Məhkəmə qərarları › İş №3(008)-3152/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3152/2024

08.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3152/2024 08.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X3 İmanovanın sədrliyi, Aytən Eldar qızı Səfərovanın katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 08 may 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 04 may 2024-cü il tarixdə, saat 12:50 radələrində “Chevrolet Cobalt LT” minik markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana Kombinatı küçəsində avtoxuliqanlıq hərəkətləri etmişdir. Bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin polis baş leytenantı X2 barəsində inzibati qaydada icraat aparılan şəxsin avtoxuliqanlıq hərəkətləri edərək insanları narahat etdiyini, onun həmin hərəkətləri etməsinin iş materiallarında olan videogörüntü ilə də təsdiq edildiyini qeyd edərək Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasındakı izahatında düzgün hərəkət etmədiyini qəbul etdiyini, etdiyi əməldən peşman olduğunu qeyd edərək barəsində ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 08 may 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 04 may 2024-cü il tarixdə, saat 12:50 radələrində “Chevrolet Cobalt LT” minik markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana Kombinatı küçəsində avtoxuliqanlıq hərəkətləri etmişdir. Polis əməkdaşı tərəfindən təqdim edilmiş CD diskdə olan görüntülərdən görünür ki, Şəxs yoldan kənarda, boş, heç kəsin olmadığı məhləarası küçədə avtomobilin sürətini artırmaqla irəli hərəkət etmiş və sonra geri dönərək avtomobilini saxlamışdır. Həmin vaxt ərazidə sadəcə bir nəfər kənar şəxs öz avtomobilinin yanında dayanmış, ərazidə başqa şəxs olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir . 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərdir. Həmin qərəzli hərəkətlərə: 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi Karelin Rusiyaya qarşı işi üzrə (xx.xx.2016) qəbul etdiyi qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır. Həmin maddəyə görə “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ... işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati xəta haqqında protokolda rəsmiləşdirən məmurun məhkəmədə işə baxılarkən inzibati xətaya görə təqsiri sübut etmək səlahiyyətinə malik olmadığını, ittihamedici orqanın və ya rəsminin olmaması şəraitində isə ona qarşı ittihamın sübut edilməsi yükünün bütünlükdə hakimin üzərinə düşdüyünü, bunun isə hakimə müdafiə tərəfinin ifadələrini rədd etmək üçün proprio motu arqumentlər axtarmaqdan başqa yol qoymadığını qeyd etmişdir. O, bunun öz növbəsində sübutların qiymətləndirilməsində balansı pozduğunu, nəticədə onun Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu göstərilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sənədləri və videodiskdə olan görüntünü tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs əməlində AR İXM-nin 511.1.3-cü maddəsinin tərkibi olmadığından həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1ci maddəsindən görünür ki, avtoxuliqanlıq xətasının tərkibinin mövcud olması üçün aşağıdakılar mütləqdir.

1. Nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qayda və əhalinin dincliyi nümayişkaranə şəkildə pozulmalı;

2. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməli;

3. Yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulmalı;

4. Və bu hərəkətlər qərəzli olmalıdır. İctimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. Həmin qaydaların pozulması nümayişkaranə şəkildə olmalı, yəni subyekt ictimai qaydanı pozmaqla yanaşı bunu cəmiyyətdə və açıq nümayiş etdirməli, əhalinin dincliyi pozulmalıdır. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə, təqsirkarın özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq, mənəviyyat normalarının “tapdalanması”, bir çox insanların və və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlərin edilməsi başa düşülür. Bu hərəkətləri ilə onu doğuran səbəblər arasında açıq-aşkar uyğunsuzluq olur. Cəmiyyətə açıq hörmətsizlik ifadə edilməsi hərəkətin sosial mahiyyətini əks etdirir, hərəkətin bir qayda olaraq ictimai yerdə, yəni küçədə, kafedə və s. törədilməsini nəzərdə tutur. Yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulma dedikdə, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanunu ilə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün müəyyən edilmiş qaydaların müxtəlif üsullarla (iki və daha artıq üsulla) davamlı (bu hərəkət bir neçə dəfə davam etməlidir) pozulması başa düşülür. Hərəkətlərin qərəzli olması dedikdə, hərəkətlər ehtiyatsızlıqdan baş verməməli, subyekt öz əməlini dərk etməli, onun nəticələrini görməli və bunları arzu etməlidir. İş materiallarında Şəxs avtoxuliqanlıq etməsini, yəni ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etməsini təsdiq edən sübutlar öz əksini tapmamış, tərtib edilmiş inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti isə ümumiyyətlə göstərilməmiş, ümumi sözlərlə şəxsin avtoxuliqanlıq etməsi yazılmaqla həmin hərəkətlərin nədə ifadə olunması, nəyə əsasən məhz avtoxuliqanlıq kimi qiymətləndirilməsi təsbit edilməmişdir. Halbuki, məhkəməyə təqdim edilmiş 11 saniyəlik videodiskdə olan görüntüdən “Chevrolet Cobalt LT” minik markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücünün məhləarası boş bir küçədə avtomobilinin sürətini artıraraq irəli hərəkət etməsi, qəfil geriyə dönməklə bir az irəlidə avtomobili saxlaması görünməkdədir ki, belə olan halda şəxsin sadəcə bir nəfər kənar şəxsin olduğu, yoldan kənar boş bir küçədə avtomobilinin sürətini artıraraq hərəkət etməsinin və qəfildən geriyə dönmə hərəkəti etməsinin ictimai qaydanın və əhalinin dincliyinin nümayişkaranə şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan hərəkətlər kimi qiymətləndirilməsi absurd olmaqla AR İXM-nin 511-ci maddəsinin dispozitiv şərtləri ilə uzlaşmayan haldır. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi Şəxs avtomobilinin sürətini artıraraq idarə etməklə insanları narahat etdiyini göstərsə də, videogörüntüdə hadisə yerində sadəcə bir nəfər şəxsin öz avtomobilinin qapısının yanında dayanması, həmin şəxsin ümumiyyətlə Şəxs avtomobilini sürətlə idarə edərək geri manevr edərək dönməsinə reaksiya verməməsi, ərazidə başqa bir nəfər şəxsin belə olmaması, Şəxs öz avtomobilini yoldan kənar, demək olar ki, heç kəsin olmadığı boş bir ərazidə sürətlə bir neçə saniyə idarə etməsi görünməkdədir ki, bu da səlahiyyətli orqanın nümayəndəsinin şəxsi mülahizələri ilə Şəxs avtoxuliqanlıq edərək insanları narahat etməsinə dair göstərdiyi xüsusatın onun tərəfindən tərtib edilmiş protokol kimi formal xarakter daşımasına dəlalət edir. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi barəsində inzibati qaydada icraat aparılan şəxs tərəfindən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına istinad edərək onun tərəfindən avtoxuliqanlıq edildiyini iddia etsə də, nümayəndə nəzərə almamışdır ki, həmin hərəkətlərin edilməsi özü-özlüyündə inzibati xəta hesab edilmir və həmin hərəkətlərin inzibati xəta kimi qiymətləndirilməsi üçün mütləq qaydada sürücü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərin edilməsi öz təsdiqini tapmalı və AR İXM-nin 511.1.3-cü maddəsindəki hərəkətlər həmin Məcəllənin 511.1-ci maddəsindəki hərəkətlərlə müşayiət olunmalıdır. Lakin hazırki halda məhkəməyə təqdim edilmiş sübutlarla Şəxs əməlində AR İXM-nin 511.1.3-cü maddəsinin tərkibinin olması nəinki sübuta yetirilməmiş, əksinə təqdim edilmiş videogörüntüdən onun əməlində həmin maddənin tərkibinin olmaması açıq-aşkar görünməkdədir. Odur ki, məhkəmənin gəldiyi qənaətə görə Şəxs əməlində AR İXM-nin 511.1.3-cü maddəsinin tərkibi olmadığından onun barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏRARA ALDİ:

Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair iş üzrə icraata onun əməlində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər.

Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar