Məhkəmə qərarları › İş №3(008)-2803/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2803/2025

10.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2803/2025 10.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi ilə, Şəxs MMC-nin barəsində tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 3 fevral 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. 03 fevral 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Şahid xx.xx.2025-ci il tarixdən bu günkü tarixədək “Qarabağ və Şərqi Zəngəzur” rayonlarında əmək müqaviləsi AR ƏM-də nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bu fakt AR DİN-dən daxil olmuş məlumat əsasında öz təsdiqini tapmışdır. Bununla da Şəxs MMC-nin barəsində tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsi X1 bildirmişdir ki, AR DİN-dən daxil olmuş məlumat əsasında müəyyən olunmuşdur ki, Şahid iş icazəsi alınmışdır. Xidmətin müfəttişi tərəfindən araşdırma aparılan zaman müəyyən olunmuşdur ki, icazənin qeydə alındığı dövr üçün, yəni xx.xx.2025-ci il tarixdən 03 fevral 2025-ci il tarixədək Şahid ƏMAS sistemində əmək müqaviləsi yoxdur. Ona görə də hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibai xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokolu müdafiə edərək hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 bildirmişdir ki, Şahid xx.xx.2024-cü il tarixdə şirkətə elektrik köməkçisi vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2025-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. O, işlədiyi müddətdə işğaldan azad olunmuş bölgələrə ümumiyyətlə getməmiş, burada işləmişdir. Onun işlədiyi müddətdə şirkətə giriş-çıxışı vardır. Sadəcə işçiyə işləyən zaman iş icazəsi alınmış və icazəni qeydə alan qurumda bu saxlanılmışdır. Ona görə şəxs işdən çıxdıqdan sonra tərəfindən əmək müqaviləsinə xitam verilən şəxslərin siyahısı icazəni qeydə alan quruma təqdim edilmişdir. Yəni şirkət tərəfindən Şahid inzibati xəta haqqında protokolda qeyd edilən tarixlərdə işğaldan azad olunmuş bölgələrdə hər hansı işlərin görülməsinə cəlb olunmamışdır. Göstərilənlərə əsasən Şəxs MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, Şəxs MMCdə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək “elektrik köməkçisi” vəzifəsində işləmişdir. İşğaldan azad edilmiş bölgələrə şirkət tərəfindən giriş icazəsi alınmasına baxmayaraq işlədiyi dövrdə şirkətin işi ilə bağlı həmin bölgələrə getməmişdir. Həmin şirkətin Balaxanıda yerləşən ofisində işləmişdir. Şirkət tərəfindən həmin bölgələrdə hər hansı işlərin görülməsinə cəlb olunmamışdır. xx.xx.2025-ci il tarixdən isə əmək müqaviləsinə xitam verilmiş, həmin tarixdən onun həmin şirkətlə heç bir əlaqəsi olmamışdır. Qarabağa başqa şəxsin vasitəsilə getmiş, bu şirkətin ora getməsində hər hansı formada iştirakı olmamış, bu şirkət tərəfindən xx.xx.2025-ci il tarixdən sonra hər hansı işlərin görülməsinə cəlb edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 3 fevral 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şahid xx.xx.2025-ci il tarixdən bu günkü tarixədək “Qarabağ və Şərqi Zəngəzur” rayonlarında əmək müqaviləsi AR ƏM-də nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla da Şəxs MMC AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Əmək müqaviləsindən görünür ki, Şəxs MMC ilə Şahid arasında xx.xx.2024-cü il tarixdə əmək müqaaviləsi bağlanaraq, sonuncu Şəxs MMC-də elektrik köməkçisi işinə qəbul edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Şahid ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.1-53.1.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, qeyd olunan maddənin dispozisiyasından göründüyü kimi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb etməyə görə, hüquqi şəxslərin, vəzifəli şəxslərin və fiziki şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə iclasında Şahid əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işğaldan azad olunmuş rayonlara gedərək orada Şəxs MMC tərəfindən işlərin görülməsinə cəlb edilməsi faktı mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. İnzibati xəta haqqında protokol tərtib edən orqan tərəfindən bunu təsdiq edən kifayət qədər mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək şirkətdə “elektrik köməkçisi” vəzifəsində işlədiyini, işlədiyi dövrdə ümumiyyətlə şirkət tərəfindən işğaldan azad olunmuş bölgələrdə işlərin yerinə yetirilməsinə cəlb edilmədiyini, xx.xx.2025-ci il tarixdən işdən çıxdığını, həmin tarixdən sonra şirkətlə əlaqəsinin olmadığını, qeyd edilən tarixdən sonra şirkət tərəfindən hər hansı işlərin görülməsinə cəlb edilmədiyini bildirmişdir. Yuxarıda qeyd edilən şəxsin inzibati xəta haqqında protokolda qeyd edilən tarixlərdə işğaldan azad olunmuş bölgələrdə əmək müqaviləsi olmadan işlərin görülməsinə cəlb edilməsini təsdiq edən sübut protokol tərtib edən orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. İnzibati xəta haqqında protokol tərtib edən orqan tərəfindən həmin şəxsin DİN informasiya sistemindən əldə edilən məlumatlarda göstərilən tarixlərdə həqiqətən həmin bölgələrə gedib-getməməsi, gedilmişdirsə məhz hansı bölgəyə hansı tarixdə getməsi, orada hansı işlərin görülməsinə cəlb olunması, ona əmək haqqı verilib-verilməməsi müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslərin, vəzifəli şəxslərin və hüquqi şəxslərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin maddə ilə hüquqi şəxsi inzibati məsuliyyətə cəlb etmək üçün mütləq qaydada onun tərəfindən fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı mötəbər sübutlarla müəyyən olunmalıdır. Bunu sübut etmək vəzifəsi isə nə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, nə də məhkəmənin üzərinə düşür. Qanunvericiliyin tələbinə əsasən sübut etmə yükü inzibati xəta haqqında protokol tərtib edən orqanın üzərinə düşür. Məhkəmə ehtimallar əsasında qərar qəbul edə bilməz. Əgər bu ehtimalları aradan qaldıracaq kifayət qədər mötəbər sübutlar təqdim olunmayıbsa, məhkəmə bütün şübhələri inzibati məsuliyyətə cəlb olunan şəxsin xeyrinə həll edərək qərar qəbul etməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi haqqında başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar