Məhkəmə qərarları › İş №3(008)-2775/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2775/2024

02.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2775/2024 02.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X3 qızının katibliyi ilə, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1972-ci il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, taksi fəaliyyəti ilə məşğul olan, İmişli rayonu, Aran küçəsi, ev 3 ünvanında qeydiyyatda olan, ünvan 1 yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu DYPŞ tərəfindən tərtib edilmiş 18 aprel 2024-cü il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakıxanov qəsəbəsində, S.Qocayev küçəsilə hərəkətdə olarkən, manevr qaydasını pozub, yolu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs vurmuş, nəticədə piyada yüngül bədən xəsarəti almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 18:30 radələrində qeyd olunan avtomobil ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsi ilə üzü Bakıxanov Dəmiyol stansiyası istiqamətində təxminən 40-45 km saat sürətlə hərəkətdə olarkən təxminən 2-3 metr məsafədə hərəkətdə olduğu yolun sağ hissəsindən sol hissəsinə doğru qadın cinsli piyadanın iti addımlarla keçməsini gördükdə əyləcdən istifadə etsə də hadisənin qarşısını ala bilməyib idarə etdiyi avtomobilin sol qabaq bamper hissəsi ilə piyadanı vurduqda, piyada avtomobilin sol qabaq hissəsində doğru yerə yıxılaraq YNH-i baş verdi. Hadisə zamanı avtomobildən düşüb ona yaxınlaşaraq xəsarət alması barədə maraqlanmışdır. O yolun kənara doğru çəkilmiş və söhbət zamanı heç bir ciddi xəsarətinin olmadığını bildirmişdir. Ona xəstəxanaya getməsini təklif etsə də o etiraz etmişdir. Bundan sonra öz mobil telefon nömrəsini onla əlaqə saxlamaq üçün vermişdir. Səhəri gün Zərərçəkmiş şəxs ona zəng vuraraq xəsrətinin olduğunu və ağrılarının artdığını bildirmişdir. Həmin gün yəni xx.xx.2024-cü il tarixdə onun yaşadığı ünvana gedərək idarə etdiyi avtomobil ilə Lieyla Klinikasına aparmışdır. Orda müayinə zamanı yaşadığı ünvanda yıxılaraq xəsarət almasını bildirmişdir. Zərərçəkmiş şəxs üçün dərman və xəstəxana xərcləri çəkmişdir. Hazırda sürücü kimi işləyərək ailəsini dolandırır, qeyd olunanları nəzərə alaraq barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 18:45 radələrində o işdən çıxıb sərnişin avtobusu ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsi ilə üzü Bakıxanov Dəmiyol stansiyası istiqamətinə gedərək “Aygün City” ticarət mərkəzinin qarşısında avtobusdan düşüb adi yerişlə yolu keçdikdə anidən həmin küçə ilə Bakıxanov Dərmiryol stansiyası istiqamətində hərəkətdə olan qara rəngli Toyota Prius markalı dövlət qeyddiyat nişanını bilmədiyi avtomobil ön hissəsi ilə vurmuşdur və zərbədən o avtomobilin qarşısına yerə yıxılaraq xəsarət almışdır. Həmin avtomobilin sürücüsü ona özünü Aqil kimi təqdim edərək ona yaxınlaşıb mobil nömrəsini ona verib çıxıb getmişdir. O da sürücü ilə razılaşmışdır. Bundan sonra səhəri günü Aqil onunla əlaqə saxlayıb ona ağrıları olduğunu bildirmişdir. Aqil idarə etdiyi avtomobillə onu X2 apararaq orada müayinə olunmuşdur. Müayinə zamanı həkim sorğu sualı zamanı evdə yıxılaraq xəsarət aldığını bildirmişdir. Bundan sonra sürücü onunla maraqlanmadığı üçün ondan müalicə pulunu istədikdə sürücü qəti olaraq etiraz edib çıxıb getmişdir. O da bu səbəbdən xx.xx.2024-cü il tarixdə DİN 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Hadisə zamanı o tək olmuşdur, sürücü özünə ona Aqil kimi təqdim etmiş, hadisə zamanı sürücünün yanında sərnişin olmasını görməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş orqana məlumat verilsə də məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bununla da məhkəmə gəlməyən protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 xx.xx.2024-cü il tarixli 589 saylı ekspert rəyinin surətindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs ağrı və qismən hərəkət məhdudluğu ilə müşayiət olunan sağ diz oynağı nahiyəsinin hematoması; sağ əl və sol bud nahiyələrinin qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası Sabunçu Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Faiq İsayevin «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən məlum olur ki, Zərərçəkmiş şəxs yol-nəqliyyat hadisəsi zamanı sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid xəsarət aldığından, yol-nəqliyyat hadisəsi zamanı xəsarət alması faktı ilə əlaqədar şikayəti olmadığından toplanmış material üzrə Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin əlamətlərinin olmasını nəzərə alaraq barəsində inzibati protokol tərtib edilərək inzibati tədbir görülməsi məqsədilə rədd materialının surəti Sabunçu RPİ-nin DYPŞ-nin vasitəsilə Sabunçu rayon məhkəməsinə göndərilmiş və barəsində cinayət işinin başlanması rədd edilmişdir; Bakı şəhəri Sabunçu rayon DYPŞ-nin 18 aprel 2024-cü il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.1.7-ci maddəsinə əsasən törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, sürücü kimi əmək fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırmasını, məsuliyyəti yüngülləşdirən hal kimi səmimi peşmançılığını(İXM-32.1.1) və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 327.8ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar