Məhkəmə qərarları › İş №3(008)-3154/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3154/2025

10.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3154/2025 10.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X11 Rafiq oğlunun sədrliyi, X8 qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X3 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati xəta haqqında” protokol tərtib edilmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, X4 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Şəxs MMC-də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən art direktor vəzifəsində işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X5 protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan X2 5 saylı Bakı Dost Mərkəzinə verdiyi xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, 04 dekabr 2024-cü ildə Çingiz adlı şəxs tərəfindən Şəxs MMC şirkətində “art director” olaraq işləməyə dəvət olunmuşdur. 04 dekabrdan 16 dekabr tarixinədək həmin şirkətdə çalışmışdır. Onunla heç bir əmək müqaviləsi imzalanmamışdır. Lakin, ona vəd verilmişdir ki, həmin ayın sonunda bağlanacaqdır. Buna baxmayaraq onunla yanaşı digər iş yoldaşları ilə də əmək müqaviləsi bağlanmamışdır. Ümumilikdə, MMC-də bir neçə əməkdaşla əmək müqaviləsi olmuşdur, digər şəxslər müqavilə olmadan işə cəlb edilmişdirlər. Şirkətin sahibi isə Elvin Səfərli adlı şəxsdir. İşə başlayarkən Şəxs MMC ilə 1200 manat məbləğində aylıq əmək haqqı ilə razılaşmışdırlar. Bununla yanaşı, şirkətin işi üçün taksi xidmətinə 18.40 manat məbləğində ödəniş etmişdir. O, işdən həmin MMC ilə aralarında olan anlaşmazlıq səbəbilə ayrılmışdır. Şirkət həftəsonları əlavə işlədir, iclaslar salır, üstəlik Çingiz adlı şəxs problemlər çıxarırdı. Bu səbəbdən işdən ayrılsa da, onunla 2 həftəlik işlədiyi müddətin haqq-hesabı edilməmiş, 18.40 manat məbləğində əlavə çəkdiyi xərc ödənməmişdir. Bundan sonra yanvar ayında şirkətin mühasibatı Aysel adlı xanımla telefon əlaqələri saxlayarkən ona bildirilmişdir ki, ayın sonunda ödənişlər ediləcəkdir. Amma heç bir ödəniş edilmədi. Yenidən fevral ayında əlaqə saxlamağa çalışsa da, heç bir zəng və mesaja cavab verilməmişdir. Daha sonra aprel ayında əlaqə saxlamaq mümkün olduqda o, ödənişlərin şirkətin rəhbəri Elvin Səfərlidə olmasını, ondan istəməsini bildirmişdir. Elvin Səfərli ilə mütəmadi əlaqələrin saxlanmasına baxmayaraq, zəng və mesajları cavablamamış, onun nömrəsini blok etmişdir. Sonunda o, şirkətlə əlaqə saxlayıb bu məsələ ilə bağlı X6 Xidmətinə şikayət edəcəyini bildirmişdir. İş materiallarında olan X1 5 saylı Bakı Dost Mərkəzinə verdiyi xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, o, Şəxs MMC-də xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək “Videoqraf” vəzifəsi üzrə çalışmışdır. Həmçinin şahidlik edir ki, X4 onun çalışdığı müddət ərzində (xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixədək) “art director” vəzifəsində çalışmışdır. Bildirmişdir ki, X10 Səfərli və Çingiz Dəmirov tərəfindən işə cəlb olunmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən, həmin Məcəllənin tələblərinə əməl edilməklə bağlanan əmək müqaviləsi əmək hüquq münasibətlərini tənzimləyən yazılı sənəddir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 1-ci və 3-cü maddələrinə əsasən, işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir və işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə əmək müqaviləsi (kontraktı) adlanır; Həmin Məcəllənin 7-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. Həmin Məcəllənin 42-ci maddəsinin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 49-cu maddəyə əsasən:

1. Bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir.

3. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsində müəyyən edilmiş hallarda bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış hesab olunur və hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən Şəxs MMC tərəfindən əmək müqaviləsi bağlanmadan və elektron informasiya sisteminə daxil edilmədən işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, işəgötürən Şəxs MMC ilə X4 arasında ümumiyyətlə əmək müqaviləsi bağlanmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış X6 Xidmətinin Bakı Şəhər İdarəsi Şəxs MMC tərəfindən işçilərin əmək müqaviləsinin elektron informasiya sisteminə daxil edilməməsinə dair pozuntuya yol verilməsini aşkar etməklə işəgötürən tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş Şəxs MMC barəsində haqlı olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir. Beləliklə, məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsi hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi, bununla da Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. (İXM-in 32-ci və 33-cü maddələri). Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh növünün tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 18.5, 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 20000 (iyirmi min) manat miqdarında inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar