Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2907/2024 03.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X8 İmanovanın sədrliyi, Aytən Eldar qızı Səfərovanın katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi Nümayəndə, Şikayət vermiş şəxs X2 iştirakları ilə, X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 15 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 15 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, işçilər X4 və X6 06 mart 2024-cü il tarixdə işə gələrək işə başlamışlar. Sonradan məlum olmuşdur ki, işçilərin əmək müqaviləsi qeydiyyatdan keçməmişdir. Bu barədə mühasibdən soruşduqda o, bildirmişdir ki, sistemdə problem olduğu üçün əmək müqaviləsi saat 12:20-da qeydiyyatdan keçmişdir. Bu hallara və belə halın ilk dəfə baş verməsinə baxmayaraq onun barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs bildirmişdir ki, o, törədilmiş inzibati xətanı etiraf edir. Sadəcə işçilərin hadisə günü əmək müqavilələriinin qeydiyyatdan keçməməsinin səbəbi sistemdə yaranmış problemlə əlaqədar olmuşdur. O, yoxlama zamanı əmək müqaviləsinin artıq qeydiyyatdan keçdiyini düşünmüş, lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsi tərəfindən keçirilmiş yoxlamanın nəticəsində müqavilələrin hələ qeydiyyatdan keçmədiyindən xəbər tutmuşdur. Bundan bir neçə saat sistemdəki problem aradan qalxmış və işçilər X4 və X6 ilə əmək müqavilələri sistemdə qeydiyyatdan keçmişdir. Xahiş edir ki, bu hallar nəzərə alınaraq tərəfindən verilmiş şikayət təmin edilsin. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi Nümayəndə mübahisələndirilən 15 aprel 2024-cü il tarixli, MN ******* saylı qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəməyə təqdim edilmiş sənədləri tədqiq edib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməməli, lakin X2 AR İXMnin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 15 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilməli və həmin qərarla təyin edilmiş cərimə məbləği azaldılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati təbheh vermə haqqında 15 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 tərəfindən 06 martb 2024-cü il tarixdə, saat 11:13-də X4 və digər bir nəfər şəxs əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilmiş, bununla da X2 AR İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 4000 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Səlahiyyətli orqanın nümayəndəsi tərəfindən təqdim edilmiş “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişlər”indən görünür ki, X4 ilə bağlanmış əmək müqaviləsi 06 mart 2024-cü il tarixdə, saat 12:10:19-da, X6 ilə bağlanmış 06 mart 2024-cü il tarixdə, saat 12:02:56-da qeydiyyatdan keçmişdir. Səlahiyyətli orqanın nümayəndəsi tərəfindən təqdim edilmiş videodiskdən görünür ki, X4 və X6 işlərin yerinə yetirilməsinə cəlb edildikləri yerdə videoçəkilişlə 06 mart 2024-cü il tarixdə, saat 11 radələrində onların izahatları alınmış və onlar həmin vaxt artıq əmək funksiyalarının icrasına başladıqlarını etiraf etmişlər. Azərbaycan Respublikası İnzibati Xəatalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəməyə təqdim edilmiş şikayət ərizəsindən görünür ki, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs tərəfindən inzibati xətanın törədilməsini mübahisələndirməmiş və onun AR İXM-nin 192.1-ci maddəsi ilə təqsirli olması iş materiallarında olan sübutlarla, o cümlədən, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin özünün də izahatı ilə öz təsdiqini tapmışdır. Məhkəmə iclasında X3 əslində X4 və X6 ilə 06 mart 2024-cü il tarixdə əmək müqaviləsinin bağlandığını, sadəcə sistemdə problem olması səbəbindən əmək müqaviləsi bildirişinin qeydiyyata alınmadığını, bunun yoxlama zamanı aşkar edildiyini, yoxlamadan qısa müddət sonra həmin müqavilələrinin qeydiyyata alındığını bildirərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etsə də, məhkəmə qeyd edir ki, hər hansı şəxslə bağlanmış əmək müqaviləsi yalnız əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra əmək münasibətlərinin yaranmasına səbəb olduğundan, AR İXM-nin 192.1-ci maddəsinin tərkibinin yaranması üçün əsas şərtin isə məhz Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi olduğundan işçilərin işə cəlb edildiyi zaman əmək müqaviləsinin qeydiyyata alınmadığı və bununla da hələ tərəflər arasında əmək münasibətlərinin yaranmadığı halda həmin şəxslərin işlərin yerinə yetirilməsinə cəlb edilməsi vəzifəli şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün yetərli hesab olunur və sonradan həmin müqavilənin qeydiyyata alınması işəgötürənin əməlində inzibati xəta tərkibinin olmasını aradan qaldıran hal kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Göründüyü kimi qanunverici əmək müqaviləsinin bağlanmasını özü-özlüyündə həmin müqaviləni bağlanmış tərəflər əmək münasibətlərinin yaranması və həmin şəxsin işə cəlb edilməsi üçün kifayət hesab etməməklə mütləq qaydada həmin əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsi ilə şərtləndirmiş və yalnız bundan sonra həmin şəxsin işçi statusuna malik olaraq işlərin yerinə yetirilməsinə cəlb edilməsini mümkün hesab etmişdir. Hazırki halda X1 problem olduğundan əmək müqaviləsinin qeydiyyatdan keçmədiyinə və bu haldan sonradan mühasib vasitəsi ilə xəbər tutduğuna istinad etsə də, məhkəmə qeyd edir ki, işəgötürən olaraq onun bu haldan xəbərsiz olması qəbul edilən hal hesab edilə bilməz. Belə ki, o, işəgötürən olaraq mütləq qaydada əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə elektron qaydada məlumatı aldıqdan sonra işçiləri işə cəlb etmək vəzifəsi daşıyan şəxsdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinə əsasən Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifələrindən biridir. Bununla yanaşı, X3 həm şikayət ərizəsində, həm də məhkəmə iclasında ilk dəfədir ki, belə bir hala yol verdiyini qeyd edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etsə də, məhkəmə qeyd edir ki, hər hansı inzibati xətanın və ya digər qanun pozuntusunun ilk dəfə törədilməsi həmin pozuntuya yol vermiş şəxsin məsuliyyətdən kənarda qalması üçün əsas ola bilməz və hər bir şəxs törətdiyi qanunazidd əmələ görə qanunla müəyyən edilmiş məzuliyyətə cəlb edilməlidir. Odur ki, məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, X3 tərəfindən AR İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Lakin məhkəmə X3 tərəfindən törədilmiş inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən hal kimi onun törətdiyi inzibati xətanı etiraf edərək peşman olmasını, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq X3 barəsində tətbiq edilmiş cərimənin məbləği ilə razılaşmır və həmin cərimənin məbləğinin maddənin sanksiyasının minimum həddinə qədər azaldılmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsadır. Odur ki, məhkəmə qanunvericiliyin tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, X2 AR İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 15 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilməli, X3 barəsində tətbiq edilmiş cərimə yüngülləşdirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X2 İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 15 aprel 2024-cü il tarixli, MN ******* nömrəli qərar dəyişdirilsin. X3 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 15 aprel 2024-cü il tarixli, MN ******* nömrəli qərara əsasən tətbiq edilmiş cərimə məbləği azaldılaraq 4200 manatdan 3000 manata endirilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-2907/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2907/2024
03.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver