Məhkəmə qərarları › İş №3(008)-2918/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-2918/2025

08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-2918/2025 08.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci PŞ-nin polis sahə inspektoru, polis-leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Saatlı rayonu, Şirinbəy kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Saatlı rayonu, Şirinbəy kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə saat 14:47 və 14:48-də 102 xidmətinə zəng edərək məlumatı qəbul edən operatorları təhqir etmişdir. Bununla da Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci PŞ-nin polis sahə inspektoru, polis-leytenantı X3 tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci PŞ-nin polis sahə inspektoru, polis-leytenantı X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun zahat verərək məhkəmədən Şəxs İXM-nin 510 -cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, hadisə baş verən gün sərxoş vəziyyətdə olmuşdur. Onun həyat yoldaşı şəxsiyyət vəsiqəsini apardığı üçün 102 xidmətinə yığaraq onun qaytarılmasını və 3-cü PB-nin onunla əlaqə saxlanılmasını xahiş etmişdir. O zaman əsəbi olduğundan xidmətin operatorlarına qarşı nalayiq ifadələr işlətmişdir. Əməlindən peşmandır. Hal-hazırda AR CM-nin 234-cü maddəsi ilə barəsində cinayət işinin istintaqı aparılır. Müstəntiqin çağırışlarına getməsi üçün barəsində həbs tətbiq olunmamasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi 12-cü PŞ-dən daxil olmuş xx.xx.2025-ci il tarxili, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025ci il tarixdə saat 14:47 və 14:48-də 102 xidmətinə zəng edərək məlumatı qəbul edən operatorları təhqir etmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; İnzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 21:00-da tutulmuşdur; CD diskdə olan səs yazısını dinləyərkən Şəxs 102 xidmətinə zəng edərək operatorların ünvanına qeyri-etik ifadələr işlətdiyi müəyyən edilmişdir. Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs barəsində AR İXMnin 206 və 510-cu maddələri ilə inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-nin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Beləliklə sadalananlara əsasən Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol, Şəxs izahatı və iş materillarında olan digər sənədlər ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə İXM-nin 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əməlində inzibati tənbeh almış şəxsin eyni inzibati xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi ağırlaşdırıcı halının müəyyən edilməsini nəzərə alaraq, hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək barəsində 10 gün müddətinə inzibati həbs tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Sabunçu Rayon Polis idarəsinə və Azərbaycan Respublikası DİN-nin X2 Saxlama Mərkəzinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar