi ilə, Hüquqi şəxs Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi X1, Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC sorğunu rəsmi qaydada aldğı vaxtdan 5 gün müddətində tələb olunan məlumatları verməmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi X2 bildirmişdir ki, onlarda ərazi böyük olduğundan sorğunun alınması barədə məlumatları olmamışdır. Ona görə də zamanında məlumat verə bilməmişlər. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin sorğu məktubundan görünür ki, Şəxs MMC mülkiyyətində olan “Mitsubishi L 200” minik markalı, **-YJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən “Mitsubishi L 200” minik markalı, 90- YJ - 270 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi Şəxs MMC-dən xahiş olunmuşdur; Xəbərnamədən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin sorğu məktubu xx.xx.2025-ci il tarixdə “Rzayev” tərəfindən xəbərnaməyə imza edilməklə qəbul edilmişdir; Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən tərtib edilmiş İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* saylı protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə baş vermiş inzibati xəta ilə bağlı hüquq şəxs Şəxs MMC-nin mülkiyyətində olan “Mitsubishi L 200 minik” markalı, **-YJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inizbati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə verməmişdir; Elektron məlumat sistemindən çıxarışdan görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı AZ1097, ünvan 1 ünvanıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.2.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. AR İXM-nin 469.3-cü maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. AR İXM-nin 347-ci maddəsi ilə məsuliyyətin müəyyən olunmasında məqsəd inzibati xətanın törədilməsinə yol verən nəqliyyat vasitəsini idarə edən şəxsi müəyyənləşdirib məsuliyyətə cəlb etməkdir. Hazırki iş üzrə hüquqi şəxsə məxsus avtomobili idarə edən şəxsə istinad olunan inzibati xəta, yəni İXM-nin 469.3-cü maddəsi isə avtonəqliyyat vasitəsi sahibinin, yəni qeyd edilən halda hüquqi şəxsin məsuliyyətini nəzərdə tutur. Çünki maddənin dispozisiyasından da görünür ki, avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Hüquqi şəxsin mülkiyyətində olan avtomobili idarə edən şəxsin həmin avtomobili sığorta etmək kimi bir vəzifəsi yoxdur. Belə olan halda həmin nəqliyyat vasitəsini idarə edən şəxs barəsində məlumatların əldə olunmasına heç bir zərurət yoxdur. Yəni, AR İXM-nin 469.3-cü maddəsi avtomobili idarə edən şəxs üçün məsuliyyəti nəzərdə tutmur. İXM-nin 347-ci maddəsi ilə isə hüquqi şəxsə məxus avtomobili idarə edib inzbati xəta törədən şəxsin məlum olmamasından və bununla bağlı səalhiyyətli orqanın sorğusuna tələb olunan vaxtda məlumatın verilməməsinə görə hüquqi şəxsin məsuliyyətə cəlb olunmasını nəzərdə tutur. Hüquqi şəxsə məxsus nəqliyyat vasitəsini idarə edən şəxs İXM-nin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın subyekti olmadığından İXM-nin 347-ci maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb olunmasına səbəb olan barəsində məlumat verilməyən inzibati xətanı törətmiş şəxs hesab oluna bilməz. Beləliklə, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta tərkibi olmadığından Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-2742/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2742/2025
19.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver