Məhkəmə qərarları › İş №3(008)-3048/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3048/2025

10.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3048/2025 10.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X12 Rafiq oğlunun sədrliyi, X8 qızının katibliyi, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndələri X7 və X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı Regional İdarəsinin inspektoru X3 "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə MN seriyalı ******* nömrəli, 06 may 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, "xxxx" MMC xx.xx.2025-ci il tarixdə saat 14:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi "xxxx" MMC-yə məxsus yük daşımalarını yerinə yetirən “İsuzu” markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, həmin nəqliyyat vasitəsinin sürücüsünün reysqabağı tibbi müayinəsinin təşkil edilməməsi aşkar edilmişdir. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi X7 bildirmişdir ki, reysqabağı texniki müayinənin və sürücülərin reysqabağı tibbi müayinəsi üçün müvafiq məntəqələrin müəyyən edilməsi, həmçinin bu sahədə nəzarəti həyata keçirmək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin vəzifəsi olaraq müəyyən edilmişdir. Həmin məntəqələrin siyahısının müəyyən edilməsi Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli, 1842 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”nin 3.1.24-cü yarımbəndi və “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı tibbi müayinədən keçmələrini təmin edən tibb müəssisələrinin və tibbi müayinədən keçmələrini təmin edən tibb müəssisələrinin və tibbi müayinə məntəqələrinin təyin edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarı ilə təsdiq edilir. Həmin sənədlərə əsasən, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin qanunvericiliklə müəyyən edilmiş qaydada reysqabağı texniki müayinənin və sürücülərin reysqabağı tibbi müayinəsi üçün müvafiq məntəqələrin müəyyən edilməsi, həmçinin bu sahədə nəzarəti həyata keçirmək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin vəzifəsi olaraq müəyyən edilmişdir. Odur ki, reysqabağı texniki müayinənin və sürücülərin reysqabağı tibbi müayinəsi üçün müvafiq məntəqələrin müəyyən edilməsi Agentliyin səlahiyyətinə aid olduğundan və Agentlik tərəfindən müəyyən edilən məntəqələrin siyahısında "xxxx" MMC-nin reysqabağı texniki müayinənin və sürücülərin reysqabağı tibbi müayinəsinin keçirildiyi “Xəzər” klinikası olmadığından (siyahı məhkəməyə təqdim edilmişdir) inzibati xətanın törədilməsi faktı təsdiq edilir. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcıların sərəncamında olan avtonəqliyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli, 71 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası”nın 2 və 3-cü hissələrinə əsasən həyata keçirilir. Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının nəticələrinin qeydiyyatı forması Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilən “Avtonəqliyyat vasitələrinin reysqabağı müayinə jurnalı”nda aparılır. Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının nəticələrinə əsasən daşıyıcıya və ya avtonəqliyyat vasitələrinin sürücülərinə müayinə məntəqəsinin möhürü ilə təsdiq edilmiş arayış verilir. Arayışın forması Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilir. Arayış yalnız texniki cəhətdən qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən avtonəqliyyat vasitələri üçün verilir. Texniki vəziyyətinin reysqabağı yoxlanılması barədə arayış olmadan avtonəqliyyat vasitələri daşımalara buraxılmır. Qaydaların 3-cü bəndinə görə müvafiq tibb müəssisələri tərəfindən sürücülərin reysqabağı tibbi müayinəsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təyin etdiyi hüquqi və ya fiziki şəxslər tərəfindən təşkil edilmiş məntəqələrdə aparılır. Reysqabağı tibbi müayinə hüquqi və fiziki şəxslər tərəfindən əmək və ya mülki hüquq müqavilələri əsasında həyata keçirilir. Reysqabağı tibbi müayinənin nəticələrinə görə forması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilən sürücünün reysqabağı tibbi müayinə kitabçasında müayinə məntəqəsinin möhürü ilə təsdiq edilmiş qeydlər aparılır. Sağlamlıq vəziyyəti tibbi tələblərə uyğun olmayan sürücülər nəqliyyat vasitəsinin idarə edilməsinə buraxılmırlar. Məlum olduğu kimi, “Avtomobil nəqliyyatı haqqında” Qanunun 26.3-cü maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşmalarını yerinə yetirən daşıyıcılar sərəncamlarında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını, sürücülərinin reysqabağı tibbi müayinəsini müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada təşkil etməlidirlər. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanun avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması xidmətlərinin göstərilməsi, həmçinin avtomobil nəqliyyatının infrastruktur obyektləri ilə əlaqədar dövlət orqanları (qurumları), daşıyıcılar, infrastruktur obyektlərinin sahibləri və avtomobil nəqliyyatı xidmətlərinin istehlakçıları arasında yaranan hüquqi və iqtisadi münasibətlərə tətbiq olunur. Bunlarla yanaşı, qeyd edilən faktları təsdiq edən məhkəmə qərarları (Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, 3(009)-831/2025 saylı, Bakı Apellyasiya Məhkəməsinin 19 mart 2025-ci il tarixli, 3(103)-677/2025 saylı, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(105)-156/2025 saylı qərarları (məhkəməyə təqdim edilmişdir)) mövcuddur. Göründüyü kimi, "xxxx" MMC yükdaşıma həyata keçirərkən sözügedən sahəni tənzimləyən hüquqi aktlara riayət etməli idi. Beləliklə hesab edirlər ki, Azərbaycan Respublikası İXM-nin 326-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tərtib olunmuş 06 may 2025-ci il tarixli protokol mövcud qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyindən, "xxxx" MMC inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi X5 digər nümayəndə X4 izahatına oxşar məzmunlu izahat verərək protokolun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə bildirmişdir ki, "xxxx" MMC-nin yük maşınları vasitəsilə malların daşınması fəaliyyəti ilə məşğul olan şirkət olaraq qaydalara əməl etməsini, buna görə də reys qabağı bütün nəqliyyat vasitələrinin texniki vəziyyətinin düzgün təşkil edildiyini və sürücülərin “Xəzər” klinikasında tibbi müayinədən keçirildiklərini bildirmişdir. AYNA tərəfindən istinad edilən hüquqi normalar Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan imperativ normalara ziddir. Belə ki, Mülki Məcəllənin 390-cı maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bundan əlavə olaraq Mülki Məcəllənin 6.1.2 və 6.2-ci maddələrinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir. Hesab edirlər ki, iş üzrə AYNA-nin mülki hüquq subyektləri olan iki kommersiya şirkətinin üzərinə müqavilə bağlamaq öhdəliyinin qoyulmasına dair heç bir hüquqi əsas mövcud ola bilməz. Buna görə də, "xxxx" MMC barəsində tərtib edilmiş 06 may 2025-ci il tarixli inzibati xəta haqqında protokola dair iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 326-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan “Avtomobil nəqliyyatı ilə daşımalar sahəsində pozuntunun aşkar olunması haqqında” xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, Bravo marketin qaşısında "xxxx" MMC-nin (VÖEN **********) mülkiyyətində olan “İsuzu” markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü X6 tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 aprel 2009-cu il tarixli, 71 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası”nın 2.2 və 3.2-ci bəndlərinin tələblərinin pozulduğu aşkar edilmişdir. İş materiallarında olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı Regional İdarəsinin inspektoru X3 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 06 may 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC xx.xx.2025-ci il tarixdə saat 14:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi "xxxx" MMC-yə məxsus yük daşımalarını yerinə yetirən “İsuzu” markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, həmin nəqliyyat vasitəsinin sürücüsünün reysqabağı tibbi müayinəsinin təşkil edilməməsi aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Yerüstü Nəqliyyat X2 sədri Anar Rzayev tərəfindən qəbul edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı tibbi müayinədən keçmələrini təmin edən tibb müəsissələrinin və tibbi müayinədən keçmələrini təmin edən tibb müəssisələrinin və tibbi müayinə məntəqələrinin təyin edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı tibbi müayinədən keçmələrini təmin edən tibb müəssisələrinin və tibbi müayinə məntəqələrinin ünvanlarının siyahısının təsdiq edilməsi qərara alınmışdır. Həmin qərarla təsdiq edilmiş “Reysqabağı texniki müayinə məntəqələrinin siyahısı”ndan görünür ki, müəyyən edilmiş 46 məntəqə sırasında “Xəzər” klinikası yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 326-cı maddəsinə əsasən, sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən sərnişin və yük daşımaları ilə məşğul olan hüquqi və fiziki şəxslər daşımaların təhlükəsiz yerinə yetirilməsinə, ətraf mühitin mühafizəsinə dair Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarının tələblərinə riayət etməlidirlər. Həmin Qanunun 26.3-cü maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşmalarını yerinə yetirən daşıyıcılar sərəncamlarında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını, sürücülərinin reysqabağı tibbi müayinəsini müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada təşkil etməlidirlər. Həmin Qanunun 60-cı maddəsinə əsasən bu Qanunun və avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələblərinə riayət etməyən avtomobil daşıyıcıları, yükgöndərənlər, yükalanlar, daşımaların təşkilatçıları, sərnişinlər və digər şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli, 1842 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”nin 3.1.24-cü bəndinə əsasən, bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin qanunvericiliklə müəyyən edilmiş qaydada reysqabağı texniki müayinəsi, sürücülərin reysqabağı tibbi müayinəsi üçün müvafiq məntəqələrin təyin edilməsi məqsədilə tədbirlər görmək, həmçinin bu sahədə nəzarəti həyata keçirmək Agentliyin vəzifələrinə daxil edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli, 71 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası”nın: 2.2-ci bəndinə əsasən, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını təmin etməlidirlər. 2.3-cü bəndinə əsasən, avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təyin etdiyi hüquqi və ya fiziki şəxslər tərəfindən təşkil edilmiş məntəqələrdə qanunvericiliyə uyğun olaraq həyata keçirilir. 2.8-ci bəndinə əsasən, avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının nəticələrinə əsasən daşıyıcıya və ya avtonəqliyyat vasitələrinin sürücülərinə müayinə məntəqəsinin möhürü ilə təsdiq edilmiş arayış verilir. Arayışın forması Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilir. 2.9-cu bəndinə əsasən, arayış yalnız texniki cəhətdən qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən avtonəqliyyat vasitələri üçün verilir. 2.10-cu bəndinə əsasən, texniki vəziyyətinin reysqabağı yoxlanılması barədə arayış olmadan avtonəqliyyat vasitələri daşımalara buraxılmır. 3.2-ci bəndinə əsasən, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin sürücülərinin (bundan sonra - sürücülər) reysqabağı tibbi müayinədən keçmələrini təmin etməlidirlər. 3.5-ci bəndinə əsasən, reysqabağı tibbi müayinə hüquqi və fiziki şəxslər tərəfindən əmək və və ya mülki hüquq müqavilələri əsasında həyata keçirilir. 3.9-cu bəndinə əsasən, reysqabağı tibbi müayinənin nəticələrinə görə forması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilən sürücünün reysqabağı tibbi müayinə kitabçasında müayinə məntəqəsinin möhürü ilə təsdiq edilmiş qeydlər aparılır. 3.10-cu bəndinə əsasən, sağlamlıq vəziyyəti tibbi tələblərə uyğun olmayan sürücülər nəqliyyat vasitəsinin idarə edilməsinə buraxılmırlar. Məhkəmə tərəfindən araşdırılmış işin faktiki halları ondan ibarətdir ki, "xxxx" MMC mülkiyyətində olan “İsuzu” markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin reysqabağı texniki vəziyyətinin yoxlanılmasını Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X2 sədri Anar Rzayev tərəfindən qəbul edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı tibbi müayinədən keçmələrini təmin edən tibb müəsissələrinin və tibbi müayinədən keçmələrini təmin edən tibb müəssisələrinin və tibbi müayinə məntəqələrinin təyin edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərar ilə təsdiq edilmiş “Reysqabağı texniki müayinə məntəqələrinin siyahısı”nda müəyyən edilmiş məntəqələrin hər hansı birində deyil, şirkətin əməkdaşlıq etdiyi “Xəzər” klinikasında təşkil etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" MMC yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitəsinin sürücüsünün reysqabağı və digər zəruri tibbi müayinəsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada təşkil etməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, MMC-nin hərəkətlərində İXM-nin 326-cı maddəsinin tərkibi mövcuddur. Buna görə də həmin hüquqi şəxsə Azərbaycan Respublikası İXM-nin 326-cı maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tənbeh növü təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 və 326-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 2000 (iki min) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar