Məhkəmə qərarları › İş №3(008)-2801/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2801/2025

19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2801/2025 19.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, X2 iclas katibliyi, X3 Bakı şəhər Nizami rayon DYPŞ-nin polis mayoru X4 tərəfindən qəbul edilmiş 30 aprel 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Nizami rayon DYPŞ-nin polis mayoru X4 tərəfindən qəbul edilmiş 30 aprel 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami rayon DYPŞ-nin Yol Patrul Xidmətinin inspektoru polis baş serjantı X6 tərəfindən onun barəsində AR İXMnin 327.2-ci maddəsi ilə 16 aprel 2025-ci il tarixli TP 7051 190 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Tərtib olunmuş protokol ilə bağlı Bakı şəhəri Nizami rayon DYPŞ-də araşdırma aparılmış və protokolun həqiqəti əks etdirməsi müəyyən olunmamışdır. Buna baxmayaraq işin icraatına xitam verilməmiş və əsassız qərar qəbul olunmuşdur. Belə ki, həmin protokol əsasında barəsində AR İXM-nin 327.2-ci maddəsi ilə (yol ayrıcını keçmə qaydalarını pozma) Bakı şəhəri Nizami rayon DYPŞ-nin polis mayoru X4 tərəfindən 30 aprel 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Qərara əsasən o, 100 manat məbləğində inzibati tənbeh qaydasında cərimə olunmaqla yanaşı törədilmiş xata 3 balla qiymətləndirilmişdir. Hər iki protokol və qərar qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır. O özünə məxsus olan **-HK-*** nömrə nişanlı “Toyota Camry” avtomobili ilə 16 aprel 2025-ci il tarixində axşam saat 18-32 radələrində Bəkir Çobanzadə küçəsində “Xarı Bülbül” restoranı qarşısında yolun solu istiqamətinə keçərkən sağ tərəfindən yaxınlaşan başqa avtomobil onun qarşı tərəfinə keçmişdir. Baş verən hadisəni tam görməyən Nizami rayon DYPŞ-nin Yol Patrul Xidmətinin inspektoru polis baş serjantı X6 ona yaxınlaşaraq inzibati xəta törətməsini iddia etmişdir. O buna etiraz etdikdə polis əməkdaşı protocol tərtib edəcəyini və sonra da araşdıracağını bildirmişdir. Araşdırma qeyri-obyektiv aparıldığından əsassız qərar qəbul olunmuşdur. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş Nizami rayon DYPŞ-nin nümayəndəsi və X1 məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hesab edir ki, hazırki şikayətə Nizami rayon DYPŞ-nin nümayəndəsi və X1nun iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 16 aprel 2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X5 xx.xx.2025-ci il tarixində saat 18:32-də Bakı ş., Bəkir Çobanzadə 70 ünvanı ərazisində "Toyota Camry” minik markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İXM-nin 327.2 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; 30 aprel 2025-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2025-ci il tarixində saat 18:32-də Bakı ş., Bəkir Çobanzadə 70 ünvanı ərazisində "Toyota Camry” minik markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və barəsində 100 manat məbləğində cərimə tətbiq edilmişdir; X1 tərəfindən verilmiş vəsatətə əsasən onun barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə onun yaşayış yeri (Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, H.Araslı 36) üzrə Sabunçu Rayon Məhkəməsində baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Nizami rayon DYPŞ-nin nümayəndəsinin təqdim etdiyi görüntülərə məhkəmə iclasında baxış keçirilmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 "Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, iş materiallarında olan 16 aprel 2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, protokolda sübutlara istinad edilməmiş, ona Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməmiş və bu barədə protokolda müvafiq qeyd aparılmamışdır. Həmçinin, məhkəməyə təqdim edilmiş hadisəni əks etdirən videogörüntüyə baxş keçirilmiş, həmin görüntüdə X3 hansı qayda pozuntusuna yol verməsini müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirliliyini sübut etmə yükü olan inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Təqdim olunmuş video görüntü isə X3 hansı qayda pozuntusunu törətməsini müəyyənləşdirmək üçün yetərli olmamışdır. Beləliklə, X5 barəsində Nizami rayon DYPŞ-nin polis mayoru X4 tərəfindən 30 aprel 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X3 həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Göründüyü kimi, inzibati xəta haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən, araşdırma aparmadan qəbul edilmişdir. Səlahiyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti qismən təmin edilməli, Nizami rayon DYPŞ tərəfindən qəbul edilmiş 30 aprel 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər Nizami rayon DYPŞ-nə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ : X3 şikayəti qismən təmin edilsin. X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə inzibati xəta törətməsinə dair Bakı şəhər Nizami rayon DYPŞ tərəfindən qəbul edilmiş 30 aprel 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Bakı şəhər Nizami rayon DYPŞ-nə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar