Məhkəmə qərarları › İş №3(008)-2882/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2882/2023

02.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2882/2023 02.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhər, Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx xxxxxxx 1997-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, Cəlilabad rayonu, Göytəpə şəhərində qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsi, ev 7 A, mənzil 10-da yaşayan-Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 23:00-da “ZXMCO RZ-250” markalı, 50-A-539 dövlət qeydiyyat nişanlı motosikleti Sabunçu qəsəbəsi, H.Əliyev prospektində müvafiq “A” kateqoriyası olmadan idarə etdiyi zaman manevr qaydasını pozaraq aşmış və yolun sağ kənarında dayanmış vəziyyətdə olan “Mercedes Benz” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə çırpılmışdır. Hadisə nəticəsində avtomobilə maddi ziyan dəymişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törədərək, barəsində 30 may 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2 izahatında göstərmişdir ki, Şəxs oğlu 08 may 2023-cü il tarixdə, saat 23:00-da “ZXMCO RZ-250” markalı, 50-A-539 dövlət qeydiyyat nişanlı motosikleti Sabunçu qəsəbəsi, H.Əliyev prospektində müvafiq “A” kateqoriyası olmadan idarə etdiyi zaman manevr qaydasını pozaraq aşmış və yolun sağ kənarında dayanmış vəziyyətdə olan “Mercedes Benz” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə çırpılmışdır. Hadisə nəticəsində avtomobilə maddi ziyan dəymişdir. Bu səbəbdən də tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Tərtib etdiyi protokolu müdafiə edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs göstərmişdir ki, 08 may 2023-cü il tarixdə motosikleti kateqoriyası olmadan idarə edən zaman qəza törətdiyini etiraf edir. Törətdiyi əmələ görə peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxsə və Bakı şəhəri Sabunçu Rayon Prokurorluğuna inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, zərərçəkmiş şəxs və prokurorluğun nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin və prokurorluğun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məkəmə Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə tutulan pul məbləğidir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, şəxsiyyətini nəzərə alaraq, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sankisiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128, 129-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi və təqdim olunduğu gündən işə baxan Bakı şəhər Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar