Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-2925/2025 02.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Əsədov Aqil Akif oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi İmanova Səmanə Oruc qızının iştirakı ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin “ABADLIQ-R TTQ” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən hüquqi şəxs “ABADLIQ-R TTQ” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 14 avqust 2024-cü il tarixli, MN 2121510 saylı protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda AR Əmək Məcəlləsinin 7-ci və 49cu maadəsinin tələbləri pozularaq işəgötürən “ABADLIQ-R TTQ” MMC tərəfindən Əli Xankişiyev Natiq oğlu, Emin Sultanov Höccət oğlu 26.07.2024-cü il tarixdən, Sübhan Məmmədov Əkbər oğlu, Qəni Səfərov Yusif oğlu, Qəhrəman Zeynalov Qismət oğlu, Rasim Məmmədov Məcid oğlu, Savalan Mirzəliyev Nəbi oğlu 15.07.2024-cü il tarixdən hazırkı dövrədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb olunmuşdur. "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən təqdim olunan məlumatlar əsasında müəyyən edilmişdir ki, işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış şəxslərin adına Nazirliyin “Əmək və Məşğulluq” altsistemində qüvvədə olan əmək müqaviləsi aşkar edilməmiş və nəticədə “ABADLIQ-R TTQ” MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, işə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, protokola uyğun izahat verərək inzibati xəta haqqında protokol işçi statusu ilə alınan icazə barədə çıxarışa əsaslanılaraq tərtib edildiyindən həmin sübuta qiymət verilməsini və müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarında olan inzibati xəta haqqında protokol və materialları araşdıraraq hesab edir ki, protokol və digər sənədlər düzgün tərtib olunmamış, təqdim edilmiş materiallar natamam olduğu üçün səlahiyyətli orqana geri qaytarılmalıdır. Belə ki, protokolda inzibati xətanın harada törədilməsi, yəni həmin fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hansı yerdə (iş yerində) və hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi qeyd edilməmişdir. Belə bir vəziyyətdə inzibati xətanın harada törədilməsini və mahiyyətini müəyyən etmək olmur. Bu səbəbdən də protokol tərtib etmiş səlahiyyətli orqan inzibati xətanın törədildiyi yeri (konkret yer) və hansı işlərə cəlb olunduğunu müəyyən etməli (mahiyyəti), bundan sonra inzibati xəta haqqında protokolu və materialları rayon məhkəməsində baxmaq üçün göndərməlidir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. Bununla yanaşı, protokolda inzibati xətanın hansı “müəyyən edilmiş sübutlarla” təsdiq edilməsi hissəsində “Azərbaycan Respublikasının Daxili işlər Nazirliyi tərəfindən daxil olan məlumatlar” əsasında təsdiq edildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin “Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Konstitusiya Məhkəməsinin mövqeyini rəhbər tutan məhkəmə qeyd edir ki, hazırda məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol sübutedici qüvvəsi olmayan ittiham yönümlü sənəd olduğundan həmin protokolda göstərilən hallar şahid ifadələri, hadisənin videogörüntüləri və digər zəruri sübutlarla təsdiq olunmalıdır. Lakin hazırkı materialda “ABADLIQ-R TTQ” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inzibati xəta hadisəsinin törədilməsini təsdiq edən heç bir sübuta istinad olunmamış və ümumi sözlərlə hüquqi şəxsin “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən daxil olan məlumatlar” əsasında müvafiq inzibati xətanı törətməsi göstərilmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati xəta hesab olunmuşdur ki, protokolda göstərilən şəxslərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsini təsdiq edən heç bir subut iş materiallarına əlavə edilməmişdir. Bundan başqa, iş üzrə kifayət qədər sübut toplanılmamışdır. Həmçinin sübutlar İXM-nin tələblərinə uyğun toplanmamışdır. Çünki materiallara sübut kimi Əli Xankişiyev Natiq oğlu, Emin Sultanov Höccət oğlu, Sübhan Məmmədov Əkbər oğlu, Qəni Səfərov Yusif oğlu, Qəhrəman Zeynalov Qismət oğlu, Rasim Məmmədov Məcid oğlu, Savalan Mirzəliyev Nəbi oğlunun izahatı əlavə edilməmiş, həmçinin hüquqi şəxsin nümayəndəsinin izahatı alınmamışdır. Halbuki, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 30.08.2024-cü il tarixli, 3(008)-5575 saylı Qərardadı ilə inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından və həmin yanlışlıqları işə baxarkən aradan qaldırmaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsinə geri qaytarılmışdır. Bundan sonra inzibati xəta haqqında protokolu tərtib edən orqan tərəfindən yalnız Məmmədov Sübhan Əkbər oğlunun izahatı alınmış, protokolda adları keçən digər şəxslərin izahatı alınmamış və onların əmək müqaviləsi qüvvəyə minmədən işə cəlb edilməsinin sübuta yetirilməsi istiqamətində hər hansı araşdırma aparılmamışdır. Məmmədov Sübhan Əkbər oğlunun 27.01.2025-ci il tarixli izahatından isə görünür ki, onun hər hansı iş yerindən şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası İXM-nin 100.1.7-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilir. Beləliklə bütün sübutetmə yükü, işin bütünlüklə araşdırılması, sübutların toplanılması yükü məhkəmənin üzərinə atılaraq, səlahiyyətli orqan sadəcə protokol tərtib edib, işi məhkəməyə göndərməklə kifayətlənmişdir. “ABADLIQ-R TTQ” MMC tərəfindən inzibati xəta törədilib-törədilməməsini araşdırmamış, sübut toplanmamışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən Azərbaycan Respublikası İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmçinin şəxsin təqsirliliyinə dair sübutları məhkəmə toplamamalıdır. Bu İXM ilə qadağan edilmişdir. Qeyd edilənlərə əsasən, inzibati xəta haqqında iş üzrə protokol tərtib edilənədək prosessual pozuntulara yol verilməsi və həmin pozuntuların işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə olması son nəticədə protokolun düzgün tərtib olunmamasına, yaxud təqdim edilmiş materialların natamam olmasına, sübutların kifayət etməməsinə dəlalət edir. Beləliklə, məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, materiallar və digər sənədlər düzgün tərtib olunmamış, təqdim edilmiş materiallar natamam olmuşdur, kifayət qədər sübut toplanılmamışdır. Həmin pozuntular işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə prosessual pozuntular kimi qiymətləndirilir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (maddə 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olubolmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb toplanılmamasını (106.0.5) həll etməlidir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Həmin pozuntular protokol tərtib edilənədək yol verilmiş pozuntulardır. Həmipozuntuları işin məhkəmə mərhələsində aradan qaldırmaq mümkünsüzdür. Həmin pozuntuları protokol tərtib etmiş səlahiyyətli orqan aradan qaldırmalıdır. Belə olduğu təqdirdə qərarda göstərilən yol verilmiş pozuntuların aradan qaldırılması üçün inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, QƏRARA ALDI: İnzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Günel Məmmədova
Məhkəmə qərarları › İş №3(008)-2925/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-2925/2025
02.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver